VHP Siyasi Şurası İranda baş verən son proseslər və milli düşüncə sahiblərinin zorakılığa məruz qalması ilə bağlı bəyanat yayıb

VHP Siyasi Şurası İranda baş verən son proseslər və milli düşüncə sahiblərinin zorakılığa məruz qalması ilə bağlı bəyanat yayıb
# 29 avqust 2011 11:02 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurası İranda baş verən son proseslər və milli düşüncə sahiblərinin zorakılığa məruz qalmasıyla bağlı bəyanat verib. VHP-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bəyanatda bildirilir ki, son günlər İranda baş verən hadisələr ciddi narahatlıq doğurur. Vətəndaşların etiraz aksiyalarına qarşı amansızlıq göstərilməsi təəssüf hissi ilə müşahidə edilir. Urmiya və Təbrizdən kütləvi həbslər haqda xəbərlər gəlir. Etiraz aksiyaları Urmiya gölünün qurumasının qarşısını almaq üçün İran hökumətinin heç bir tədbir görməməsinə qarşı yönəlib.

Bəyanatda qeyd olunur ki, son 6 ildə Urmiya gölünün suyu qurumağa başlayıb. Son iki ildə isə bu proses daha da sürətlə gedir. Demək olar ki, gölün 60 faizi quruyub. Yaxın 2 ildə gölün tamamilə quruması gözlənilir. İran hökuməti gölün ətrafını hasarlayıb, gölün qurumaması üçünsə heç bir tədbir görmür. Gölün quruması nəticəsində gölün yerində 10 milyon ton duz qalacaq, bu da ətraf mühitə zərər vuracaq, orada yaşayanlarda müxtəlif xəstəliklərin yaranmasına səbəb olacaq. Ətrafda yaşayanlarsa azərbaycanlılardır. İranın millət vəkilləri isə gölə Araz çayından su çəkilməsi üçün pul ayrılmasının əleyhinə səs veriblər. Təklif ediblər ki, gölün ətrafında yaşayan azərbaycanlılar başqa şəhərlərə köçürülsünlər.

Avqustun 24-də milli fəallar olan Mustafa və Murtaza Əvəzpur qardaşlarının açdıqları iftar süfrəsinə yığışan 30-a yaxın azərbaycanlı elə oradaca tutularaq ETTELAAT-ın (İran Kəşfiyyat Nazirliyi) Təbriz şöbəsinə aparılıb. Avqustun 25-də isə «Traktorsazi»nin Təbrizdəki oyununu izləyən daha bir neçə milli fəal həbs olunub. Ərdəbildə də bir neçə fəalın saxlanması barədə məlumat var.

Avqustun 27-də isə İranda Urmiya və Təbriz şəhərlərində azərbaycanlı milli fəallar kütləvi etiraz aksiyaları keçiriblər. Küçələrə axışan adamlar Urmiya gölünün qurumasının qarşısını almaq üçün hökumətin heç bir tədbir görməməsinə, milli azadlıq tələb edənlərin həbsə atılmasına etiraz ediblər. İnsan haqları qrupları hüquq-mühafizə orqanları ilə toqquşmalar olduğunu xəbər verirlər. Polisi Urmiya və Təbriz şəhərlərində gözyaşardan qazdan istifadə edib.

“Bu həbslər qanunsuzdur. Aksiya iştirakçıları mədəni şəkildə etirazlarını bildiriblər. Urmiya gölü quruyur və bu təhlükəlidir. İnsanların haqqıdır ki, buna etirazlarını bildirsinlər. İran hökuməti növbəti dəfə insani haqlarına olan sayğısızlığını ortaya qoydu. On illərlə insan haqlarını kobud surətdə pozan İran adlanan rejim son illər repressiya siyasətini daha da gücləndirib. Təbriz və Tehranda vətəndaşların siyasi və milli düşüncəyə görə kütləvi həbsi, onlara işgəncələr verilməsi, beynəlxalq hüquqla təsbit olunmuş azadlıqlarının tanınmaması, insan haqlarına meydan oxumaq və öz vətəndaşlarına qarşı aqressiv repressiyadır. Dünya insan azadlıqlarına, demokratik dəyərlərə hörmətsizliyə susa bilməz. İran keçmiş SSRİ kimi koloniya yaradaraq özünü dünyadan təcrid edib. Bu ölkə 30 ildən artıqdır xalqa cəhənnəm əzabı verilir. Şəriət qaydalarını hakim tutan rejim siyasətdə İslama zidd gedərək öz maraqlarını təmin etməklə, özünə gün ağlamaqla məşğuldur. Bu ölkədə müxalifətçilərin təqib, təzyiq və təhqir olunması, soydaşlarımızın təhqir olunması, ana dilinə qadağa qoyulması, etiraz edənlərin həbsi, işsizlik və zillət içində yaşaması İranın siyasi hakimiyyətinin mahiyyətindən xəbər verir. Regionda baş verən son hadisələrdən ibrət götürməyərək öz avtoritar ənənələrinə sadiq qalması onu göstərir ki, İran rejimini də Hüsnü Mübarək və Müəmmar Qəddafi diktaturalarının aqibəti gözləyir”, - deyə bəyanatda vurğulanır.

VHP bildirir ki, «İslam» və «respublika» adına iddia edən İran rejimini bu insanlığa, dinə və əxlaqa sığmayan əməllərdən çəkinməlidir: “Müqəddəs Ramazan bayramı günlərində İran hökumətinin son əməlləri heç bir dini və siyasi prinsiplərə sığmır. İslam dinində ayların sultanı sayılan ramazan ayında, iftar süfrəsi ətrafında cəmləşən insanların həbsi nə insanlığa, nə İslama, nə də beynəlxalq hüquqa sığır. Vətəndaş Həmrəyliyi Partiyası repressiyaları kəskin şəkildə pisləyir və insan haqlarının heç bir ölkənin daxili işi olmadığını bir daha xatırlatmaqla, İran rejimindən repressiyalara son qoymağı tələb edir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR