Elmar Məmmədyarov: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə nail olmağın vaxtı çatıb, status-kvo vəziyyəti qəbul edilməzdir”

Elmar Məmmədyarov: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə nail olmağın vaxtı çatıb, status-kvo vəziyyəti qəbul edilməzdir”
# 05 iyun 2012 09:43 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ukraynanın xarici siyasət idarəsinin rəhbəri Konstantin Qrişşenko ilə təkbətək görüş keçirib. APA-nın məlumatına görə, görüşdən sonra keçirilən brifinqdə Elmar Məmmədyarov bildirib ki, görüşdə iqtisadi-ticarət, humanitar, hərbi-texniki sahələrdə ikitərəfli əməkdaşlığa dair məsələlər müzakirə olunub. Tərəflər bu məsələlərin hər biri ilə əlaqədar ikitərəfli məsləhətləşmələr keçirmək qərarına gəliblər. Azərbaycanın xarici işlər naziri həmkarını Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların gedişi barədə məlumatlandırıb. Xatırladaq ki, Ukrayna gələn ildən ATƏT-ə sədrlik edəcək.

“Ümidvarıq ki, Ukraynanın ATƏT-ə sədrliyi dövründə bu məsələdə hansısa irəliləyişə nail ola biləcəyik. Hesab edirik ki, artıq vaxt çatıb, status-kvo vəziyyəti qəbul edilməzdir”.

Azərbaycanın xarici işlər naziri iki ölkə arasında münasibətləri yüksək dəyərləndirib.

Konstantin Qrişşenko bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür və bir çox məsələlərin müzakirəsinə cəlb olunub: “Ukraynada da öz növbəsində ATƏT-ə sədrlik etməyə hazırlaşır. Bununla əlaqədar münaqişələrin həlli mühüm əhəmiyyət kəsb edir”.

Qrişşenkonun sözlərinə görə, tərəflər arasında Azərbaycan-Ukrayna Prezidentlər Şurasının növbəti iclasına hazırlıq, bununla əlaqədar Azərbaycan prezidentinin Ukraynaya rəsmi səfərinə hazırlıq məsələlərinin, iki ölkənin Diplomatiya Akademiyaları arasında əməkdaşlıq məsələləri də müzakirə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR