“Rusiya-Azərbaycan dialoqu 2012” Rusiya-Azərbaycan III Regionlararası Forumun Yekun Bəyannaməsi qəbul olunub

“Rusiya-Azərbaycan dialoqu 2012” Rusiya-Azərbaycan III Regionlararası Forumun Yekun Bəyannaməsi qəbul olunub
# 28 iyun 2012 14:35 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Rusiya-Azərbaycan dialoqu 2012” Rusiya-Azərbaycan III Regionlararası Forumu işini yekunlaşdırıb. APA-nın məlumatına görə, yekun iclasda çıxış edən Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, Azərbaycan tərəfi bu forumdan çox razıdır: “Forumda səslənən bütün təkliflər nəzərə alınacaq və müzakirə olunacaq. Azərbaycan Rusiya ilə strateji əməkdaşlığı davam etdirmək əzmindədir”.

İclasda çıxış edən Rusiya prezident aparatının xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə idarə rəisi Vladimir Çernov isə bildirib ki, bu forum Azərbaycan və Rusiya arasında geniş perspektivlərə malik olan bir meydandır.

Daha sonra “Rusiya-Azərbaycan dialoqu 2012” Rusiya-Azərbaycan III Regionlararası Forumun Yekun Bəyannaməsi qəbul olunub. Sənəddə qeyd olunur ki, regionlararası əməkdaşlığın inkişafı Azərbaycan və Rusiya xalqlarının köklü maraqlarına cavab verir, etimadın və qarşılıqlı yaxınlaşmanın möhkəmlənməsinə xidmət edir.

Tərəflər ikitərəfli dialoqun irəli aparılmasına Azərbaycanla Rusiyanın subyektləri arasında əlaqələrin effektivliyinin artırılması yolu ilə töhfə verməyə hazır olduqlarını bir daha təsdiqləyiblər. Bəyannamədə əməkdaşlığın inkişafının prioritet istiqamətləri sırasında qarşılıqlı sərfəli ticarətin inkişafı üçün münbit şəraitin formalaşdırılması, istehsal kompleksinə investisiyaların artırılması, əmək miqrasiyası sahəsində ikitərəfli müqavilə bazasının mükəmməlləşdirilməsi, nəqliyyat kommunikasiyaları və rabitə sahəsinə dəstək mexanizmlərinin yaradılması və onların inkişafı, aqrosənaye kompleksi sahəsində əməkdaşlığın inkişafı, yanacaq-energetika, sənaye və aqrosənaye, nəqliyyat kompleksləri sahəsində sahələrarası dialoqun intensivləşdirilməsi, maliyyə sektorunda əməkdaşlıq, ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan rasional istifadə sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi, Azərbaycanda və Rusiyanın subyektlərində Rusiya və Azərbaycan diasporlarının etnik, dil və mədəni bənzərsizliklərinin qorunması və inkişafı üçün münbit şəraitin təmin edilməsi kimi müddəalar yer alıb.

Bəyannamədə Azərbaycanla Rusiya arasında uzunmüddətli iqtisadi əməkdaşlıq proqramının tezliklə imzalanmasının vacibliyi qeyd olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR