Oktay Vural: “Ermənistana “yetər” demək lazımdır” - MÜSAHİBƏ

Oktay Vural: “Ermənistana “yetər” demək lazımdır” - <font color=red>MÜSAHİBƏ</font>
# 12 iyun 2012 09:41 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Türkiyə Böyük Millət Məclisinin üzvü, Milliyyətçi Hərəkat Partiyasının (MHP) parlament qrupunun həmsədri Oktay Vuralın APA-ya müsahibəsi.

- Bakıya səhv etmirəmsə toya gəlmisiniz.

- Bəli, bura Sabir və Tənzilə Rüstəmxanlıların övladının toyuna gəlmişik. Burada həm də dostlarımızı görmək imkanı qazandıq. Azərbaycana əvvəllər də bir neçə dəfə gəlmişəm. Burada ilk dəfə rəhmətlik Elçibəyin hakimiyyəti dövründə olmuşam. Ondan sonra da bir-iki dəfə gəlmişəm. Amma indi son səkkiz ildə ilk dəfədir gəlirəm.

- Türkiyə-Azərbaycan münasibətlərinin indiki səviyyəsi sizi nə qədər qane edir? Bu yaxın münasibətlərə hansı çalarlar əlavə oluna bilər?

- Türkiyə-Azərbaycan münasibətlərinin yetərli, qaneedici səviyyədə olduğunu düşünmürəm. Əlbəttə, biz bir millət, iki dövlətik. Amma bu iki dövlət arasında xüsusilə də müdafiə, enerji təhlükəsizliyi, iqtisadi baxımdan münasibətlərin daha da inkişaf etdirilməsi zəruridir. Son vaxtlar ərəb dünyasında yaşananlar diqqəti ora yönəldib. Amma Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin kökü daha dərindir. Xüsusilə enerji baxımından - “Nabucco” kəməri, Bakı-Tiflis-Ceyhan boru xətti və digər strateji layihələr iki ölkə münasibətlərinin daha da yaxınlaşmasını diktə edir. Qafqazda stabillik üçün ən önəmli ölkə Azərbaycandır. Azərbaycansız Qafqazda sülh və sabitlik mümkün deyil. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər iki ölkə arasındakı münasibətlər kimi olmamalıdır, prosesləri bərabər, birlikdə gerçəkləşdirmək lazımdır. Türkiyənin Azərbaycanla münasibətləri Türkiyənin digər ölkələrlə münasibətləri kimi olmamalıdır. Ortaq layihələr gerçəkləşdirməyimiz zərurətə çevrilib. Amma istənilən halda, Azərbaycanın arxasında türk milləti var. O baxımdan Azərbaycan da özünü Türkiyədə daha çox göstərməlidir. Yəni münasibətlərin inkişafı üçün Azərbaycanın da üzərinə vəzifə düşür.

- Dağlıq Qarabağ münaqişəsi barədə nə düşünürsünüz?

- Biz Qarabağ münaqişəsi ilə bağlı olanları yaxından izləyirik – həm partiya olaraq, həm də özümüz. Türkiyənin gündəminə xüsusilə Ermənistanla imzalanmış protokollarla girdi bu məsələlər. Biz Milliyyətçi Hərəkat Partiyası olaraq bəyan etdik ki, erməni tərəfi işğal altında olan torpaqlardan, Qarabağdan çəkilmədikcə münasibətlər qurula bilməz. Hələ də protokollar ratifikasiya olunmayıb. Dağlıq Qarabağ məsələsi həm də bir milli məsələdir. Bugünlərdə Azərbaycanın beş şəhid verməsi xəbərini böyük təəssüflə qarşıladıq. Erməni tərəfinin təxribatçı hücumu bu bölgədə ən böyük təhlükəsizlik təhdididir. Əgər Qərb dünyası bu bölgədə sabitlik istəyirsə, birinci növbədə Ermənistanın işğalının qarşısını almalıdır. Bunu etmədiyi təqdirdə, Rusiyanın Gürcüstanla bağlı, məsələn Osetiya siyasətinə qarşı çıxa bilməz. Beynəlxalq münasibətlərdə torpaq bütövlüyü əsasdır. Dağlıq Qarabağ məsələsinin həlli əslində çox sadədir, işğaldan vaz keçiləcək, problem həlli olunacaq. İnşallah Qarabağ məsələsində bir nəticə əldə edərik, əldə etməyimiz lazımdır da.

- Azərbaycan öz torpaqlarını hərb yolu ilə işğaldan azad etmək üçün hərəkətə keçsə, Türkiyəni öz yanında görəcəkmi?

- Bəli, Türkiyə Azərbaycanın yanında olmalıdır. Azərbaycan torpaq bütövlüyünə qarşı olanlara qarşı öz gücündən istifadə etməlidir və bu, təbiidir. Buna qədər isə Azərbaycan Ermənistana bu işğalçılıq siyasətinin sonunun gəldiyini bildirməlidir. Ermənistana “yetər” demək lazımdır. Amma o zamana qədər isə edilməsi mümkün olan hər şey edilməlidir ki, məsələ sülh yolu ilə həll olunsun. Qərb “ərəb baharı” ilə bağlı son nöqtəyə gəldi, dedilər ki, müdaxilə qaçılmazdır. Amma Azərbaycanda konkret olaraq torpaqlar işğal edilib. Əgər hərbi müdaxilə olarsa, Türkiyə Azərbaycanın yanında olacaq. Zatən türk xalqı Azərbaycanın yanındadır.

- Ermənistan prezidentinin yenidən Türkiyəyə dəvət olunmasından xəbəriniz varmı?

- Yox. Matç izləmək üçün çağırılır?

- Xeyr, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının tədbirində iştirak etmək üçün.

- Çoxmu lazım imiş? Mən bu dəvəti gərəksiz sayıram. Türkiyənin xarici siyasətinin başında Ermənistanın Azərbaycan torpaqlarının, Dağlıq Qarabağın işğalından geri çəkilməsinə nail olmaq durmalıdır. Bundan əvvəl Ermənistan prezidenti Türkiyəyə futbol matçı izləmək üçün dəvət olunmuşdu. Amma bundan heç nə çıxmadı. Ona görə mən indiki dəvətin də gərəksiz olduğunu düşünürəm.

- Son vaxtlar İranla Azərbaycan arasında bir gərginlik müşahidə olunur. Bundan xəbəriniz varmı?

- Qismən xəbərim var.

- İran tərəfdən “Eurovision” mahnı yarışması ilə bağlı açıqlamalar oldu, sonra burdan gedən iki şairi tutub saxladılar. Bu cür xəbərləri necə qarşılayırsınız?

- Təəssüf ki, İran yürütdüyü siyasəti ilə Ermənistana kömək edir. Bu fonda müəyyən qədər də Azərbaycanı sıxışdırmaq istəyir. İran Azərbaycanın işlərinə qarışmamalıdır və ümumiyyətlə, başqa ölkələrin işlərinə qarışmaqdan vaz keçməlidir. Əslində, İranın Azərbaycanla bağlı siyasətinin həssaslığının kökündə müəyyən qədər Güney Azərbaycan məsələsi durur. Təbii ki, İran son vaxtlar beynəlxalq münasibətlərdə çətin vəziyyətə düşüb. Bu cür çətin vəziyyətləri kölgədə qoymaq, qarşısını almaq məqsədilə bu cür kənar ölkələrin işinə müdaxilələr edirlər. Əlbəttə, İranın azərbaycanlı şairləri tutub saxlaması da yaxşı hal deyil. Bizim də Suriyada iki jurnalistimizi saxlamışdılar, yəni bunu praktikadan bilirəm.

- Türkiyənin daxili siyasəti ilə bağlı da sual vermək istəyirdim. Sizcə, AKP bundan sonra daha neçə seçkidə qalib gələcək və neçə il iqtidarda qalacaq?

- Bu dönəmdə Türkiyə siyasətində daşları yerindən oynadacaq hadisələr olacaq: Konstitusiya dəyişikliyi, prezident seçkiləri, bələdiyyə seçkiləri olacaq. Bütün bunlar siyasətin qaydalarını, siyasətini daşlarını yerindən oynadacaq məsələlərdir. Mən bundan sonrakı dönəm üçün AKP-nin özülünün çatladığını görürəm. Çünki AKP-ni özündə birləşdirən koalisiyada çəkişmələr başlayıb. Yeni siyasi aktyorların güclənəcəyini düşünürəm. Necə bir vəziyyət yaranacaq bilmirəm, amma olacaqlar MHP üçün də önəmli potensial təşkil edir.

- Hazırda futbol üzrə Avropa çempionatı gedir. Amma Türkiyə yığma komandası bu yarışa qatılmayıb...

- Hə, qatılmadıq. Daha doğrusu, qatıla bilmədik. Azərbaycan ən azından bu il “Eurovision” mahnı yarışmasını keçirdi. Çox uğurla keçdi bu layihə. Amma biz çempionata qatıla bilmədik. Bizdə bir baş məşqçi vardı, yalnız oyundan-oyuna gəlirdi. Pulunu da aldı, amma Türkiyəyə bir şey vermədi. (Hollandiyalı məşqçi Quus Hiddinki nəzərdə tutur – APA.) Bu çempionat əlbəttə, keçdi. Artıq 2014-cü il dünya çempionatını gözləyirik.

- Azərbaycanda Milli Televiziya və Radio Şurasının qərarı ilə əcnəbi serialların, o cümlədən Türkiyə dizilərinin yayımı dayandırılıb. Buna münasibətiniz necədir?

- Axı biz əcnəbi deyilik. Sözün düzü, bizim serialların çoxu keyfiyyətli deyil, bəzən bununla bağlı mübahisə və müzakirələr də olur. Amma türk milli mədəniyyətinin sənayeləşməsi, sərhədlərdən kənara çıxmasında böyük fayda var. O baxımdan, mədəniyyət və sənət əsərlərinin türk dünyasında sərbəst şəkildə dolaşması zəruridir. Əgər bir millət və iki dövlətiksə, hər iki tərəfin sənət və mədəniyyətinin qarşılıqlı olaraq geniş bazarlara çatmasını təmin etmək lazımdır. Bizim də seriallara sözün düzü, bir qədər əl gəzdirmək lazımdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR