ATƏT-in fəaliyyətdə olan sədri: “Biz Dağlıq Qarabağ probleminin həllini tərəflərə “sırıya” bilmərik” - MÜSAHİBƏ

ATƏT-in fəaliyyətdə olan sədri: “Biz Dağlıq Qarabağ probleminin həllini tərəflərə “sırıya” bilmərik” - <font color=red>MÜSAHİBƏ</font>
# 13 iyun 2012 05:45 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmorun APA-ya müsahibəsi

- Bölgəyə səfəriniz çərçivəsində hansı məsələlər müzakirə olunacaq?

- Zorakılıq hallarının ciddi şəkildə artdığına dair gələn xəbərlərdən sonra aydındır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi səfər zamanı əsas müzakirə mövzularından biri olacaq. Həlli uzanan münaqişələrin həllində tərəqqi əldə etmək mənim sədrliyimin prioritetlərindən biridir və hazırda bu məsələ daha çox aktualdır. Zorakılığa son qoyulmalıdır. Bu münaqişə güc yolu ilə həll olunmayacaq. Keçirəcəyim görüşlərdə bütün tərəfləri güc tətbiqindən və güc tətbiq etməklə hədələməkdən çəkinməyə çağıracağam. Qarşılıqlı etimad yaradılmasının vaxtı çatıb və ATƏT bu məsələdə kömək göstərə bilər. Bundan başqa, ölkələrin siyasi rəhbərliyi ilə görüşlərimdə ATƏT-lə, xüsusən Bakı və Yerevandakı ofislərimizlə bu ölkələrin əməkdaşlığını da müzakirə edəcəyik.

- İrlandiyanın ATƏT-də sədrliyinin ilk 6 ayını necə qiymətləndirirsiniz?

- İlk 6 ayda bizim təşkilatın gündəm məsələlərindən biri kimi vacib gördüyümüz bir sıra mövzular, məsələn, internet azadlığı məsələsi qaldırıldı. Bu gün internet milyardlarla insana fikrini azad ifadə etmək imkanı verən həyati dərəcədə vacib kommunikasiya vasitəsidir. Gələn həftə - iyunun 18-də mən önəmli bir konfrans təşkil edəcəyəm. Siyasətçilər, diplomatlar, dövlət, vətəndaş cəmiyyəti və özəl sektordan ekspertlərin qatılacağı konfransda internetin ATƏT məkanında sərbəst və açıq informasiya-kommunikasiya resursu olaraq rolu müzakirə ediləcək. İqtisadi sahədə biz effektiv idarəçilik, korrupsiya, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə tədbirləri vasitəsilə təhlükəsizlik və sabitliyə dəstək verməyə davam edirik. Digər ATƏT ölkələri ilə birlikdə bu sahədə qabaqcıl təcrübəni bölüşürük. Apreldə İrlandiya bizim kriminal aktivlər üzrə Büronun işini digər ölkələr üçün mümkün model kimi təqdim edib.

Biz ATƏT-dəki sədrliyimizdə yolu yarılamışıq və diqqətimizi təkcə önümüzdəki 6 aya yox, həm də təşkilatın bundan sonrakı fəaliyyətinə cəmləmişik. Biz növbəti sədr ölkə Ukrayna, eləcə də gələcək sədrlər İsveçrə və Serbiya ilə 2015-ci ilə qədər olan prioritetlər üzrə sıx əlaqədə çalışırıq. Ən çətin məsələlərdən olan həlli uzanan münaqişələrə gədikdə isə, mən şadam ki, Dnestryanı problemin həllində müəyyən tərəqqi müşahidə olunur. Ötən ilin sonunda rəsmi danışıqlar başlayıb və 2 ay əvvəl tərəflər danışıqların prinsip və prosedurları haqda razılığa gəliblər. Bu, çox önəmli addımdır.

- Bu il Azərbaycan ATƏT-ə üzvlüyünün 20 illiyini qeyd edir. Azərbaycanın bu sahədə nailiyyətlərini necə qiymətləndirirsiniz? Azərbaycan təşkilat qarşısındakı öhdəliklərini necə yerinə yetirir?

- Bu il bir çox ölkə bizim ATƏT cəmiyyəti adlandırdığımız məkanın bir hissəsinə çevrilməsinin 20 ilini qeyd edir. Müxtəlif ölkələr müxtəlif sahələrdə az və ya çox tərəqqi əldə ediblər. Azərbaycan üçün son 20 ildə əldə etdiyi iqtisadi tərəqqini ATƏT-in iki il əvvəl Astana sammitində təsbit edilmiş ümumi prinsiplərə sadiq qalmaqla demokratik inkişafla uzlaşdırmaq çox önəmlidir. ATƏT institutları və bizim Bakı ofisimiz ölkədə islahat proqramının həyata keçirilməsi üçün Azərbaycan hakimiyyət ilə birgə çalışmağa davam edəcək.

- İrlandiyanın sədrliyi çərçivəsində təyin olunmuş Cənubi Qafqaz üzrə xüsusi təmsilçinin işi haqqında nə deyə bilərsiniz?

- Səfir Merfi diplomatik bacarıq, danışıq aparmaq qabiliyyəti və bilik tələb olunan çox çətin bir iş yerinə yetirir. O, belə çətin vəziyyətdə irəliləyişə nail olunmasına çalışır və bu işdə mənim tam dəstəyimə sahibdir.

- Bu il ATƏT-in Minsk Qrupunun yaranmasının da 20-ci ildönümüdür. Lakin bu qurum hələ də Dağlıq Qarabağ münaqişəsinin həllində sıçrayışa nail olmayıb. ATƏT Minsk Qrupunun formatının dəyişdirilməsi və ya onun effektivliyinin artırılması üçün hər hansı tədbirlər planlaşdırırmı?

- Minsk Qrupu tərəflər arasında razılaşdırılmış və kənardan onlara sırınmamış bir formatdır. Onun formatının dəyişdirilməsi haqda heç bir müzakirə getmir. Mən həmsədrlərin səylərini tam dəstəkləyirəm. Biz dialoq üçün forumun təmin edilməsində və dayanıqlı sülhün əldə olunmasında tərəflərə dəstək verə bilərik. Lakin biz məsələnin həllini tərəflərə “sırıya” bilmərik. Münaqişənin həllində irəliləyişə nail olmaq üçün bilavasitə tərəflərin qəti iradəsi və sülh prosesinə bağlılığı vacibdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR