İslam Əməkdaşlıq Təşkilatının baş katibi: “İşğal olunmuş Azərbaycan torpaqları azad olunmalı, qaçqınlar öz ata-baba yurdlarına qayıtmalıdırlar”

İslam Əməkdaşlıq Təşkilatının baş katibi: “İşğal olunmuş Azərbaycan torpaqları azad olunmalı, qaçqınlar öz ata-baba yurdlarına qayıtmalıdırlar”
# 04 iyun 2012 15:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycanla İƏT arasında münasibətlər müzakirə olunub. O. Əsədov qeyd edib ki, bu qurumla əlaqələrin genişləndirilməsi ölkənin xarici siyasətinin mühüm istiqamətlərindən biridir və Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. O qeyd edib ki, Azərbaycanın səsinin islam ölkələrinə, o cümlədən dünya ictimaiyyətinə çatdırılmasında İƏT mühüm rol oynayıb: “Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq siyasəti ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı yekdil və birmənalı mövqe nümayiş etdirib. BMT Baş Məclisinin 62-ci sessiyasında “Azərbaycanın işğal altında olan ərazilərində vəziyyət” adlı qətnamənin qəbul edilməsində İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin mövqeyi həlledici rol oynayıb”.

O. Əsədov əlavə edib ki, İƏT Parlament İttifaqının ötən il qəbul etdiyi bəyannamədə Xocalı faciəsi insanlığa qarşı cinayət kimi dəyərləndirilib.

E. İhsanoğlu isə bildirib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının çox dəyərli bir üzvü, islam dünyasının bir ulduzudur: “Biz Azərbaycan xalqını və ölkə rəhbərliyini bir daha əmin edirik ki, İƏT Azərbaycanın haqq işini bundan sonra da dəstəkləyəcək, həmişə Azərbaycanın ədalətli mövqeyini müdafiə edəcək. İşğal olunmuş Azərbaycan torpaqları azad olunmalı, qaçqınlar öz ata-baba yurdlarına qayıtmalıdırlar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR