Səfir Tamerlan Qarayev etimadnamələrini ASEAN təşkilatının rəhbərinə təqdim edib

Səfir Tamerlan Qarayev etimadnamələrini ASEAN təşkilatının rəhbərinə təqdim edib
# 25 iyun 2012 10:45 (UTC +04:00)
Bakı – APA. İyunun 25-də səfir Tamerlan Qarayev ASEAN beynəlxalq təşkilatında Azərbaycan Respublikasının səfiri təyin olunması haqqında etimadnamələrini ASEAN təşkilatının Cakartada yerləşən baş katibliyində qurumun sədri Surin Pitsuvana təqdim edib. Azərbaycanın İndoneziya, eyni zamanda Sinqapur, Filippin və Timor-Lestedəki səfirliyindən APA-ya verilən məlumatına görə, S. Pitsuvan ASEAN dövlətlərinin Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verdiyini, siyasi, iqtisadi, mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu deyib. O, Azərbaycan-ASEAN əməkdaşlığının genişləndirilməsi üçün media üzvlərinin qarşılıqlı səfərlərinin təşkil olunmasını tövsiyə edib.

T. Qarayev əvvəlcə Azərbaycanın coğrafi mövqeyi, tarixi, mədəniyyəti və hazırkı vəziyyəti haqqında məlumat verib. Dağlıq Qarabağ münaqişəsinə dair suala cavab verən səfir münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20%-nin Ermənistan tərəfindən işğal olunduğunu bildirib. O, ASEAN dövlətləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünə, münaqişənin sülh yolu ilə, sərhədlərin toxunulmazlığı və beynəlxalq normalar çərçivəsində həllinə dəstəyinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

T. Qarayev 25-26 oktyabr 2012-ci ildə Bakıda keçiriləcək ECO-ASEAN nazirlərarası görüşü ilə bağlı ASEAN dövlətləri xarici işlər nazirlərinə dəvət məktublarının ünvanlandığını sədrə xatırladaraq ölkələrin hansı səviyyədə təmsil olunacağı haqda məlumat istəyib. O, fürsətdən istifadə edərək S. Pitsuvanı Azərbaycana səfərə dəvət edib.

S. Pitsuvan qısa zaman çərçivəsində ASEAN dövlətlərinin xarici işlər nazirləri ilə görüşəcəyini və səfirliyə məlumat verəcəyini söyləyib. O, yaxın zamanlarda Azərbaycana səfər etmək arzusunda olduğunu açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR