Fərhad Məmmədov: “Cənubi Qafqazda iki ölkə - Azərbaycan və Gürcüstan uğurla inkişaf edir, Ermənistan isə tənəzzüldədir”

Fərhad Məmmədov: “Cənubi Qafqazda iki ölkə - Azərbaycan və Gürcüstan uğurla inkişaf edir, Ermənistan isə tənəzzüldədir”
# 28 iyun 2012 07:48 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA. “Bu gün keçirilən tədbirdə məqsəd 20 il ərzində Cənubi Qafqazda cərəyan edən prosesləri təhlil etmək və adından da göründüyü kimi, baş verənlərdən dərs çıxarmaq və gələcəyə baxışın formalaşması üçün fikir mübadiləsi aparmaqdır”. APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM), “Caucasus International” və “Turkish Policy Quarterly” jurnallarının “Qafqazın gələcəyi naminə birgə səylər: Ötən 20 il və onun dərsləri” mövzusunda Bakıda təşkil etdikləri beynəlxalq konfransla bağlı jurnalistlərə açıqlama verən SAM-ın direktoru Fərhad Məmmədov deyib.

F. Məmmədov son 20 il ərzində Cənubi Qafqazda bir çox proseslərin baş verdiyini söyləyib: “Cənubi Qafqazda iki ölkə - Azərbaycan və Gürcüstan uğurla inkişaf edir, onların gələcəyə baxışlarının formalaşması üçün resursları, imkanları var. Lakin bir respublika qalır ki, öz işğalçı siyasəti nəticəsində izolyasiyaya məruz qalıb, beynəlxalq layihələrdən təcrid olunub. Ermənistanın büdcəsi 2006-cı ildən bu yana 13,8 faiz artıb, Azərbaycanın büdcəsi 2,5, Gürcüstanın büdcəsi isə 2 dəfə artıb. Bu rəqəmlər onu göstərir ki, Ermənistan staqnasiyadadır və hər hansı inkişaf yoxdur. Ermənistanı il ərzində 20-40 min arası insan tərk edir. Biz beynəlxalq ictimaiyyətə nümayiş etdirmək istəyirik ki, Ermənistan öz işğalçı siyasəti nəticəsində bu vəziyyətə düşüb və bu vəziyyətdən çıxmaq üçün öz işğalçı siyasətindən əl çəkməlidir. Biz birgə yaşamağa hazırıq, Azərbaycan Respublikası daxilində Dağlıq Qarabağa ən yüksək status təmin edilə bilər və Ermənistan bu münaqişədən sonra inkişaf edərək firavan yaşaya bilər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR