Bakıdakı Amerika mərkəzi öz beşilliyini qeyd edib

Bakıdakı Amerika mərkəzi öz beşilliyini qeyd edib
# 22 iyun 2012 17:43 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bu gün Azərbaycan Dillər Universitetində yerləşən Amerika mərkəzi öz beş illiyini qeyd edib. APA-nın məlumatına görə, bayram tədbirində universitetin rektoru Səməd Seyidov, həmçinin ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq iştirak ediblər.

S. Seyidov mərkəzin 5 il ərzində gördüyü işləri yüksək qiymətləndirib. «ABŞ bizim yalnız strateji tərəfdaşımız deyil, həm də dostumuzdur», deyə rektor bəyan edib. O xatırladıb ki, iki ölkə arasında fəal əməkdaşlıq mövcuddur, Azərbaycan və ABŞ hərbçiləri Əfqanıstandakı sülhyaratma missiyasında çiyin-çiyinə iştirak edirlər.

Adam Sterlinq iki ölkənin əməkdaşlığı və diplomatik münasibətləri baxımından bu mərkəzin vacib olduğunu xüsusilə qeyd edib. Onun sözlərinə görə, mərkəzə hər il orta hesabla 40-50 min insan gəlir. Ötən 5 il ərzində Amerika mərkəzində təxminən 250 min şəxs olub. A.Sterlinq xatırladıb ki, açıldığı 2007-ci ildən mərkəzdə çoxsaylı proqramlar həyata keçirilib. Bu proqramlar tələbələrə ingilis dilini öyrənməyə və ABŞ-da təhsil almağa imkan veriblər. «Mən bu mərkəzdə tez-tez oluram və özümü burada dostlar və yaxın adamların əhatəsində hiss edirəm», deyə o vurğulayıb.

Tədbir çərçivəsində ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili və Azərbaycan Dillər Universitetinin rektoru növbəti 3 il üçün qarşılıqlı anlaşma barədə memorandum imzalayıblar. Xatırladaq ki, Amerika mərkəzi universitetdə bu memorandumun əsasında fəaliyyət göstərir. Bundan əvvəlki memorandum 2009-cu ildə imzalanıb.

İmzalanmadan sonra tədbir musiqi proqramı ilə davam etdirilib.

Xatırladaq ki, Amerika mərkəzi ABŞ-ın Azərbaycandakı səfirliyinin layihələrindən biridir. Müvafiq mərkəzlər Bakı, Gəncə, Lənkəran, Salyan, Xaçmaz və Kürdəmirdə fəaliyyət göstərirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR