Mübariz Əhmədoğlu: “İranın Azərbaycandakı mollabaşısının fəaliyyəti dövründə narkotika İran-Azərbaycan münasibətlərinin brendinə çevirilib”

Mübariz Əhmədoğlu: “İranın Azərbaycandakı mollabaşısının fəaliyyəti dövründə narkotika İran-Azərbaycan münasibətlərinin brendinə çevirilib”
# 15 avqust 2011 09:58 (UTC +04:00)
Bakı-APA. “İranın təsiri altında olan islamçıların aktivliyi artıb. Qarşıda hansısa aksiya planlaşdırdıqları aşkar hiss olunur. Dərs ilinin başlanğıcı və hicab məsələsi ilə əlaqəli məlumatlar paralel hallandırıldığı üçün onların aksiyasının ehtimali tarixini də dərs ilinin başlanğıcı hesab etmək olar”. APA-nın məlumatına görə, bu fikirlər politoloq, Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğluna məxsusdur.

Politoloq bildirib ki, mətbuatda “Eurovision” Mahnı Müsabiqəsi ilə əlaqədar dərs ilinin sentyabrın 1-də başlanacağı ilə bağlı şayiələr yayılıb: “Dərs ili sentyabrın 1-də başlayarsa, İranın “Allaha yaxın” mollaları orucluq bayramını sentyabrın birinə sala bilərlər. Belə hal Beynəlxalq Qüds gününün tarixinin müəyyən olunmasına təsir edə bilər. Ona görə dərs ilinin başlanğıcı ilə bağlı buraxılan şayiələri təsadüf hesab etmirik. Bu və buna bənzər digər şayiələrin mənbəyinin İranın Bakıdakı Mədəniyyət Mərkəzinin rəhbərliyinin olduğunu ehtimal etmək olar. Eyni zamanda İranın ali dini liderinin Azərbaycan Respublikası üzrə səlahiyyətli nümayəndəsi olan Ocaqnecatın az qala 20 ilə yaxın fəaliyyəti dövründə İran-Azərbaycan münasibətlərində müsbət heç bir şey baş verməyib.
a) İran-Azərbaycan sərhədində narkotik axını o səviyyədədir ki, bunu birmənalı şəkildə İran-Azərbaycan münasibətləri üçün İranın müəyyənləşdirdiyi gerb və ya rəmz kimi başa düşmək olar. İran sərhədçiləri Azərbaycana keçirilən narkotik maddələrin qarşısını almırlar. Özlərini hər şeyə qadir hesab edən İran hərbçilərinin narkotikanın qabağında “qüdrətləri” sınırsa, bunu da təsadüfi hesab etmək lazım deyil;
b) İran-Azərbaycan münasibətlərinin uzaqlaşması fonunda İran-Ermənistan münasibətləri xeyli yaxınlaşıb;
c) Əhəd Qəzaidən(2000-2004 ci illər) sonrakı bütün səfirlər bu şəxs tərəfindən idarə olunub. Ona görə səfirlik bir lazımsız quruma çevrilib;
ç) İslam Partiyası oyuncaq quruma çevrilib. İslam Partiyasına son vaxtlar yalnız zombiləşdirilmiş adamlar rəhbərlik ediblər. Partiyanın yuxarı eşelonunda normal dünyagörüşünə malik, diniliklə dünyəviliyi birləşdirməyi bacaran adamların olmasına baxmayaraq Ocaqnecat yalnız zombilərin rəhbərliyə çıxmasına icazə verib. Rəftar prinsipləri “Ağlım Ocaqnecatın cibindədir” olan şəxslərin fəaliyyəti nəticəsində bu gün islamçıların böyük əksəriyyəti həbsxanadadır;
d) Ümumiyyətlə İranda din siyasətə xidmət edir. İranın Azərbaycana qarşı siyasətində bu daha bərbad vəziyyətdədir: Din siyasətin nökərinə çevrilib. Məscidi Ramazan ayında topla dağıdan, islami partiyaların fəaliyyətini qadağan edən, qadınları hicabsız gəzən Suriyanı İran hər vasitə ilə müdafiə edir. Bundan xeyli yumşaq parametrli Azərbaycanı isə az qala məhv etməyə hazırlaşır;
e) Ocaqnecat Azərbaycanda fəaliyyətə başladığı dövrdə İran İslam Respublikası Azərbaycan Respublikasının birinci və ya ikinci ticarət ortağı idi. İndi Azərbaycanda xarici ticarət dövriyyəsi 20 dəfədən çox artmasına baxmayaraq, İranla Azərbaycan arasındakı xarici ticarət dövriyyəsi demək olar ki, həmin rəqəmdə dayanıb. Ticarət ortaqlığına görə İran indi Azərbaycanın təxminən 10-cu tərəfdaşıdır.
ə) Ocaqnecatın fəaliyyəti dövründə Azərbaycanda onların təsiri altında olan adamlar arasında dini mədəniyyət pisliyə doğru transformasiya olunur. İran televiziyalarının rəsm, nəqqaşlıq və sair formalarla təqdim etdiyi Aşura mədəniyyətinin Azərbaycanın möminləri tərəfindən normal qəbul ediləcəyinə şübhə ilə yanaşıram. Müasir Azərbaycanda müxtəlif din və təriqətlərin təsirlərini gücləndirməyə cəhd etmələri də nəzərə alınmalıdır. Ehsan mədəniyyəti Azərbaycan dindarlarının mənəviyyatına uyğun deyil. Dini ayinlərin tarixinin müəyyənləşməsi ənənəsi dağılır.

Ərdəbilli Ocaqnecatın DAK-dakı ərdəbillilərə münasibəti daha maraqlı mənzərə yaradır. Bəri başdan deyək ki, DAK-ın daxili işinə qarışmaq, tərəflərdən hansısa birini dəstəkləmək fikrindən çox uzağıq.Narazıları tam haqsız,Ə. Tağızadəni qüsursuz hesab etmirik.
Dünya Azərbaycanlılarının III Qurultayından dərhal sonra DAK-ın daxilində çıxan narazılıqla bağlı yayılan informasiyalardan təşkilat daxili narazılığın bir müddət əvvəl başladığını anlamaq olur. Eləcə də, əslən Cənubi Azərbaycanın Ərdəbil ostanından olan Əjdər Tağızadənin və digərlərinin əsas narazılıq mənbəyi olduğunu başa düşmək olar. Təsadüf elə gətirib ki, DAK-dakı ərdəbillilərlə Ocaqnecat eyni və ya qonşu kəndlərdəndirlər; bir-birinin keçmişinə, uşaqlığına yaxşı bələddirlər. Heç bir ocaq və sülalə təmsilçiliyi olmayan Ocaqnecatın Azərbaycan Respublikasında bu vəzifəyə təyin olunmasının tarixçəsinin və ondan əvvəl baş verən prosesləri DAK-dakı ərdəbillilər çox yaxşı bilirlər. Bu yerdə mən İran parlamentinin spikeri Əli Laricaninin Bakıya səfərini Bakıda və Gəncədə Ocaqnecatın arxasında namaz qılmasını və bu namazın ictimai nümayişini yada salmaq istəyirəm. Vaxtilə Ərdəbilin dağ-dərəsində at-eşşək dalında dayanan, otaran Ocaqnecatın arxasında indi Əli Laricani kimi vəzifəli şəxs, akademiklər, professorlar namaz qılır. Onun bu keçmişi və DAK-dakı ərdəbillilərin buna bənzər məlumatlara malik olması, görünür, Ocaqnecatda kompleks yaradıb, amma gecdir. Ocaqnecatın arxasında namaz qılan akademik, professor, özünü abırlı bilən savadlılar müəyyən qədər bu məsələdən məlumatlıdırlar. Və bu məlumatlanma DAK-dakı ərdəbillilərin DAK-da qalıb-qalmamasından asılı olmayaraq davam edəcəkdir. Görünür, Ocaqnecat reallaşdırmağa cəhd etdiyi inqilabın başlanğıcında Əjdər Tağızadənin mətbuata çıxıb onun keçmişindəki belə hadisələrdən danışmağa başlamasından ehtiyatlanır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR