Amerikalı politoloq: “Beynəlxalq hüquq normalarına görə Dağlıq Qarabağ ermənilərinin Ermənistana birləşmək istəyi separatizm hesab olunur”

Amerikalı politoloq: “Beynəlxalq hüquq normalarına görə Dağlıq Qarabağ ermənilərinin Ermənistana birləşmək istəyi separatizm hesab olunur”
# 14 noyabr 2011 12:52 (UTC +04:00)
Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında Karnegi Fondu və ABŞ-ın Milli Təhlükəsizlik Arxivinin birgə təşkilatçılığı ilə “Sovet İttifaqının süqutundan sonra milli münasibətlər” mövzusunda beynəlxalq konfrans keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, ABŞ və Rusiyadan olan ekspertlər Azərbaycan-Ermənistan münaqişəsinin tarixi və müasir tendensiyaları ilə bağlı mövqelərini bildiriblər.

Amerikalı politoloq və tarixçi alim, SSRİ-nin sabiq rəhbərləri Nikita Xruşşov və Mixail Qorbaçov haqqında maraqlı avtobioqrafik kitabların müəllifi Uilyam Taubman deyib ki, SSRİ-nin süqutuna səbəb olan amillərdən biri Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Mixail Qorbaçovun acizlik göstərməsi olub: “Mixail Qorbaçov münaqişəni güc tətbiq etmədən sülh yolu ilə həll etmək istədi. O düşünürdü ki, ziyalıları bir araya gətirməklə iki sovet xalqının daxili resursları hesabına münaqişəni həll etmək mümkün olacaq. Ancaq o, sonra özü də etiraf etdi ki, münaqişəni həll edə bilmir”.

Dağlıq Qarabağ probleminə toxunan V. Taubman Qarabağın beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisi olduğunu söyləyib: “Beynəlxalq hüquq normalarına görə Dağlıq Qarabağ ermənilərinin Ermənistana birləşmək istəyi separatizm hesab olunur. Ancaq onları separatçı və yaxud digər statusda qələmə vermək mənim vəzifəm deyil”.

Sonra konfransda bu vaxta qədər gizli qalan sənədlər nümayiş etdirilib. ABŞ-dan olan ekspert Tom Blenton konfrans iştirakçılarına Amerika Milli Təhlükəsizlik Nazirliyinin Arxivindən Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin artıq üzərindən tam məxfi qrafasının götürüldüyü sənədləri təqdim edib. Sənədlər SSRİ-nin süqutu ilə bağlı rus və ABŞ kəşfiyyatının fəaliyyətinə aiddir. Materiallar arasında Qorbaçov və Buş arasında olan telefon danışıqları da var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR