Azərbaycan Çikaqoda keçiriləcək 6-cı İllik İpək Yolu Konfransının əsas tərəfdaşı olacaq

Azərbaycan Çikaqoda keçiriləcək 6-cı İllik İpək Yolu Konfransının əsas tərəfdaşı olacaq
# 15 iyul 2011 11:00 (UTC +04:00)
Vaşinqton. İzabel Levin – APA. Azərbaycan gələn həftə Çikaqoda keçiriləcək 6-cı İllik İpək Yolu Konfransının əsas tərəfdaşı olacaq. Bu barədə APA-nın Vaşinqton müxbirinə tədbirin təşkilatçıları bildirib.

“Qlobal Enerji Təhlükəsizliyi” mövzusuna həsr olunacaq konfrans İllinoys Texnologiya İnstitutunda iyulun 20-də keçiriləcək.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov tədbirdə “Xəzər hövzəsinin və enerji resurslarının əhəmiyyəti” mövzusunda çıxış edəcək. Pakistanın Çikaqodakı baş konsulu Zahir Pərvaiz Xan, Rumıniya baş konsulluğunun iqtisadi məsələlər üzrə müşaviri Qabriyel Dutu, Türkiyənin Çikaqodakı baş konsulu Fatih Yıldız enerji təhlükəsizliyi üçün regional dəhliz məsələləri, həmçinin “Nabucco”-nun əhəmiyyətindən danışacaqlar.

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Gülmirə Rzayeva “Regionun iqtisadi reallıqları” mövzusunda çıxış edəcək. Konfransda Ankaranın Hacettepe Universitetinin professoru Özgür Arslan Apaydının da çıxışı nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR