Avropa Şurasının həmməruzəçiləri aprelin 2-də Azərbaycana səfər edəcəklər

Avropa Şurasının həmməruzəçiləri aprelin 2-də Azərbaycana səfər edəcəklər
# 23 mart 2012 07:43 (UTC +04:00)
Həmməruzəçilər - Avstriyanın Zalsburq dövlət parlamentinin vitse-prezidenti və Avstriyanın AŞ YRHK-dəki nümayəndə heyətinin rəhbəri, xanım Gudrun Mosler-Törnstörm və Hollandiyanın Hoorn şəhərinin bələdiyyə sədri və Hollandiyanın Konqresdəki nümayəndə heyətinin rəhbəri Onno van Veldhuizen bu ilin aprel ayının 2-6 Konqresin Monitorinq qrupu adından Azərbaycanda səfərdə olacaqlar.

Səfərin məqsədi Azərbaycanda yerli və regional özünü idarəetmə hakimiyyətlərinin vəziyyətini qiymətləndirmək olacaq. Daha sonra 2012-ci ilin oktyabr ayında həmməruzəçilər Azərbaycana etdikləri səfərlə bağlı hesabat hazırlayıb Konqresin Bürosuna təqdim edəcəklər. APA-nın Avropa bürosunun məlumatına görə, bu barədə xanım Gudrun Mosler-Törnstörm bildirib.

Həmməruzəçi deyib ki, Azərbaycana səfərləri AŞ YRHK-nin bütün prinsiplərini özündə əks etdirən yerli idarəetmə Xartiyası əsasında həyata keçiriləcək: “Bu bizə Azərbaycanda yerli və regional özünü idarəetmə hakimiyyətlərinin vəziyyətini qiymətləndirməyə imkan verəcək. Hələlik səfər proqramını tam yekunlaşdırmamışıq. Amma deyə bilərəm ki, bu səfər çərçivəsində çox maraqlı və mühüm görüşlərimiz nəzərdə tutulub. Biz Azərbaycanda hökumət rəsmləri, ölkənin siyasi partiyaları və QHT-lərlə bir sıra görüşlər keçirməyi planlaşdırırıq. Tək Bakı deyil, Azərbaycanın digər rayon və şəhərlərinə də gedəcəyik. Ölkə üzrə ümumi bir dəyərləndirmə aparmaq fikrindəyik. Apardığımız müşahidələr nəticəsində obyektiv hesabat hazırlamağı nəzərdə tuturuq”.

Həmməruzəçinin sözlərinə görə, səfər zamanı Azərbaycan üzrə 2003-cü ildə hazırladıqları son hesabatda əks olunmuş bəzi məsələlər də monitorinq ediləcək: “Biz əvvəlcə son hesabatdakı tövsiyələrimizə, qaldırdığımız problemlərə bir daha nəzər yetirəcək, onları bir-bir yoxlayacaq və monitorinq missiyamızı bunların nə dərəcədə yerinə yetirilib yetirilmədiyi əsasında aparacağıq. Bildiyim kimi, Azərbaycanda 2009-cu ildə bələdiyyələrlə bağlı yeni qanun qəbul olunub və təbii ki, bu tarixdən sonra bu sahədə hansısa dəyişikliklər olub. Biz bu dəyişikliklərdən sonra problemlərin həll olunması istiqamətindəki irəliləyişlərin olub-olmamasını, yaxud onların tam həll edilməsini bir daha yoxlayacaq və bu haqda növbəti hesabatımızda fikrimizi bildirəcəyik. Bundan başqa, Xartiyamız əsasında Azərbaycanın bundan sonra daha hansı sahələrdə irəliləyişlərin edə biləcəyini də hesabatımıza salacağıq. Bir şeyi də qeyd edim ki, biz bu işimizdə maksimum obyektiv olmaq istəyirik. Bizim işimiz ölkəni mühakimə etmək deyil, biz daha çox bir dost kimi bu məsələlərdə yardım etmək istərdik. Bildiyiniz kimi, Avropa Şurasına üzv olan 47 ölkənin özünəməxsus fərqli siyasi idarəetmə sistemləri var. Bir çox ölkənin təcrübəsindən irəli gələrək, çox şey öyrənməyə ehtiyac var. Biz bununla bağlı tövsiyələrimizi hazırlayacağımız hesabatda bildirəcəyik. İndiki mərhələdə mən Azərbaycanın bu sahədə nə qədər irəliləyiş əldə etdiyini deyə bilmərəm. Biz bunu monitorinq səfərimizdən sonra biləcəyik”.

Gudrun Mosler-Törnstörm şəhər merlərin seçilməsi və yerli idarəetmə orqanlarının müstəqil maliyyələşdirilməsi məsələlərinin də səfər zamanı müzakirə ediləcək əsas mövzulardan olduğunu qeyd edib: “Biz bu iki məsələni də Xartiyamız əsasında yoxlayacağıq. Onu deyə bilərəm ki, şəhər merləri azad şəkildə seçilməli, bələdiyyələrin isə özünü maliyyələşdirmə mexanizmi olmalıdır. Bu iki əsas məsələni biz daha yaxından izləyəcəyik. Səfərimizin sonunda isə etdiyimiz ümumi müşahidələrlə bağlı bəyanat hazırlayıb verəcəyik”.

Qeyd edək ki, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin həmməruzəçiləri ölkə üzrə son hesabatlarını 2003-cü ildə hazırlayıb. 2009-cu ilin 23 dekabrında Konqres Azərbaycandakı bələdiyyə seçkilərini müşahidə edib, 2010-cu ilin fevral ayında seçkilərin nəticəsinə dair hesabatını açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR