Qazaxıstan Parlamentin Senatının sədri: “Ölkəm Dağlıq Qarabağ probleminin sülh yolu ilə tezliklə aradan qaldırılması üçün hər cür köməklik göstərməyə hazırdır”

Qazaxıstan Parlamentin Senatının sədri: “Ölkəm Dağlıq Qarabağ probleminin sülh yolu ilə tezliklə aradan qaldırılması üçün hər cür köməklik göstərməyə hazırdır”
# 08 iyun 2012 13:35 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Milli Məclisin (MM) sədri Oqtay Əsədov Qazaxıstan Respublikası Parlamenti Senatının Sədri Kayrat Maminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. MM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı O. Əsədov bildirib ki, iki ölkə xalqlarını birləşdirən tarixi köklər, mədəni və mənəvi birlik əlaqələrimizin gələcək inkişafına böyük ümidlərlə baxmağa imkan verir: “Bu gün Cənubi Qafqazda sürətlə inkişaf edən Azərbaycan Orta Asiyada özünəməxsus yeri olan Qazaxıstanla iqtisadi, mədəni, humanitar əməkdaşlığı genişləndirmək niyyətindədir”.

MM sədri deyib ki, Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi bölgənin hərtərəfli inkişafına böyük maneçilik törədir: “Biz problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdarıq. İnanırıq ki, beynəlxalq birliyin, o cümlədən Qazaxıstanın dəstəyi ilə məsələ tezliklə öz ədalətli həllini tapacaq”.

Qonaq Kayrat Mami Azərbaycanın Xəzər bölgəsində Qazaxıstanın ən önəmli tərəfdaşı olduğunu deyib. K. Mami ölkəsinin Dağlıq Qarabağ probleminin sülh yolu ilə tezliklə aradan qaldırılması üçün hər cür köməklik göstərməyə hazır olduğunu vurğulayıb.

Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, sədr müavinləri Bahar Muradova, Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fərhad Qəribov, Qazaxıstanın Azərbaycandakı səfiri Serik Prımbetov və digər rəsmi şəxslər iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR