Türkiyə vətəndaşları Azərbaycan prezidentinə təşəkkür məktubları göndərirlər

Türkiyə vətəndaşları Azərbaycan prezidentinə təşəkkür məktubları göndərirlər
# 02 noyabr 2011 14:36 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Türkiyə vətəndaşları Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür məktubları yazıblar. APA-nın məlumatına görə, Vanda baş vermiş zəlzələdən dərhal sonra Azərbaycandan axtarış-xilasetmə dəstəsi və digər yardımlar göndərilməsi ilə bağlı İlham Əliyevə təşəkkür edilib.

Ankara şəhərindən Ərdəm Kəskin yazır: “Zəlzələdən 108 saat sonra ümidlərin bitdiyi bir vaxtda belə, Azərbaycan xilasediciləri işləri dayandırmayaraq, İsa adlı bir gəncimizi xilas etdilər. Türkiyə Respublikasının sıravi vətəndaşı olaraq axtarış-xilasetmə dəstəsinin bütün üzvlərinə və sizə təşəkkürümü çatdırmaq istərdim”.

Ankara şəhərindən daha bir nəfər - Hakan Şən yazır: “Azərbaycan dövlətinin Türkiyəyə - zəlzələ bölgəsinə dərhal kömək göndərməsi bu iki ölkənin qardaş olduğunu bir daha təsdiq etdi. Türkiyənin arxasında hər zaman belə bir qardaş ölkənin durduğunu bilmək qürur doğurur. Bu, bütün millətlərinin bu qardaşlığı dərk etməsinə də böyük təsir göstərib, heç bir iki dövlətin bizim kimi bir dövlət ola bilməyəcəyini bir daha sübut edib. Türkiyə vətəndaşlarına göstərdiyiniz köməyə görə zəlzələdən zərər çəkənlər, ölkəm, onun vətəndaşları və şəxsən öz adımdan təşəkkürlərimi bildirirəm”.

Konya şəhərindən Fikrət Dönə isə yazır: “Çox hörmətli Cümhurbaşkanım, ölkəmizin Van şəhərində baş vermiş zəlzələdən zərər çəkənlərə göstərdiyiniz həssas münasibətə və yardımlara görə Sizə və qardaş ölkəm Azərbaycana sonsuz təşəkkürlərimi bildirirəm. İnşallah, Vətənim və qardaş Vətənim Azərbaycanda belə bir fəlakət təkrar yaşanmaz”.
Qeyd edək ki, bu oktyabrın 23-də Vanda 7,2 bal gücündə zəlzələ baş verib. Rəsmi məlumatlara görə, zəlzələ nəticəsində 601 nəfər ölüb, 4152 nəfər yaralanıb, 188 nəfər dağıntılar altından sağ çıxarılıb.

Azərbaycan ümumilikdə Türkiyəyə yardım olaraq 1250 çadır, 6050 ədyal, 40 generator, 40 mətbəx dəsti, 850-dən çox isti yataq dəsti göndərib. Azərbaycandan Türkiyəyə göstərilən yardımın ümumi məbləği 1 milyon 800 min ABŞ dolları həcmindədir.

Zəlzələ bölgəsində aparılan xilasetmə əməliyyatlarında Azərbaycan FHN-in 213 xilasedicisi və kineloji xidmətinin itləri iştirak edib. Azərbaycan xilasediciləri dağıntılar altından 12 nəfəri xilas edib, 60 cəsəd çıxarıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR