Rusiyanın Azərbaycandakı səfiri: “Prezident Putin Qarabağ probleminə yaxşı bələddir” - MÜSAHİBƏ

Rusiyanın Azərbaycandakı səfiri: “Prezident Putin Qarabağ probleminə yaxşı bələddir” - <font color=red>MÜSAHİBƏ</font>
# 11 iyun 2012 09:23 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin APA-ya müsahibəsi.

- Hörmətli səfir. Hər il iyunun 12-də ölkənizdə Rusiya Günü qeyd edilir. Bu bayramın mahiyyəti nədən ibarətdir?

- 1990-cı il iyunun 12-də RSFSR xalq deputatlarının qurultayında dövlət suverenliyi haqqında Bəyannamə qəbul olundu. Beləliklə, Rusiya Federasiyası bir çox sovet respublikasından sonra SSRİ daxilində öz suverenliyini elan etdi. 1994-cü ildə prezident Boris Yeltsin 12 iyun tarixini dövlət bayramı – Rusiyanın dövlət suverenliyi haqqında Bəyannamənin qəbulu günü elan etdi. 1997-ci ildə bu bayrama qısaca Rusiya Günü adı verildi. Biz bu bayramı bu şəkildə qeyd edirik.

- Rusiyanın ötən dövr ərzində keçdiyi yolu necə qiymətləndirirsiniz?

- Rusiyanın müstəqil dövlət kimi tarixi yolunun başlanğıcı çox ağır oldu. Şok terapiyası, pis düşünülmüş özəlləşdirmə modeli geniş kütlələrin yoxsullaşmasına gətirib çıxardı. Sosial və siyasi qarşıdurma gücləndi. Ölkə dağılma ərəfəsində idi. Dünyada bəzi dairələr Rusiyanı hesaba almamağa başladılar. Lakin xoşbəxtlikdən bu vəziyyəti düzəltmək mümkün oldu. Hazırda statistika istehsalın və insanların gəlirlərinin artdığını göstərir. İş qabiliyyətli siyasi sistem formalaşıb. Vətəndaş cəmiyyətinin artan fəallığı fonunda Rusiyada sabitlik sarsılmaz olaraq qalır. İndi elm, təhsil, mədəniyyət və idman sahələrində iri layihələrlə məşğul olmaq üçün böyük imkanlar var. Lakin Rusiya hələlik ən yüksək standartlardan uzaqdır. Həll olunmamış problemlər çoxdur. Ölkəni tarixi kollaps vəziyyətindən çıxarmaq asan deyil. Lakin insana nikbinlik bəxş edən nədir, bilirsinizmi? İctimai rəy sorğuları müstəqilliyin Rusiyanın xeyrinə olduğuna inananların sayının getdikcə artdığını göstərir. 2002-ci ildə belə düşünənlərin sayı 36%, 2010-cu ildə 56% idi. İndi daha çoxdur. İnsanlar gələcəyə inanır və bu gələcək naminə çalışmağa hazırdır.

- Bu yaz Rusiya yeni prezidentini seçdi. Bununla əlaqədar Rusiya ilə Azərbaycan arasında münasibətlərin perspektivini necə görürsünüz?

- Hesab edirəm ki, Vladimir Putinin prezident seçilməsi Rusiya-Azərbaycan əlaqələri üçün yaxşı əlamətdir. Bu sahə onun üçün belə demək mümkündürsə, şəxsi layihədir. Çünki vaxtilə o, Heydər Əliyevlə birlikdə bizim münasibətlərimizin əsasını qoyub. Bu təməl bir-birinin suverenliyi və müstəqilliyinə sözsüz hörmətə, bütün sahələrdə son dərəcə dəqiq balansın qurulmasına əsaslanır. Bu fəlsəfə həyatda özünü yaxşı göstərməkdədir və yeni prezidentin bu fəlsəfəni həyata keçirməyə davam edəcəyinə şübhə yoxdur.

- Son vaxtlar Rusiya Avrasiya İttifaqı yaradılması ideyasını tez-tez tələffüz edir. Sizcə bu model nə qədər effektli ola bilər? Bu, Avropa Birliyinin variasiyalarından biri deyilmi? İlkin olaraq nəzərdə tutulduğu kimi, Rusiya, Qazaxıstan və Belarusdan başqa digər ölkələr də bu ittifaqa qəbul edilə bilərmi?

- MDB məkanında bizim müxtəlif sürətli və müxtəlif səviyyəli inteqrasiya adlandırdığımız müxtəlif proseslər gedir. Rusiya ilə Belarus arasında ittifaq dövləti layihəsi var, Gömrük İttifaqı var və indi də Avrasiya modeli gündəmə gəlib. Rusiya bu situasiyanı normal hesab edir. Hər ölkə postsovet birliyinə hansı dərəcədə və hansı qruplarla inteqrasiya olunacağına özü qərar verir. Heç kim digərinə öz iradəsini qəbul etdirməməlidir və Rusiya da buna çalışmır. Avrasiya İttifaqına kim istəyirsə qoşula bilər. Hansı ölkələr? Gəlin irəli qaçmayaq. Həyat göstərəcək.

- Gömrük İttifaqının yaradılması bu ittifaqa daxil olmayan Azərbaycanla ticarət münasibətlərinə necə təsir edəcək? Azərbaycanla bu vahid iqtisadi məkana daxil olmaq üçün danışıqlar aparılırmı?

- Gömrük İttifaqına Rusiya, Belarus və Qazaxıstan daxildir. Mənə məlum olduğuna görə, Azərbaycan bu ölkələrin hər biri ilə ötən il ticarət həcmini artırıb. Ola bilər ki, bu, həmin ölkələrin gömrük ittifaqı yaratması ilə əlaqədardır. Daha dəqiq qiyməti mütəxəssislər verə bilər. Sualın ikinci hissəsinə gəlincə, siz yəqin ki, MDB-də azad ticarət zonasının yaradılması haqqında müqaviləni nəzərdə tutursunuz. Azərbaycan bu sənədin hazırlanmasında iştirak edib, lakin imzalamayıb. Biz bunu suveren ölkənin mövqeyi kimi qiymətləndiririk. Rusiya ilə Azərbaycan arasında bu barədə hər hansı danışıq aparılmır.

- Rusiyanın “İnterfaks” agentliyi xəbər yayıb ki, Rusiya Azərbaycanın yüksək icarə haqqı tələb etməsi ilə əlaqədar Qəbələ RLS-dən imtina edə bilər. Bu istiqamətdə aparılan danışıqlarda tərəflər irəliləyişə nail ola bilibmi?

- Bu mövzuya dair xəbər və şərhlər çoxdur. Təəssüf ki, Rusiya-Azərbaycan münasibətlərinin xarakterini anlamamaq və işi bilməməkdən qaynaqlanan qeyri-korrekt çıxışlara da rast gəlinir. “İnterfaks”ın da danışıqların gedişinə dair məlumatı qeyri-dəqiqdir. Lakin mən agentliklə mübahisəyə girməyəcəyəm və ümumiyyətlə, danışıqların indiki mərhələsində bu məsələni şərh etməyi məqsədəuyğun saymıram. Gəlin, bu danışıqların sonunu gözləyək və bundan sonra yekun qiymətləndirmə aparaq.

- Vladimir Putin Dmitri Medvedevin Dağlıq Qarabağ münaqişəsinin həllində şəxsi iştirak və fəal vasitəçilik siyasətini davam etdirəcəkmi?

- Prezident Putin Qarabağ probleminə yaxşı bələddir. O, prezident kimi xarici siyasət kursunun müəyyənləşdirilməsi və həyata keçirilməsinə cavabdehdir və sözsüz ki, bu problemin beynəlxalq hüquq əsasında ədalətli həllinə çalışacaq. V. Putinin şəxsən bu prosesdə necə iştirak edəcəyini yalnız təxmin etmək olar və mən bunu etmək istəmirəm.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR