Portuqaliyanın xarici işlər naziri: “Ərazi bütövlüyü harmoniyanı təmin edən başlıca prinsipdir”

Portuqaliyanın xarici işlər naziri: “Ərazi bütövlüyü harmoniyanı təmin edən başlıca prinsipdir”
# 28 iyun 2012 11:12 (UTC +04:00)
Bakı. Dünal Qurbanov – APA. “Portuqaliya və Azərbaycan dünyada gedən proseslər barədə eyni mövqedən çıxış edirlər”. APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliyanın xarici işlər naziri Paulo Portasla birgə keçirdiyi brifinqdə deyib. Həmkarı ilə həm təkbətək, həm də geniş tərkibli görüşlər keçirdiyi söyləyən E. Məmmədyarov xatırladıb ki, həm Azərbaycan, həm də Portuqaliya BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvüdür. O, görüşdə Suriya, İran və s. regional məsələlərlə bağlı müzakirələr apardıqlarını bildirib.

E. Məmmədyarov qonağı Qarabağ problemi barədə geniş məlumatlandırdığını bildirib. Onun sözlərinə görə, görüşdə iqtisadi məsələlər də müzakirə olunub: “Qərara gəldik ki, iqtisadi məsələlərlə bağlı hüququ baza genişləndirilməli və gücləndirilməlidir. Azərbaycan və Portuqaliya arasında müştərək komissiya yaradılmalı, mədəniyyət və turizm sahələrində sazişlər imzalanmalı, humanitar sahədə əlaqələr genişləndirilməlidir. Bu, tarixi səfərdir və bununla bizim əlaqələrdə yeni bir mərhələ açılacaq”.

Portuqaliyanın xarici işlər naziri Paulo Portas görüşün çox yüksək səviyyədə keçdiyini qeyd edib. Nazir bəyan edib ki, Azərbaycanla Portuqaliyanın beynəlxalq arenada baş verən proseslərə münasibətdə bənzər mövqeləri var: “Portuqaliyanın Dağlıq Qarabağ problemi ilə bağlı qəbul olunan sənədlər barədə mövqeyi aydındır. Bu məsələdə ərazi bütövlüyü harmoniyanı təmin edən başlıca prinsipdir. Mən problemin diplomatik həllini dəstəkləyirəm. Çünki diplomatlar ona görə vardırlar ki, onlar çətin məsələlərin siyasi həllini tapırlar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR