Azərbaycan Türkmənistana kəskin etiraz bildirib

Azərbaycan Türkmənistana kəskin etiraz bildirib
# 18 iyun 2012 15:44 (UTC +04:00)
Bakı – APA. Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov iyunun 18-də Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub və xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən qəbul edilib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə bildirilib ki, 2008-ci ildə Azərbaycan və Türkmənistan arasında əldə olunmuş razılaşmaya əsasən, tərəflər Azərbaycan və Türkmənistan sektorlarının dibinin kəsişdiyi sahələrdə Xəzər dənizinin dibinin bölgüsü ilə bağlı məsələlər razılaşdırılmayana qədər kəşfiyyat və hasilatla bağlı heç bir fəaliyyət həyata keçirməyəcək.

Bu razılaşma pozularaq Azərbaycan və Türkmənistan sektorlarının kəsişməsində yerləşən “Kəpəz” yatağında Türkmənistan tərəfindən seysmik işlərin aparılmasına başlamaq cəhdi göstərilir.

Bununla əlaqədar olaraq Türkmənistan tərəfinə qəti etiraz bildirilib və qeyd olunub ki, Türkmənistanın hüquqa zidd fəaliyyəti qəbuledilməzdir və Azərbaycan tərəfi Xəzər dənizində öz suveren hüquqlarının müdafiəsi ilə bağlı müvafiq tədbirlərin görülməsi hüququnu özündə saxlayır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR