Prezident İlham Əliyev CAREC Proqramının Bakıda keçirilən X yubiley Nazirlər Konfransının iştirakçılarını qəbul edib

Prezident İlham Əliyev CAREC Proqramının Bakıda keçirilən X yubiley Nazirlər Konfransının iştirakçılarını qəbul edib
# 23 noyabr 2011 18:47 (UTC +04:00)
Görüş zamanı prezident Əliyev CAREC-in X yubiley Nazirlər Konfransının Azərbaycanda keçirilməsinin böyük hadisə olduğunu bildirib. “Azərbaycan bu mötəbər beynəlxalq proqram təşkilatının fəal üzvüdür. Azərbaycan proqram çərçivəsində öz üzərinə düşən vəzifələrini icra etməyə çalışır. Əminəm ki, bu proqramın uğurlu inkişafı regional əməkdaşlığın dərinləşməsinə xidmət edəcək, bölgədə sülhün, əmin-amanlığın, rifahın təmin edilməsi işinə çox önəmli töhfə verəcək. Azərbaycanda son illər ərzində aparılan iqtisadi islahatlar gözəl nəticələr verməkdədir. CAREC-in üç əsas istiqaməti üzrə Azərbaycanda çox ciddi proqramlar icra edilir. Ticarət, nəqliyyat, enerji məsələlərinə ölkəmizdə çox böyük diqqət göstərilir və tərəfimizdən irəli sürülmüş təşəbbüslər, eyni zamanda, regional əməkdaşlığın genişlənməsinə də xidmət göstərir. Son 8 il ərzində Azərbaycanda iqtisadi inkişaf çox yüksək templərlə ölçülürdü, ümumi daxili məhsul üç dəfə, yəni 300 faiz artıb. Sənaye istehsalı təxminən üç dəfə artıb. Ölkə iqtisadiyyatına 10 milyardlarla dollar sərmayə qoyulub. Azərbaycanda çox gözəl investisiya iqlimi var və xarici sərmayələrin cəlb edilməsi işində ölkəmiz böyük uğurlar qazanıb. Hazırda bu investisiyalar təkcə neft-qaz sektoruna deyil, qeyri-neft sektoruna da qoyulur və bu, bizim indiki siyasətimizdə prioritet təşkil edir. Qeyri-neft sektorunun inkişafı bu il də çox yüksəkdir, təxminən 9 faiz səviyyəsindədir. Əlbəttə, iqtisadi inkişafın nəticəsində insanların maddi vəziyyəti də yaxşılaşmaqdadır. Son 8 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 9 faizə düşüb. Xarici ticarət dövriyyəmiz də artmaqdadır. CAREC proqramının iştirakçılarının və Azərbaycan hökumətinin fəaliyyəti nəticəsində iqtisadi sahədə əlaqələrimiz ikitərəfli formatda da çox müsbət, uğurla inkişaf edir”, deyə prezident vurğulayıb.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan tərəfindən nəqliyyat sektorunda irəli sürülmüş təşəbbüslər də beynəlxalq xarakter daşıyır. “Son illər ərzində ən çox sərmayə bu sektora qoyulmuşdur və uğurlu coğrafi vəziyyətimiz bizə imkan verir ki, Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirək. Bu məqsədlə çox vacib addımlar atılmışdır. Son 7 il ərzində Azərbaycanda beş beynəlxalq hava limanı istifadəyə verilmişdir. Bu hava limanları istənilən ən ağır yük təyyarələrini qəbul edə bilər. Dəmir yolu nəqliyyatında islahatlar aparılır və yeni dəmir yolu xətləri çəkilir. Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi uğurla gedir. Əminəm ki, 2013-cü ilin əvvəlində bu dəmir yolu layihəsi başa çatacaq və beləliklə, biz “Dəmir İpək yolu”nun bərpasını təşkil edəcəyik. Bu layihə bütün CAREC Proqramına üzv olan ölkələr üçün böyük əhəmiyyət daşıyacaqdır. Çünki bu yoldan istifadə etmək həm iqtisadi cəhətdən daha da əlverişli olacaq, eyni zamanda, regional əməkdaşlığımızı da böyük dərəcədə gücləndirəcək. Hava nəqliyyatı ilə bağlı yeni təyyarələr alınır. Azərbaycanda yük daşımaları üzrə fəaliyyət göstərən transmilli şirkətlər artıq dünyada çox müsbət imicə malikdir. Dəniz nəqliyyatının inkişafı üçün əlavə tədbirlər görülür. Gəmilər, bərələr, tankerlər alınır. Artıq Azərbaycan bəzi Orta Asiya ölkələri üçün tranzit funksiyalarını icra edir. Gələcəkdə bizim tranzit ölkə kimi rolumuz ancaq və ancaq artacaq. Əlbəttə ki, burada söhbət təbii resursların tranzitindən gedir və qeyri-enerji mənşəli yüklərin Azərbaycan ərazisindən Qərb istiqamətinə çatdırılması üçün əlavə tədbirlər görülür. Xəzər dənizinin ən böyük beynəlxalq ticarət limanı hazırda tikilməkdədir. Bakıda yeni gəmiqayırma zavodu tikilməkdədir. Əlbəttə ki, bu gəmiqayırma zavodunun məhsulları bütün Xəzəryanı ölkələrin sərəncamında olacaq və eyni zamanda, Xəzər dənizi ilə bağlı Xəzəryanı olmayan ölkələrin təşəbbüslərinin icrası üçün də bu gəmiqayırma zavodunun böyük rolu olacaq. Enerji sektoru da CAREC Proqramının tərkib hissəsidir. Bu sahədə də, əlbəttə, biz böyük işlər görmüşük. Azərbaycan qədim neft ölkəsidir. Hazırda Azərbaycan özünü dünyaya qaz ölkəsi kimi təqdim edir. Bizim son bir il ərzində aşkar etdiyimiz qaz ehtiyatları təqribən 600-700 milyard kubmetr səviyyəsindədir. Beləliklə, bizim ümumi təsdiq edilmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetr səviyyəsindədir. Mən heç şübhə etmirəm ki, gələcəkdə əlavə kəşfiyyat və qazma işlərinin aparılması sayəsində bu həcm ancaq artacaq. Hazırda Azərbaycanı beynəlxalq bazarlarla birləşdirən 7 neft və qaz kəməri vardır. Onların hamısı işlək vəziyyətdədir. Biz neft və qazımızı bütün istiqamətlər üzrə ixrac edirik. Bu sahədə şaxələndirmə məqsədlərimizə tam şəkildə çatmışıq. Hazırda tranzit ölkələrlə, istehlakçılarla və potensial istehlakçılarla danışıqlar aparılır ki, gələcəkdə Azərbaycan zəngin neft-qaz potensialını maksimum dərəcədə işə sala bilsin. Yeni investisiya layihələri hazırlanır və dünyanın ən böyük qaz yataqlarından biri olan “Şahdəniz” qaz yatağının ikinci fazasının işlənilməsi ilə bağlı hazırlıq işləri aparılır. Təkcə “Şahdəniz” yatağının qaz ehtiyatları 1,2 trilyon kubmetr səviyyəsindədir. Əlbəttə ki, biz indiki mərhələdə enerji səmərəliliyi ilə bağlı əlavə tədbirlər görürük. Alternativ və bərpa olunan enerji növlərinin yaradılması üçün işlər aparılır. Birinci pilot layihə icra edilmişdir. Hibrit külək-günəş elektrik stansiyası fəaliyyətdədir. Günəş batareyalarının istehsalı ilə bağlı işlər gedir. Alternativ və bərpa olunan enerjinin Azərbaycanda istehsalı gələcəkdə daha da böyük həcmlə ölçüləcək. Bu, bizim üçün prioritet məsələdir”, deyə prezident bəyan edib.

“Azərbaycan CAREC Proqramının gücləndirilməsinə öz töhfəsini vermək əzmindədir”, deyən dövlət başçısı bildirib ki, təşkilata dəstək məqsədi ilə gələcəkdə bir sıra istiqamətlər, o cümlədən fəaliyyət və müəyyən ideyalarla bağlı məsələlər nəzərdən keçiriləcək. “Siz bizə arxalana bilərsiniz”, deyən prezident İlham Əliyev vurğulayıb ki, ölkəmiz gələcəkdə də CAREC Proqramına dəstək verəcək: “Çünki Azərbaycanın bu proqramın üzvü olan dövlətlərlə yaxşı ikitərəfli münasibətləri var və ölkələrimiz müxtəlif iqtisadi proqramlar üzərində birgə işləyir”.

Dövlət başçısı ümidvar olduğunu bildirib ki, CAREC Proqramının üzvü olan dövlətlərlə mövcud ikitərəfli münasibətlər gələcəkdə geniş regional əməkdaşlığa çevriləcək. Prezident İlham Əliyev Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında etibarlı tərəfdaşlığın qurulduğunu və bu təşkilat ilə ölkəmizin sıx əməkdaşlıq etdiyini də diqqətə çatdırıb. Dövlət başçısı vurğulayıb ki, bir sıra beynəlxalq təşkilatların üzvü olan Azərbaycan enerji təhlükəsizliyi məsələsində mühüm rol oynayır və bu sahədə hasilatçı, tranzit və istehlakçı ölkələr arasında sıx əməkdaşlığın yaradılması vacibdir. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan inkişaf etmək, güclü və çevik iqtisadi struktura çevrilmək məqsədini qarşıya qoyan CAREC Proqramına üzv dövlətlər və onların müvafiq strukturları ilə əməkdaşlığını bundan sonra da davam etdirəcək.

Asiya İnkişaf Bankının prezidenti Haruhiko Kurado konfransın gedişində enerji, nəqliyyat və digər sahələrdə mövcud olan məsələlərin müzakirə ediləcəyini bildirib. “Biz əslində bu müzakirələri iki səviyyədə həyata keçirmək fikrindəyik. Nəqliyyat, enerji və ticarət bir tərəfdən. Bununla biz əməkdaşlıq çərçivəsinin sonrakı daha geniş əsaslarını da formalaşdıracağıq.
Biz həmkarlarımızla təbii ki, cari işləri müzakirə edəcəyik. Həmçinin, eyni zamanda, qarşımızda dayanan məsələlərin həllinə nail olmaq üçün perspektivləri də nəzərdən keçirəcəyik. Mən çox şadam ki, son 10 ildə əldə etdiyimiz nəticələrə əsaslanaraq, sonrakı onillikdə də CAREC Proqramı daha böyük uğurlar gətirəcək və Şərq–Qərb, Şimal-Cənub arasında olan əlaqələri daha da gücləndirəcək. Əslində əgər bu baş tutarsa burada iqtisadiyyatın bütün sahələri bəhrələnə bilər”, deyə Kurado qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR