Bu gün İstanbulda QDİƏT-in 20 illiyinə həsr olunmuş yubiley sammiti keçirilir

Bu gün İstanbulda QDİƏT-in 20 illiyinə həsr olunmuş yubiley sammiti keçirilir
# 26 iyun 2012 07:18 (UTC +04:00)
İstanbul. Əli Əhmədov-APA. Bu gün İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının təsis olunmasının 20 illiyinə həsr olunmuş yubiley sammiti keçirilir. APA-nın Türkiyəyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev sammitdə iştirak etmək üçün Türkiyəyə səfərə gedib. Yubiley sammitinə Azərbaycan, Gürcüstan, Rumıniya, Moldova və Serbiya prezidentləri də qatılacaq, Albaniya və Bolqarıstan isə sammitdə baş nazir səviyyəsində təmsil olunacaqlar.

Qurumun 20 illiyinə həsr olunmuş zirvə görüşünə Serbiya və Türkiyə sədrlik edəcək. Bu iki ölkə 2012-ci ildə QDİƏT-ə sədrlik edəcəklər. Sammitdə münasibətlərin inkişafı müzakirə olunacaq, İstanbul Bəyannaməsi imzalanacaq.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yubiley sammitində regionda dondurulmuş müzakirələrin həlli yollarının müzakirəsi gözlənilir. Bu barədə APA-ya Türkiyənin diplomatik mənbələrindən bildirilib. Sammitdə yekun bəyannamə qəbul ediləcək, sənəddə təşkilatın qlobal dünyada yeri və fəaliyyəti, təhlükəsizlik və enerji təhlükəsizliyi ilə bağlı məsələlər əksini tapacaq: “Enerji xətləri, enerji təhlükəsizliyi Qara dəniz regionunun həyatında mühüm rol oynayır və təşkilatın böyük önəm verdiyi məsələlərdəndir”.

Sammitdə müzakirə olunacaq mühüm məsələlərdən biri də regiondakı həll olunmayan münaqişələrdir. Mənbə bildirib ki, əslində QDİƏT sammitində konfliktlərin hillini gözləmək olmaz: “QDİƏT iqtisadi qurumdur. Amma biz bu konfliktlərin həlli üçün siyasi dialoqun təşkilinə çalışırıq. Biz demirik ki, məsələn, sabah bu problemi həll edəcəyik. Amma bu təşkilat bu cür münaqişələrin həlli üçün müzakirələrin aparılmasına imkan verir. Çünki konfliktlər olduğu halda iqtisadi əməkdaşlıqdan söhbət gedə bilməz. Konfliktlərin həlli ölkələr arasında iqtisadi layihələrin həyat keçirilməsinə şərait yarada bilər”.

Mənbənin sözlərinə görə, hazırda QDİƏT-in fəaliyyətinin gücləndirilməsi üçün bir sıra layihələr müzakirə edilir. Bunlardan biri Qara dəniz ətrafında nəqliyyat dəhlizinin - dairəvi yolun tikintisidir. Uzunluğu təqribən 7700 kilometr olacaq bu yol sərnişinlərin və yüklərin Qara dəniz ətrafı boyunca daşınmasına imkan verəcək, eləcə də regionu Xəzər dənizi regionu ilə birləşdirəcək. Müzakirə olunacaq ikinci məsələ isə QDİƏT üzvü olan ölkələr arasında viza qaydalarının sadələşdirilməsidir. Bu addım ölkələr arasında ticarətin, ümumiyyətlə iqtisadi əlaqələrin gücləndirilməsinə imkan verəcək. Bundan başqa, QDİƏT Avropa Birliyi ilə əlaqələri gücləndirmək niyyətindədir.

Qeyd edək ki, QDİƏT 20 il bundan əvvəl 1992-ci ildə region ölkələri arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi məqsədilə təsis edilib. Hazırda təşkilat üzvlərinin əhatə etdiyi ölkələrin ümumi sahəsi 20 milyon kvadrat kilometr, əhalisinin sayı 340 milyon nəfərdir.

Təşkilat ölkələr arasında nəqliyyat, ticarət, iqtisadi inkişaf, enerji (ən mühüm sahələrdəndir), kommunikasiya və informasiya texnologiyaları, elm, turizm, təhsil və gömrük işi sahələrində, eləcə də investisiya və turizm sahələrində əməkdaşlığı nəzərdə tutur.

Təşkilatın parlament qurumu – Parlament Assambleyası, eləcə də xüsusi bankı - Qara Dəniz Ticarət və İnkişaf Bankı təsis edilib.

Sammitlə paralel olaraq Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının da toplantısı keçiriləcək. Bundan başqa, sammit ərəfəsində üzv ölkələrin strateji araşdırmalar mərkəzlərinin iştirakı ilə Akademik forum işinə başlayıb. Burada təşkilata üzv ölkələrinin beyin mərkəzləri gələcək perspektivləri müzakirə edəcəklər. Eyni zamanda üzv dövlətləri təmsil edən dövlətlərin biznes qurumlarının iştirakı ilə dəyirmi masa təşkil olunacaq. Nəhayət sammitlə paralel olaraq üzv dövlətləri təmsil edən qeyri-hökumət təşkilatlarının forumu keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR