Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov Roma meri ilə görüşüb - FOTOSESSİYA

Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov Roma meri ilə görüşüb - <font color=red>FOTOSESSİYA</font>
# 20 mart 2012 22:18 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov martın 20-də Roma şəhərinin meri Canni Alemanno ilə görüşüb. Səfirlikdən APA-ya verilən məlumata görə, görüşdə səfir Roma merinə Azərbaycan və İtaliya arasında əlaqələr haqqında məlumat verib. V. Sadıqov iki ölkə arasında siyasi əlaqələrin yüksək inkişaf etdiyini, iqtisadi sahədə də İtaliyanın son illərdə Azərbaycanın birinci ticarət tərəfdaşı olduğunu vurğulayıb. Azərbaycanın İtaliyanın regionları ilə də əlaqələrin inkişaf etdirilməsinə böyük önəm verdiyini vurğulayan diplomat paytaxt Roma ilə əməkdaşlığın xüsusi yer tutduğunu qeyd edib.

Səfir son zamanlar Roma şəhəri ilə mədəniyyət sahəsində əməkdaşlıq çərçivəsində bir sıra layihələrin uğurla həyata keçirildiyini, buna misal olaraq Roma Sivilizasiyası Muzeyində fevral ayının 13-də açılmış və may ayının sonunadək davam edəcək “Azərbaycan, İpək yolu üzərində odlar yurdu” adlı sərgi, aprel ayında İtaliyada keçiriləcək Azərbaycan mədəniyyət günləri çərçivəsində Romada təşkil ediləcək konsert və s. vurğulayıb.

Bundan əlavə, V. Sadıqov Azərbaycan tərəfinin mədəniyyətlərarası dialoqa və mədəni irsin qorunmasına xüsusi önəm verdiyini bildirib. Bu baxımdan Heydər Əliyev Fondu tərəfindən Romanın Kapitoli Muzeyində bərpa işlərinin bir hissəsi üçün maliyyə yardımının edilməsinin İtaliya, xüsusilə də Roma şəhəri ilə dostluq münasibətlərinin daha da gücləndirilməsinə tövhə verəcəyini diqqətə çatdırıb.

Roma meri C. Alemanno Azərbaycanla əlaqələrin inkişafından məmnunluğunu qeyd edib, bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə və daha da gücləndiriləcəyinə əmin olduğunu vurğulayıb.

C.Alemanno Romada tarixi abidələrin ümumdünya mədəni irsinə məxsus olduğunu, bu baxımdan Heydər Əliyev Fondu tərəfindən Kapitoli Muzeyində bərpa işləri üçün maliyyə dəstəyinin Azərbaycan tərəfinin yalnız İtaliyanın deyil, bütövlükdə bəşəriyyətin mədəni irsinin qorunmasına verdiyi tövhəsi kimi qiymətləndirib, buna görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.

Sonda tərəflər ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilə biləcək gələcək layihələr ətrafında fikir mübadiləsi aparıblar. V. Sadıqov Roma merini Azərbaycana səfərə dəvət edib.

Görüş yerli mətbuatda geniş işıqlandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR