Moldova səfiri: “Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyirik” - MÜSAHİBƏ

Moldova səfiri: “Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyirik” - <font color=red>MÜSAHİBƏ</font>
# 01 iyun 2012 10:16 (UTC +04:00)
- Cənab səfir, bu il Moldova və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi qeyd olunur. İki ölkə arasında münasibətlərin inkişaf səviyyəsini necə dəyərləndirirsiniz?

- Bildiyiniz kimi, 1992-ci il mayın 28-də ölkələrimiz arasında diplomatik münasibətlər qurulub, o dövrdən də ikitərəfli qarşılıqlı əməkdaşlıq prosesində yeni mərhələ başlayıb. Artıq 20 ildir ki, biz beynəlxalq səviyyədə uğurlu dialoq aparırıq. Bu dövr bir sıra parlaq hadisələrlə yadda qalıb. Ölkələrimiz arasında 50-dən artıq dövlətlərarası, hökumətlərarası saziş və müqavilələr imzalanıb, yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilib, Moldova və Azərbaycan müxtəlif beynəlxalq, regional təşkilatların üzvü olublar. Ölkələrimiz daim bir-birini dəstəkləyir, çünki hər iki ölkə oxşar həlli uzadılmış münaqişələr problemindən əziyyət çəkir.

Qeyd etmək istərdim ki, mayın 16-da Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Moldova prezidenti Nikolay Timoftinin görüşü olub. Dövlət başçıları iki ölkə arasında energetika, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensial olduğunu bildiriblər. Qeyd etmək lazımdır ki, Nikolay Timofti Azərbaycan dövlət başçısını ölkəmizə səfərə dəvət edib. Moldovanın sabiq prezidenti Petru Luçinskiy də bu günlərdə Bakıda səfərdə olub, Heydər Əliyev Fondu ilə tanış olub, Bakı Dövlət Universitetinin tələbələri ilə görüşüb. O, tələbələr qarşısında iki müstəqil dövlətdə mövcud duruma həsr olunmuş mühazirə oxuyub. Bir sözlər Azərbaycanla Moldova arasında münasibətləri dostluq, tərəfdaşlıq və strateji münasibətlər kimi xarakterizə etmək olar.

- Bu günlərdə Kişinyovda Azərbaycan-Moldova hökumətlərarası komissiyasının iclası keçirilib. İclasda hansı razılaşmalar əldə olunub?

- Bəli, bu bizim üçün çox vacib idi, çünki 2007-ci ildən bəri bu komissiyanın iclası ilk dəfə keçirilirdi. Tərəflər əsasən iki dövlət arasında ticarət dövriyyəsinin həcminin artırılmasına dair tədbirlər planının işlənib hazırlaması barədə razılığa gəliblər. Bundan başqa kənd təsərrüfatı sahəsində, xüsusilə şərabçılıq, ət və süd istehsalı sahələrində birgə müəssisələrin yaradılması imkanlarının öyrənilməsi, iki ölkənin ticarət palataları, AzPROMO ilə Moldova İxracın İnkişafına dair Təşkilatı arasında əlaqələrin aktivləşdirilməsi, o cümlədən əməkdaşlıq müqavilələrinin imzalanması, kənd təsərrüfatı məhsullarının idxal-ixracının artırılması kimi razılaşmalar əldə olunub.

Bu ilin ikinci yarısında Kişinyovda energetika forumunun keçirilməsi planlaşdırılır. Tərəflər dövlət registrlərinin, informasiya sistemlərinin, o cümlədən biometrik və şəxsi məlumatlar bazasının yaradılması və inkişafına dair informasiya texnologiyaları sahəsində təcrübə mübadiləsini davam etdirmək qərarına gəliblər. Bundan başqa bu ilin noyabrında Moldovada Azərbaycan Mədəniyyət Günləri, gələn ilin mayında isə Azərbaycanda Moldova Mədəniyyət Günləri keçiriləcək. Düşünürəm ki, bu komissiya bütün sahələrdə münasibətlərə impuls verməlidir, çünki hər bir nazirlik və qurum qarşısında konkret vəzifələr qoyulub.

- GUAM çərçivəsində ikitərəfli əməkdaşlığın inkişafını necə görürsünüz?

- Düşünürəm ki, GUAM-ın böyük potensialı var, iştirakçı ölkələr təşkilatın fəaliyyətində fərqli səviyyədə iştirak ediblər. Ölkələr təmas nöqtələri tapıblar, qarşılıqlı əməkdaşlığın sərfəli olduğu sahələr aşkarlanıb. Bu günlərdə “GUAM+” formatında yeni turist marşrutlarını öyrənən yapon jurnalistlərin press-turu başa çatıb. Həmçinin hüquq-mühafizə orqanlarının xəttilə gerçəkləşən səmərəli əməkdaşlığı da qeyd etmək istərdim. GUAM-ın fəaliyyətinə praqmatizmi əlavə etməklə əməkdaşlığımızı gələcəkdə də genişləndirəcəyik.

- Necə düşünürsünüz, GUAM-ın BMT-yə təqdim etdiyi işğal altında olan ərazilər, həlli uzadılmış münaqişələrlə bağlı qətnamələrin müzakirəsi nə üçün sistematik olaraq təxirə salınır?

-Burada sistematik ifadəsi yerinə düşmür, GUAM ölkələri bu qətnamə layihələrini müzakirəyə çıxarmaq üçün münasib an gözləyirlər. Bu cür ciddi məsələlərin həlli üçün beynəlxalq aləmdə hansısa dəyişikliklərin baş verməsi ilə əlaqəli münasib an lazımdır ki, bu məsələnin qoyuluşu və qəbulu “X” dövlətlə BMT-nin münasibətlərinə neqativ təsir göstərməsin.

Bu pauza taktiki mülahizələrə və təşkilatın bütün üzvlərinin iradə nümayiş etdirməsinə əsaslanır. Qətnaməni müzakirəyə çıxarmağı planlaşdırdığımız dövrlər siyasi konyuktura o qədər də münasib deyildi. Elə bir an seçmək lazımdır ki, digər məsələlərlə bağlı BMT ilə münasibətdə GUAM üzvü olan ölkənin mövqelərinə xələl gəlməsin. Buna görə də bu məsələdə təkcə problemin strateji qoyuluşu deyil, taktika da vacibdir. Bütün ölkələrin maraqlarına maksimum cavab verəcək anı gözləmək lazımdır. Siyasətdə heç də hər şey həll olunmur.

- Moldovada bəzi siyasi qüvvələr hesab edir ki, Moldovanın Ermənistana silah satması, Moldova ilə Azərbaycan arasında münasibətlərə ciddi zərər yetirib. Bu vəziyyəti necə dəyərləndirirsiniz? Bu insidentin iki dövlət arasında etibarın pozulmasına təsiri olubmu?

- Bu insident dostluq münasibətlərimizin inkişafına neqativ təsir göstərib. Mən artıq bunu demişəm – hökumətlərarası komissiyanın nümayəndələri səhvə yol veriblər. Onlar iddia edirdi ki, Ermənistana çatdırılmış silahın lotu səhvən Moldovanın ənənəvi silah satdığı digər ölkələrin siyahısına düşüb. Moldova Müdafiə və İqtisadiyyat nazirliklərinin günahı ucbatından səhvə yol verildiyini etiraf edib. Bununla əlaqədar Azərbaycan hökumətindən üzr istənilib, müvafiq izahatlar verilib, həmçinin vəd olunub ki, bu cür hadisələr bir daha təkrarlanmayacaq. Bununla da məsələ həllini tapıb və münaqişə həll olunub.

Əlbəttə bu insident təsirsiz ötüşməyib, media bu barədə yazıb, həm Moldova, həm Azərbaycanda bəzi dairələr vəziyyəti gərginləşdirməyə çalışıb, bu faktı iki ölkənin münasibətlərində dönüm nöqtəsi kimi dəyərləndiriblər. Moldova baş nazirinin 17-19 yanvar tarixində Azərbaycana gerçəkləşən səfəri zamanı prezident İlham Əliyevlə görüşü olub. Görüşdə qeyd olunan məsələyə nöqtə qoyulub.

- Moldova parlamentində Xocalı soyqırımının pislənməsi ilə bağlı müzakirələr aparılması mümkündürmü? Bu istiqamətdə iş aparılırmı?

- Bir ölkənin parlamentində digər ölkənin daxili işlərinə aid olan məsələnin müzakirəsi üçün müvafiq müraciət olunmalıdır. Deməli, bu məsələ ilə Azərbaycanın Moldovadakı səfirliyi məşğul olmalı, xarici işlər komissiyasının xətti ilə bu cür müzakirələrin aparılması barədə təşəbbüs qaldırmalıdır. Hələlik belə təşəbbüs qaldırılmayıb. Ola bilər ki, bu məsələ parlamentdə müzakirə olunsun, lakin əvvəlcə müvafiq proseduralara riayət etmək lazımdır. Bu işdə təşəbbüskar isə Azərbaycanın Moldovadakı səfirliyi olmalıdır.

- Cənab səfir, Moldovanın da analoji problemlər üz-üzə olduğunu nəzərə alsaq, o zaman ölkəniz Dağlıq Qarabağ münaqişəsinin həllini necə görür?

- Moldova əvvəllər olduğu kimi yenə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllini istəyir. Biz Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyirik və hesab edirik ki, münaqişə tərəfləri Madrid prinsipləri əsasında kompromis əldə etməlidir. Bu məsələdə bizim mövqeyimiz aydındır – Moldovanın tərəfdar olduğu üç əsas sütun beynəlxalq hüquq, ərazi bütövlüyü və sülh yolu ilə həldir!
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR