Azərbaycan və Macarıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan və Macarıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
# 11 noyabr 2011 14:16 (UTC +04:00)
APA-nın məlumatına görə, P. Şmittin Azərbaycana ilk rəsmi səfərinin tarixi xarakter daşıdığını vurğulayan prezident İ. Əliyev bugünkü müzakirələrin Macarıstan-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu bir daha təsdiq etdiyini deyib.

Ölkələr arasında siyasi əlaqələrin sınaqdan keçdiyini, dövlətlərin beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq etdiyini bildirən prezident iqtisadi sahədə də səmərəli əməkdaşlıq üçün yaxşı potensialın olduğunu vurğulayıb.

Dövlət başçısı deyib ki, danışıqların gedişində regional təhlükəsizlik məsələləri, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli də müzakirə mövzularından biri olub: “Münaqişə öz həllini yalnız beynəlxalq hüquq normaları əsasında tapmalıdır”.

Müzakirə olunan mövzulardan birinin də energetika sahəsində əməkdaşlıq məsələsi olduğunu qeyd edən prezident İ. Əliyev Avropa Birliyi-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini, Macarıstanın bütün dövrlərdə bu əməkdaşlığa dəstək verdiyini bildirib.

Danışıqlarda humanitar sahədə əlaqələrin də diqqət mərkəzində olduğunu deyən prezident İ. Əliyev Azərbaycanın Macarıstanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb.

Sonda dövlət başçısı bir daha Macarıstan prezidentinin Azərbaycana səfərinin ölkələr arasında əlaqələrin genişləndirilməsinə təkan verəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində, P. Şmitt bildirib ki, Macarıstan Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Bu gün çox mühüm danışıqların aparıldığını qeyd edən Macarıstan prezidenti deyib ki, ölkəsi kənd təsərrüfatı, suvarma, suyun təmizlənməsi və digər sahələrdə böyük təcrübəyə malikdir. Bu gün bütün Avropanın diqqətinin enerji ehtiyatları ilə zəngin olan Azərbaycana yönəldiyini vurğulayan P. Şmitt ölkələr arasında mədəniyyət, təhsil, elm, ticarət sahələrində əməkdaşlığın hazırkı vəziyyətindən və perspektivlərindən də danışıb.

Macarıstan prezidenti əmin olduğunu bildirib ki, bu gün imzalanan sənədlər ölkələr arasında əlaqələrin daha da genişləndirilməsinə yeni stimul verəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR