Mübariz Əhmədoğlu: “İran dinin və liderinin təhqir olunmasından deyil, “Qoşulmama hərəkatı”nın Dağlıq Qarabağ məsələsinə münasibətindən narahatdır”

Mübariz Əhmədoğlu: “İran dinin və liderinin təhqir olunmasından deyil, “Qoşulmama hərəkatı”nın Dağlıq Qarabağ məsələsinə münasibətindən narahatdır”
# 11 iyun 2012 09:29 (UTC +04:00)
Bakı – APA, “Qoşulmama hərəkatı”nın dövri sədrliyi İrana keçdi və İran avqustda bu hərəkatın sammitini keçirməlidir. Buna görə rəsmi Tehran “Qoşulmama hərəkatı” ölkələri liderlərini öz ölkəsinə dəvət edir. “Qoşulmama hərəkatı”nın 120 üzv dövlətinin hamısının liderinin İrana gəlməsi mümkün deyil; hətta yarısının gəlməsi mübahisəli məsələdir. İran diplomatları “Qoşulmama hərəkatı”nın sammitinin sanballı şəkildə keçirilməsi üçün səylə çalışır, yüksək çinli məmurlar vasitəsilə müxtəlif ölkələrə dəvətnamələr göndərirlər. Dəvətnamə paylayanlar içərisində İranın prezidenti və xarici işlər naziri də olmaqla, bütün nazirlər iştirak edirlər”. APA-nın məlumatına görə, bu fikirlər Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğluna məxsusdur.

M. Əhmədoğlunun sözlərinə görə, İranın qonşusu Ermənistan “Qoşulmama hərəkatı”nın üzvü olmasa da, sammitə dəvət edilib: “Ermənistana dəvətnaməni 25 milyon avroluq kredit sazişi ilə birlikdə İranın energetika naziri M. Namcu çatdırdı. “Qoşulmama hərəkatı”nın üzvü olan Azərbaycana isə hələ ki, dəvətnamə gəlməyib və ya dəvətnaməni gətirmək üçün heç bir yüksək çinli dövlət məmuru Azərbaycana səfər etməyib. Əsas kimi İran İslam Respublikasının səfirinin Bakını tərk etməsi göstərilə bilər. Nəzərə alınmalıdır ki, bizim səfirimiz Tehrandadır, eləcə də İranın öz səfirini Bakıdan geri çağırması da şübhəli məqamlarla doludur. Səfirin geri çağırılması səbəbi kimi rəsmi Tehran din və dini liderin təhqir olunmasını göstərir:

- əvvəla, Bakıda keçirilən piketdə İslam dini təhqir olunmayıb. Ölkəmizin 70 illik sovet hakimiyyəti illəri onu dindən uzaqlaşması anlamına gəlməməlidir. Bu kontekstdən Azərbaycanda həmişə islam dinini biliblər: din, Allah, peyğəmbər və imamlar nədir - çox gözəl bilmişik. Ona görə İranın rəhbərlərini, o cümlədən dini rəhbərinin karikaturasının piketdə nümayişi dinin təhqir olunması hesab edilə bilməz. Din İranda təhqir olunur. Torpaq uğrunda şəhidlərə, müsəlman torpaqlarının işğalda qalmasına münasibət bildirməyən İranın dini liderləri özləri dinimizi təhqir ediblər.

- ikincisi, dini liderin də təhqir olunmasının günahkarı kimi Azərbaycanı qəbul edə bilmərik, çünki İranın Azərbaycana qarşı işləyən mətbuatı dini liderin hansı imicini yaradıbsa, əhali də o imicə uyğun rəftar edib. İranın Azərbaycana qarşı işləyən televiziyası xəbər sıralamasında son 4-5 ildə cəmi 2 ya 3 dəfə İranın dini liderinin iştirakı ilə keçirilən tədbiri birinci sırada yayımlayıb. Əksər hallarda İranın ali dini liderinin iştirakı ilə keçirilən tədbirlərdən məlumat ya verilməyib, ya da ən sonda verilib. Buyurub özlərinin yayımladığı verilişlərin kontent və ivent analizini aparsınlar. Hətta Gədəbəydə ayaqyolunun divarına “istefa” yazılması ilə bağlı xəbəri İran televiziyası İranın ali dini liderinin möhtəşəm tədbirdə iştirakı ilə bağlı xəbərdən öndə yayımladı. O baxımdan əgər dini lider təhqir olunubsa, bu dini liderin təhqir olunmasının əsasını İran tərəfi və iranlıların davranış qaydaları müəyyənləşdirib.

Təhqirə diplomatik münasibət göstərmirlər. Mayın 11-də keçirilən piketdə iranlıların ali dini liderinin karikaturasının nümayişinə İran XİN-i 10 gündən sonra reaksiya verdi: səfirini məsləhətləşmək üçün geri çağırdı. Dini liderini sevən XİN və ya onun səfiri karikaturanın nümayişini dinin və dini lideri təhqiri kimi başa düşübdürsə, dərhal özünü piketçilərin qabağına atmalı, və ya dərhal həmin binanı tərk etməli idi, yoxsa 11 gündən sonra məsləhətləşmək üçün geri çağırılmazdı.

İndiki halda söhbət təhqirdən yox diplomatiyadan gedir. Eynilə həmin ərəfədə iki vacib hadisə baş verdi. “Qoşulmama hərəkatı” Misirin Şarm əl-Şeyx şəhərində keçirdiyi ministerialında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Azərbaycanın ərazi bütövlüyünə dəstək verdi. Həmin qətnamədən dərhal sonra İranın və Ermənistanın xarici işlər nazirləri görüşüb, bu qətnaməni də müzakirə etdilər. Mayın 13-də Azərbaycan mətbuatı prezident İ. Əliyevin “Qoşulmama hərəkatı”nın İranda keçiriləcək sammitində iştirakı ilə bağlı anons məlumat yaydı. Hər halda İranın nəyi dinin və dini liderin təhqir olunmasını və ya “Qoşulmama hərəkatı”nın Şarm əl- Şeyxdəki Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında tənzimləməsi ilə bağlı qəbul etdiyi qətnaməni daha əsas götürməsi aşkar şəkildə bəlli oldu. Münasibət də bəllidir: İran Şarm əl- Şeyxdəki Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamədən narahat olmalı idi və oldu. Ona görə İran dərhal “Qoşulmama hərəkatı”nın üzvü olmayan Ermənistanı İrana dəvət etdi. Azərbaycan Respublikası Prezidentinin İrana lazımi qayda da dəvət etməmək, Azərbaycanın haqq işini dəstəkləyən qurumun işində iştirakına maneçilik törətmək üçün səfirini məsləhətləşmək üçün geri çağırdı.

Bir məsələni də diqqətə çatdıraq: 2011-ci ildə Novruz şənliklərində iştirak etmək üçün İran Ermənistan prezidenti S. Sarkisyanı dəvət edərkən Ermənistana 60 milyon dollar yardım ayırdı. İndi isə Ermənistan prezidentinin İrana dəvət olunması 25 milyon avroluq kreditlər müşayiət olunur. İran Ermənistana bu krediti ayırdığı dövr də maraqlıdır:

a) İranın xəzinəsi boşdur. Qərbin tətbiq etdiyi sanksiyalar nəticəsində İran hökumət öz ölkəsinin daxilində mühüm layihələri reallaşdıra bilmir.

b) İranda əhalinin sosial-iqtisadi vəziyyəti ağırdır, ağırlaşmaqda davam edir. Sosial güzəştlərlə bağlı ikinci sıra təkliflər paketini qəbul edilməsi üçün xəzinədən müəyyən qədər vəsaitin toplanmasını gözləyirlər. Qərbin İrana qarşı tətbiq etdiyi sərt sanksiyaların fəaliyyətinin, hətta, bircə aylıq dayandırılmasından ötrü min hoqqadan çıxırlar.

Belə alınır ki, İran xəzinəsinə pul gələn kimi İran hökuməti ilk olaraq Ermənistana ayırdığı kredit tranşını ödəməyə başlayacaqdır. Dünyada Ermənistana belə münasibət göstərən ikinci dövlət olmamışdır və indi də yoxdur. Ermənistana vaxtilə yardım edən dövlətlər hamısı kefləri kök olanda yardım ediblər. İndi Ermənistana, hətta, vaxtilə vəd verdikləri pulu vermirlər.

İranın dini və dünyəvi liderləri İranın zəifləməsini, zəifləyib parçalanacağının mahiyyətini başa düşməkdən çox uzaqdadırlar. Çünki antiazərbaycançılıq onların şüurlarını bürümüş, azacıq qalan boş hissə də freydizmlə məşğuldur. Özlərinin İran dövlətçiliyinə antiazərbaycançılıq üzərində yaratdıqları təhlükəni görməkdən xeyli uzaqdadırlar.

İran BMT BA-da, İslam Əməkdaşlıq Təşkilatında dəfələrlə Dağlıq Qarabağ məsələsində Azərbaycanın əleyhinə mövqe nümayiş etdirməyə cəhd edib. Bir neçə dəfə cəhdləri alınıb. Amma hər şey ondan asılı olmadığı üçün mövqe nümayişindən özü və Ermənistan məlumatlı olublar. Misirdə də hər iki ölkənin xarici işlər nazirləri Dağlıq Qarabağ məsələsinin yekun Bəyannaməyə düşməməsinə səy göstərsələr də, lazım olan nəticəni ala bilmədilər.

“Qoşulmama hərəkatının” Tehran sammitində Dağlıq Qarabağla bağlı Misirin Şarm əl-Şeyx şəhərində nümayiş olunan mövqedən fərqli mövqe ortalığa qoyulacaq. “Qoşulmama hərəkatının” Tehran sammitindəki Dağlıq Qarabağla bağlı mövqe İranın mövqeyi olacaq. Dini və rəsmi Tehran buna hazırlaşır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR