Rafael Hüseynov “Avropa Şurasına üzv ölkələrdə insan hüquqları müdafiəçilərinin vəziyyəti” adlı hesabatı tənqid edib

Rafael Hüseynov “Avropa Şurasına üzv ölkələrdə insan hüquqları müdafiəçilərinin vəziyyəti” adlı hesabatı tənqid edib
# 28 iyun 2012 07:39 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli - APA. Avropa Şurası Parlament Assambleyasının yay sessiyasının iyunun 26-da keçirilən plenar iclasında estoniyalı deputat Mailis Repsin hazırladığı “Avropa Şurasına üzv ölkələrdə insan hüquqları müdafiəçilərinin vəziyyəti” adlı hesabat ətrafındakı müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da çıxış edib. APA-nın Strasburq müxbirinin məlumatına görə, məsələyə daha çox tənqidi yanaşan, sənəddə bir çox məsələlərin obyektivlikdən uzaq olduğunu söyləyən azərbaycanlı millət vəkili, insan hüquqları müdafiəçiləri ilə bağlı məruzənin hazırlanmasını təqdir etməklə yanaşı, belə hesabatlarda faktlara münasibətdə son dərəcə diqqətli olmağın vacibliyini vurğulayıb: “Hesabatda Azərbaycan haqqında yer alan mülahizələrlə razılaşmaq çətindir, bu fikirlərin hamısına mütləq yenidən baxılmalı və dəqiqləşdirilməlidir. Çünki burada həqiqətlə uyğun olmayan məlumatlar mövcuddur. Sənədin 23-cü bəndində 2011-ci ilin mart ayında Bakıda İnsan Haqları Evi Assosiasiyasının bağlandığı bildirilir. Azərbaycan ölkədə ən müxtəlif beynəlxalq təşkilatların fəaliyyət göstərməsində maraqlıdır, onlar üçün hər şərait yaradılır. Adı çəkilən təşkilatın fəaliyyətini dayandırması isə çox sadə səbəblə bağlıdır. Azərbaycanda xarici qeyri-hökumət təşkilatlarının qeydiyyatına dair qanunvericiliyə dəyişiklik edilib. Həmin dəyişikliyə uyğun olaraq Azərbaycanda fəaliyyət göstərmək istəyən qeyri-hökumət təşkilatının ölkənin Ədliyyə Nazirliyi ilə müvafiq müqaviləsi olmalıdır. Bu, adi prosedur qaydasıdır. Hesabatda 2011-ci ilin avqust ayında Bakıda guya hüquq müdafiəçisinin ofis kimi istifadə etdiyi binanın hadisəyə xüsusi dramatik don geydirilərək buldozer ilə uçurulduğu göstərilir. Yenə yarımçıq informasiyanın yaratdığı yanlış təsəvvürdür. Bakının mərkəzindəki köhnə bir məhəllə sökülərək orada şəhər sakinlərinin mənalı istirahəti üçün müasir kompleks salınır. Bu məqsədlə oradakı ömrünü başa vurmuş və müasir şəhərə yaraşmayan yüzlərlə köhnə bina sökülüb və mindən artıq ailə kompensasiya ödənilərək köçürülüb. Bu, o qədər mürəkkəb bir prosesdir ki, təbii olaraq bir-iki nəfər narazı qalan, yaxud bu hadisələrdən xüsusi əks təbliğat üçün istifadə etmək istəyən tapıla bilər. Real məqamları nəzərə almadan belə detalları şişirdərək məruzədə xüsusi qabartmağın yaxşı niyyətlərdən törəmədiyi, ədalətsiz, qeyri-obyektiv olması şəksizdir. Hüquq müdafiəçilərinin daha mütəşəkkil bir gücə dönməsi, gələcəkdə daha səmərəli fəaliyyət göstərməsi üçün Parlament Assambleyasının kömək etmək imkanları çoxdur. Mən təklif edərdim ki, Avropa Şurasında təcrübəli siyasətçilərin cəlb edilməsi ilə hüquq müdafiəçiləri üçün vaxtaşırı təlimlər keçirilsin, mühazirələr oxunsun. Sistematik halda davam edən belə kurslar üzv ölkələrdəki hüquq müdafiəçilərinin daha yüksək peşəkarlıq əldə etməsinə və daha uğurlu fəaliyyətlərinə layiqli töhfə olardı”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR