Mübariz Əhmədoğlu: “İranlı iş adamlarının Azərbaycan Respublikasındakı fəaliyyətinə və davranışına yenidən baxmaq daha faydalı olardı”

Mübariz Əhmədoğlu: “İranlı iş adamlarının Azərbaycan Respublikasındakı fəaliyyətinə və davranışına yenidən baxmaq daha faydalı olardı”
# 20 iyul 2011 11:52 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, qaydalı-qaydasız, ağıla batmamasından, məntiqə və dinə uyğun olub-olmamasından, abıra sığıb-sığmamasından asılı olmayaraq, İran bütün vasitələri işə salıb ki, Azərbaycan zəifləsin. Azərbaycan isə zəifləmir, əksinə, getdikcə güclənir.

İqtisadi əlaqələrin rəsmi Tehranın əlində Azərbaycana qarşı vasitələrdən biri olduğunu qeyd edən M. Əhmədoğlunun fikrincə, hazırda iqtisadi əlaqələr sınaq mərhələsindədir: “Əgər İranın Azərbaycandakı iş adamları üzərində qurduğu müxtəlif çeşidli texnologiyalar effekt verəcəksə, İran bundan daha uzun müddət istifadə edəcək. Məhz bu parametrləri nəzərə alaraq İranın Azərbaycandakı iş adamlarının fəaliyyətinə yenidən baxmağın vaxtıdır. Rəsmi Tehran Azərbaycandakı iranlı iş adamlarının guya hüquqlarının pozulması məsələsini rəsmi Bakıya təzyiq elementi kimi gündəliyə gətirməyə cəhd edir. İranda bu, təkcə siyasətçilərin və ya ekspertlərin fikri deyil, həm də rəsmi Tehranın mövqeyidir. İranlı iş adamlarının Azərbaycanda qazandığı pulun böyük əksəriyyəti Azərbaycan dövlətçiliyinin əleyhinə sərf olunur. İranlı iş adamları Azərbaycana bir neçə dilim qarpız, pendir və bir şüşə “Fanta” ilə dini məclis yola vermək ənənəsini gətirdilər. Azərbaycanda belə ənənənə olmayıb, dini məclis ləyaqətlə keçirilməlidir. İmkanı olmayan ailələr dini məclislərini ərzaqla yox, ibadətlə rövnəqləndiriblər. İranlıların icad etdiyi metod Azərbaycanda həmişə uca tutulmuş islam ənənələrinə ziddir. Bütün bunları nəzərə alaraq iranlı iş adamlarının Azərbaycandakı fəaliyyətini kifayət qədər ciddi təftiş etmək lazımdır”.

Politoloq hesab edir ki, iranlıların müxtəlif ölkələrdə qazandığı pulların təmizlənməsinə və saflaşdırılmasına ciddi ehtiyac var: “İran üçün belə müqəddəs yer yalnız Ermənistan ola bilər. İranlılar əgər Ermənistana gedəcəksə, Ermənistan qazanacaq, İran arzusuna çatacaq. Azərbaycan Respublikasının daxili təhlükəsizliyi bir az da möhkəmlənəcək.
Dünyada, xüsusən, müsəlman dünyasında yeni yayılmağa başlamış bir iqtisadi meyli yada salmaq istəyirəm. Fikrimi çox konkret və aydın çatdırmaq üçün bu yeni iqtisadi siyasəti aparan dövlətlərdən birinin adını açıqlayacağam. Səudiyyə Ərəbistanı öz ölkəsində, öz daxilində, öz iqtisadiyyatında ayrı-ayrı seqmentlər yaradaraq qeyri-rəsmi şəkildə bu seqmentləri marağı olduğu müsəlman dövlətlərinə təqdim edir. Hal-hazırda Mərkəzi Asiya regionunun üç respublikasında bu iş qurulur. Tutaq ki, əslən tacikistanlı olan, Tacikistanda yaşayan iş adamına Səudiyyə Ərəbistanın müəyyən bir sahəsinə, məsələn xalça ticarəti sahəsinə investisiya qoymaq təklif edilir. Bir neçə belə iş adamları Səudiyyə Ərəbistanında yerləşdirilir və həmin tacikistanlı iş adamları Tacikistanın müasir və savadlı gənclərini Səudiyyə Ərəbistanında yaratdıqları bu biznesə cəlb edirlər. Təbii ki, bu, Səudiyyə Ərəbistanı tərəfindən uzağa hesablanmış addımdır. İranın siyasəti belə deyil. İran bu gün Azərbaycan gəncinə bir dilim qarpız, bir tikə çörək verib onu hakimiyyəti tənqid etməyə, dövlət əleyhinə çıxmağa məcbur edir.

İranın Səudiyyə Ərəbistanının metodu ilə işləməyə imkanı və resursu yoxdur. Səudiyyə Ərəbistanın iqtisadiyyatı və bəzi parametrlərinə görə dünyanın birinci iyirmilikdə olduğu halda, İran ikinci yüzlüyün astanasındadır. Amma İran bacarıqlı hesab edib Azərbaycan Respublikasına göndərdiyi iş adamlarını geri qaytarıb onların bacarığından daha səmərəli istifadə etməklə öz dövlətini gücləndirə bilər. Əgər İran həqiqətən də güclü, regionda və dünyada baş vermiş hadisələrə təsir imkanı olan dövlət olmaq istəyirsə, onda ABŞ və Səudiyyə Ərəbistanı kimi dövlətlərin təcrübəsinə daha çox diqqət yetirməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR