Azərbaycan “Mübahisələrin dinc yolla həlli, münaqişələrin qarşısının alınması və həlli: vasitəçilik, hüquqi həll və ədalət” mövzusunda BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi müzakirələrini təşkil edib

Azərbaycan “Mübahisələrin dinc yolla həlli, münaqişələrin qarşısının alınması və həlli: vasitəçilik, hüquqi həll və ədalət” mövzusunda BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi müzakirələrini təşkil edib
# 02 iyun 2012 06:46 (UTC +04:00)
Nümayəndəlikdən APA-ya verilən məlumata görə, görüşə Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərlə yanaşı, BMT-nin digər üzv-dövlətləri, BMT Katibliyi, beynəlxalq hökumət təşkilatları, vətəndaş cəmiyyəti və elmi dairələrin 120-dən artıq nümayəndəsi qatılıb.

Müzakirələrdə əsas natiq qismində Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov və Böyük Britaniyanın Kembric Universitetinin professoru Malkolm Şou çıxış ediblər.

Görüşü giriş sözü ilə açan Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev bugünkü müzakirələrin mövzusunun əhəmiyyətindən danışıb. O bildirib ki, görüşün məqsədi BMT Təhlükəsizlik Şurasının üzvləri və digər iştirakçılar arasında mübahisələrin sülh yolu ilə həlli, münaqişələrin qarşısının alınması və həlli kimi vacib məsələlər üzrə müzakirələr keçirmək, davamlı və beynəlxalq hüquqa əsaslanan sülh və barışın təşviq edilməsində vasitəçiliyin, hüquqa və ədalətə əsaslanan həllin rolunu işıqlandırmaqdır.

Öncə professor M. Şou beynəlxalq mübahisələrin həlli, münaqişələrin qarşısının alınması və həllində vasitəçiliyin beynəlxalq hüquqi əsasları və həll mexanizmləri ilə bağlı nəzəri məruzə ilə çıxış edib.

Daha sonra çıxış edən A. Əzimov münaqişəli vəziyyətlər, xüsusilə Ermənistan və Azərbaycan arasında münaqişə kontekstində aparılan vasitəçilik səylərindən söz açıb, onun müxtəlif aspektləri, habelə uğurlu vasitəçiliyin əsas faktorları barədə fikirlərini bölüşüb. Vasitəçilik səylərinin boşluqda cərəyan edən proses olmaması, mövcud vəziyyətin qorunub saxlanılmasına yönəlməməsi və mütləq şəkildə beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutmasının vacibliyi natiqlərin çıxışlarının əsasını təşkil edib.

Çıxış edən digər şəxslər də beynəlxalq mübahisə və münaqişələrin qarşısının alınması və həll edilməsində vasitəçilik səylərinin vacibliyindən, bu prosesdə BMT və regional təşkilatların rolundan, ayrı-ayrı dövlətlər tərəfindən irəli sürülmüş müxtəlif təşəbbüslərdən söz açıblar.

2011-ci ilin 22 iyun tarixində BMT Baş Assambleyasının qəbul etdiyi "Mübahisələrin sülh yolu ilə həlli, münaqişələrin qarşısının alınması və həllində vasitəçiliyin rolunun gücləndirilməsi"nə dair 65/283 saylı qətnamənin qəbul edilməsinin mübahisələrin dinc vasitələrlə həlli, münaqişələrin qarşısının alınması və həllində vasitəçilik səylərinin təşviq edilməsi və mövcud və gələcək vasitəçilik mexanizmləri üçün faydalı qaydalar təmin etməsi baxımından əhəmiyyəti qeyd edilib.

Ümumilikdə isə çıxış edənlər Azərbaycanın belə əhəmiyyətli mövzu üzrə müzakirələr təşkil etməsini vaxtlı təşəbbüs kimi alqışlayıblar.

Görüşdə iştirak edən Ermənistanın BMT yanında daimi nümayəndəsi müzakirələrin mövzusu və ruhuna zidd tərzdə çıxış edərək, natiqlərin səsləndirdikləri fikirləri təhrif etməyə cəhd göstərib. O, xüsusilə, A. Əzimovun istinad etdiyi münaqişənin Azərbaycanla onun ölkəsi arasında baş vermədiyini bildirib və Azərbaycanı bu münaqişənin həlli üzrə vasitəçilik səylərini heçə endirməkdə günahlandırıb.

A. Əzimov isə cavab olaraq bildirib ki, sözügedən münaqişənin məhz Ermənistanla Azərbaycan arasında baş verdiyinə dəlalət edən çoxlu sayda sübutlar mövcuddur. “Onlardan ikisini qeyd etmək kifayətdir. Birincisi, Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan vətəndaşları xidmət edir, ələ keçirilən Ermənistan əsgərlərinin sənədləri də bu faktı təsdiqləyir. İkinci, münaqişənin həlli üzrə danışıqlarda münaqişə tərəfi kimi məhz Ermənistan Respublikasının dövlət başçısı iştirak edir”, - deyə nazir müavini vurğulayıb.

Ermənistan nümayəndəsinin qeyd etdiyi digər məqamla əlaqədar A. Əzimov bildirib ki, Ermənistan 2011-ci ildə BMT Baş Assambleyasının qəbul etdiyi "Mübahisələrin sülh yolu ilə həlli, münaqişələrin qarşısının alınması və həllində vasitəçiliyin rolunun gücləndirilməsi"nə dair qətnamə üzrə konsensusa qoşulmayan yeganə dövlət olub. Belə olan halda isə bu dövlətin nümayəndəsinin vasitəçilik səylərinin əhəmiyyətindən söz açması təəccüb doğurur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR