Azərbaycanın Los Ancelesdəki baş konsulu Nyu Meksika ştatında bir sıra görüşlər keçirib - FOTO

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nyu Meksika ştatında bir sıra görüşlər keçirib - <font color=red>FOTO</font>
# 15 iyun 2012 08:34 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycan və ABŞ-ın Nyu Meksika ştatı arasında əlaqələrin gücləndirilməsi məqsədilə sözügedən ştatın paytaxtı Santa Fe şəhərinə səfər edib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan APA-ya verilən xəbərə görə, N.Ağayev orada ştatın icraedici və qanunverici orqanlarının təmsilçiləri, həmçinin ekspertlər və yerli KİV nümayəndələri ilə görüşlər keçirib.

Xatırladaq ki, Nyu Meksika ştatı Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun səlahiyyət dairəsinə daxil olan ABŞ-ın 13 qərb ştatından biridir.

Nyu Meksika ştatının vitse-qubernatoru Con Sançez ilə keçirilmiş görüşdə Azərbaycanın regionda artmaqda olan rolu, güclü iqtisadi potensialı, Azərbaycan-Nyu Meksika əlaqələrinin müxtəlif sahələrdə inkişafı yolları və digər məsələlər müzakirə mövzuları olub.

Ştat Senatının və Nümayəndələr Palatasının üzvləri ilə keçirilmiş görüşlərdə isə əsasən müstəqilliyinin 20 il ərzində Azərbaycanın keçdiyi uğurlu inkişaf yolu, zəngin təbii resurslardan ölkənin güclənməsi üçün səmərəli istifadəsi, Azərbaycan-ABŞ münasibətlərinin inkişafı və bu kimi məsələlər müzakirə edilib.

Baş konsul həmçinin nüfuzlu Santa Fe Beynəlxalq Münasibətlər Şurası İdarə Heyətinin üzvləri və Nyu Meksikanın ən böyük qəzetlərindən biri olan “Santa Fe New Mexican” qəzetinin redaksiya heyəti ilə görüşərək, onlarla regiondakı geosiyasi durum, Azərbaycanın yürütdüyü müstəqil xarici siyasət və Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə ətraflı fikir mübadiləsi aparıb.

Görüşlərdə Azərbaycanın Santa Fe şəhərindəki fəxri konsulu Emmitt Riçard MakHaffi də iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR