Azərbaycanın Türkiyədəki səfiri Eskişehir vilayətində olub

Azərbaycanın Türkiyədəki səfiri Eskişehir vilayətində olub
# 29 noyabr 2011 00:48 (UTC +04:00)
Bakı-APA. Eskişehir Ticarət Palatasının dəvəti ilə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov qeyd olunan vilayətə səfər edib. Bu barədə APA-ya Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.
Regiona səfəri çərçivəsində, səfir Faiq Bağırov Eskişehir Ticarət Palatasında görüş keçirib. Görüşdə, Eskişehir Ticarət Palatasının Sədri Harun Karacan, Türkiyənin Xarici İqtisadi Əlaqələr Komitəsi Türkiyə-Azərbaycan Biznes Şurasının Sədri Cenqiz Gül, 30-dan çox iri miqyaslı şirkətlərin rəhbərləri və KİV nümayəndələri iştirak ediblər. Toplantıda çıxış edən səfir ölkəmizdə gedən iqtisadi-sosial inkişaf prosesindən, Azərbaycanın iqtisadi potensialından, yeni iş yerlərinin qurulması sahəsində dövlətimizin təmin etdiyi münbit şəraitdən və beynəlxalq iqtisadi qurumların ölkəmiz haqqında müsbət rəylərindən əsaslar gətirərək söz açıb.
Türkiyənin Xarici İqtisadi Əlaqələr Komitəsi Türkiyə-Azərbaycan Biznes Şurasının Sədri Cenqiz Gül də öz çıxışında səfir Faiq Bağırovun tezislərini gücləndirici faktlardan bəhs edib.
Toplantının sonunda iştirakçılara, Səfirliyimiz tərəfindən Azərbaycanın iqtisadiyyatı, turizm potensialı, mədəniyyəti və tarixinə dair təbliğat xarakterli materiallar paylanılıb.
Ardından, səfir Faiq Bağırov Eskişehir Valisinin müavini Əkrəm Ballı ilə görüşüb. Xoş və səmimi şəraitdə keçən görüş zamanı iki ölkə əlaqələrinin əhəmiyyətindən, sözügedən əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyindən və iki ölkənin şəhərləri arasında qardaşlıq əlaqələrinin qurulmasının vacibliyindən bəhs olunub.
Daha sonra səfir Faiq Bağırov Eskişehirdə yerləşən Osmanqazi Universitetinin Rektoru Prof. Dr. Hasan Gönen ilə görüşüb. Görüş zamanı iki ölkə arasında təhsil və mədəniyyət sahəsindəki əlaqələrin mövcud vəziyyəti və perspektivdəki inkişaf imkanları üzərində müzakirələr aparılıb.
Ardından Eskişehir Ticarət Palatası, səfir Faiq Bağırovun regionun qabaqcıl sənaye müəssisələrini və vilayət mərkəzini ziyarət etməsini təmin edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR