Elxan Süleymanov: “Siyasi məhbus anlayışına dair “Nerqard prinsipləri” əsasında hazırlanmış meyarlar köhnəlib və Avropa ölkələri üçün tamamilə qeyri-müvafiqdir” - MÜSAHİBƏ

Elxan Süleymanov: “Siyasi məhbus anlayışına dair “Nerqard prinsipləri” əsasında hazırlanmış meyarlar köhnəlib və Avropa ölkələri üçün tamamilə qeyri-müvafiqdir” - <font color=red>MÜSAHİBƏ</font>
# 28 iyun 2012 14:53 (UTC +04:00)
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov müzakirələrin gedişi ilə bağlı APA-nın suallarını cavablandırıb.

- AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsində hər iki məruzə müzakirə edildi. Komitənin dünənki iclasını necə dəyərləndirərdiniz?

- Avropa Şurası deputatlarının Azərbaycandakı vəziyyətə ədalətli yanaşma qəbul etmək istəklərini nümayiş etdirərək, siyasi məhbusların müəyyənləşdirilməsinə dair açıq və şəffaf müzakirəyə nə dərəcədə hazır olduqlarını aydınlaşdırmaq baxımından iyunun 26-sı mühüm gün idi.

- Siyasi məhbusların vahid tərifinə dair razılığa gələ bildinizmi?

- Bizim problemimizin özəyi məhz budur. Təəssüf ki, Avropa Şurasında indiyə qədər siyasi məhbusların razılaşdırılmış tərifi yoxdur. Hətta BMT və Amnesty İnternational kimi digər təşkilatlar bu termini artıq istifadə etmirlər. 26 iyunda kiçik səs fərqi ilə (26 lehinə, 22 əleyhinə) qəbul edilmiş meyarlar göstərir ki, Avropa Şurası daxilində bu vacib məsələyə dair hələ də böyük fikir ayrılığı mövcuddur. Ümumilikdə, bu əsas qərarlar böyük səs çoxluğu ilə qəbul edilir, lakin aydındır ki, bu dəfə belə olmadı. Bu, məruzəçinin təklif etdiyi meyarların ziddiyyətli xarakterini və nəticə etibarilə, onların şübhəsiz tətbiq edilməsinin çətinliyini göstərir.

- Bu meyarları bizə izah edə bilərsinizmi?

- Məruzəçinin təklif etdiyi meyarlar təxminən 20 il əvvəl Cənubi Afrikada, Namibiyada vətəndaş müharibəsindən sonrakı vəziyyətlə bağlı üç müstəqil ekspertin 2001-ci ildə apardığı işə əsaslanır. Belə ki, müstəqil ekspertlər BMT-nin missiyasının Namibiyada və sonradan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Cənubi Afrika Respublikasında istifadə etdikləri “Nerqard prinsipləri” əsasında hazırlanmış meyarları tətbiq ediblər. Professor Nerqardın tədqiqatları göstərilmiş ölkələrdə milli barışıq missiyasının tərkib hissəsi idi. Belə ki, həmin dövrdə Namibiya və Cənubi Afrika Respublikasında bu ölkələrin cəmiyyətləri parçalanmış, həmin ərazilərdə milli, irqi zəmində qarşıdurma hökm sürürdü. Avropa Şurası məkanında, o cümlədən Azərbaycanda isə vəziyyət qeyd edilən Afrika ölkələrindəki vəziyyətdən köklü surətdə fərqli olub, cəmiyyətdə parçalanma olmaması səbəbindən milli barışıq missiyasına da ehtiyac qalmayıb.
Beləliklə, düşünürəm ki, bu meyarlar çox köhnəlib, dəqiq deyil və Avropa ölkələri üçün tamamilə qeyri-müvafiqdir. Bir çox deputatlar mənim mövqeyimi dəstəklədilər, belə ki, həmin meyarlara görə, qatillər, terrorçular və ekstremistlər siyasi məhbus hesab edilə bilərlər.
Ümumiyyətlə, Ştrasserin meyarlarla bağlı məruzəsi deputatların əksəriyyəti tərəfindən çox səthi, tələsik və bu günkü reallığa cavab verməyən gülünc sənəd olduğu vurğulandı. Hətta bu məruzənin bütövlükdə müzakirələrdən çıxarılması dəfələrlə təklif edildi.

- Deməli, məruzəçi Azərbaycandakı vəziyyəti təhlil etmək üçün bu meyarlardan istifadə edib?

- Bəli. Məruzəçi Azərbaycana dair məruzədə ictimai fikrə Azərbaycanın insanları qeyri-qanuni həbs etdiyi təəssüratını verərək, 89 nəfərdən ibarət siyahını da daxil edir. Lakin onların çoxu artıq həbsdə deyil və digər bir neçəsi Azərbaycanda demokratiyanı zorakı yollarla dəyişmək üçün açıq çağırışlar etmiş təhlükəli ekstremistlərdir. Çox qəribədir ki, demokratiyanın istinadgahı kimi təsvir edilən qurumun məruzəçisi məhz gənc demokratiyamızı devirmək istəyən həmin şəxslərə rəsmi dəstək verir. Bundan əlavə, Ştrasserin məruzəsində Avropa Şurası Baş Katibi tərəfindən təsis edilmiş müstəqil ekspertlər qrupunun siyasi məhbus hesab etmədikləri, xüsusilə ağır cinayətlərdə, insan öldürməkdə, terrorçuluqda, insan oğurluğunda, soyğunçuluqda, narkotik istifadəsində və digər təhlükəli cinayətlərdə təqsirləndirilən şəxslərin adları siyasi məhbuslar kimi təqdim edilib və Ştrasserin özünün etiraf etdiyi kimi o, belə bir məntiqdən çıxış etmışdir ki, “belə şəxslərin həbsxanadan buraxılmaları üçün axırıncı şans ola biləcəyinə görə mən bu şəxslərin adlarını ehtimal olunan siyasi məhbusların vahid siyahısı layihəsinə salmışam”.

- Məruzəçinin Avropa İnsan Hüquqları Məhkəməsinə müdaxiləsi barədə bir çox tənqidlər vardı.

- Doğrudur. Məruzəçi demək olar ki, bütün fərdi işlərə, əksəriyyəti milli məhkəmələrimizdə və ya Strasburqda Avropa Məhkəməsində həllini gözləyən məhkəmə işlərinə dair şəxsi bəyanatlar verir. Avropada ümumi təcrübəyə görə, siyasətçilərin məhkəmə prosesinə müdaxiləsi qəbuledilməzdir. Avropa Şurasına üzv olan heç bir dövlət belə qeyri-demokratik yanaşmanı qəbul etməz.

- Səsvermədən əvvəl Komitədə ümumi əhval-ruhiyyə necə idi?

- Biz cənab Ştrasserin qərəzli mövqeyini və məruzələrinin yalnışlıqları və mənfi rəyini Avropa deputatlarına izah etmək üçün çox çalışdıq. Məruzənin həqiqətən ədalətsiz olduğunu görən Qərbi Avropalı deputatların çoxu bizə böyük dəstək verdilər, lakin bu, çətin mübarizə idi. Hər iki tərəfdən müzakirələr çox emosional idi. Günün sonunda yalnız 2 səs fərqi (25-23) vardı, bu isə Avropa Şurasında tamamilə müstəsna hal idi, çünki burada bu cür məruzələr həmişə çöx böyük səs çoxluğu, hətta konsensusla qəbul edilir.
Rəqiblərimiz səsvermədə iştirak üçün bir-birilərinə zəng etdilər. Onların çoxu müzakirədə iştirak etmədən və ya məruzə barədə məlumatlı olmadan, Ştrasserin məruzəsinə səs vermək üçün onları çağırmış siyasi liderin göstərişlərinə kor-koranə əməl edərək, iclasın keçirildiyi kabinetə yalnız səsvermə anında daxil oldular. Şəxsi fikrə yer verilmədi və bir sıra deputatlar təklikdə bizə bildirdilər ki, bizim mövqeyimiz tamamilə düzgündür, ancaq onlar Ştrasseri dəstəkləməsələr, siyasi gələcəkləri təhlükədə olacaq.

- “Demokratiya Evi”ndə işləməyin qəribə üsulu?

- Bunu ən yumşaq tərzdə dediniz. Deputatlar qeyri-obyektiv, mümkün həll yolu təklif etməyən ədalətsiz məruzənin lehinə səs vermələri üçün böyük təzyiq altında idilər. Bu qədər uzağa gedərək, öz həmkarlarını şantaj etmiş bəzi liderlərin bu qərəzli mövqelərini məğlub etmək çətindir. Məruzələri ətraflı oxuyan və bu təzyiqə müqavimət göstərmək üçün kfiayət qədər cəsarəti olanlar sağlam düşüncə və məntiq göstərdilər və bizi dəstəklədilər.

- Azərbaycana dair səsvermədə baş verənləri daha ətraflı izah edə bilərsinizmi?

- Bizi dəstəkləyən deputatların bəziləri onlara edilən təzyiqlər nəticəsində səhər iclasında, bir neçəsi isə günorta iclasında səsvermənin ikinci hissəsində iştirak etmədilər. Sonuncu məruzə ilə bağlı biz bir sıra səsvermələrdə üstünlük qazandıq. Bu arada rəqiblərimizin bəzisi və Katibliyin əməkdaşları müzakirədə iştirak etməyən digər üzvlərə zəng etməyə başladılar, neytral qalmış deputatlar edilən təzyiqlər nəticəsində mövqelərini dəyişdilər, bir siyasi qrupun lideri həmin qrupun üzvləri olan deputatlara təzyiq edərək onlara Ştrasserin məruzəsini dəstəkləmək tapşırığı vermişdi, Katiblik tərəfindən səsvermənin saxtalaşdırılması baş verdi. Bütün bu amillər isə səsvermənin gedişatını dəyişdi.

Bundan əlavə, qeyd edilməlidir ki, müzakirələr ərəfəsində Amnesty International, Human Rights Watch, Freedom House, Human Rights House Foundation, Freedom Now və X index the voice of free expression kimi nüfuzlu beynəlxalq QHT-lər Komitə üzvlərinə müraciət edərək, onları Strasserin məruzələrini dəstəkləməyə çağırmışdılar. Sözsüz ki, müzakirələr ərəfəsində Komitə üzvlərinə belə bir müraciətin ünvanlanması, Azərbaycanla bağlı reallıqların təhrif edilməsi bizim ölkəmizə qarşı təşkil edilmiş kampaniyanın tərkib hissəsi idi və Avropa deputatlarına siyasi təzyiq forması idi. Onu da deyim ki, belə bir müraciət 27.06.2012-ci il tarixdə yuxarıda adları çəkilən təşkilatlar tərəfindən sonradan Monitorinq Komitəsinin üzvlərinə də ünvanlandı.
Beləliklə, aydındır ki, bu, demokratik qərar qəbul edilməsinə yaxşı nümunəsi deyildir və Avropa Şurası yeni, nisbətən kiçik üzv dövlətlərini nüfuzdan salmaqda şəxsi marağı olan bəzi siyasi liderlərin şəxsi proqramının ardınca getməməlidir.

- Sizin fikrinizcə, nə üçün Ştrasser ölkəmizə qarşı belə düşmən münasibətindədir?

- Aydındır ki, Azərbaycanın geosiyasi səhnədə mühüm rolu getdikcə artır. Bir çox müxtəlif maraqlı tərəflər ölkəmiz barədə mənfi fikir yaratmaq istəyir. Biz qismən Ermənistanla davam edən problemimizə, Avropanı təmin edə biləcəyimiz enerji təhlükəsizliyindəki böyük marağa və mühüm geosiyasi vəziyyətinə görə başqaları üçün mümkün təhlükə yaradırıq. Bir çoxlarının bu düşməncəsinə məruzənin lehinə səs verməsinə səbəb bu motiv idi. Ikinci və mən deyərdim əsas səbəb odur ki, Ştrasser və Komitə Avropa Şurasının meyarlarla bağlı hüquqi sənədinin olduğunu qətiyyətlə iddia edir və bu məsələdə yuxarıda qeyd etdiyim kimi 20 il əvvəl Namibiyada istifadə olunan “Nerqard prinsipləri”nə istinad edirdilər. Azərbaycan tərəfi isə neyarlarla bağlı Avropa Şurasının hüquqi sənədinin olmadığını sübut etməklə yanaşı bütün Avropa ölkələri üçün vahid meyarların hazırlanmasının vacibliyini bildirirdi. Bu ilin mayın 21-də məruzələrin bölünməsi və meyarlar üzrə məruzələrin yazılması bizim mövqeyimizin doğruluğunu təsdiq etdi. Bu isə heç şübhəsiz Azərbaycanın düşmənlərini narahat etməyə bilməzdi və nəticə etibarı ilə Ştrasserin bu məsələdə ədalətsizliyi və məkrliliyi onun Azərbaycana olan düşmən münasibətində özünü büruzə verdi. Bu səbəbdən də rəqiblərimiz bu müzakirədə Azərbaycanı ayırmaqda təkid etdilər, baxmayaraq ki, hamımız bir çox ölkələrin eyni iddialarla üzləşdiyini və hətta belə məruzənin daha geniş coğrafi miqyası əhatə etməli olması barədə razılığa gəlindiyini bilirik. Aydındır ki, Avropanın müxtəlif siyasi qurumlarında öz şəxsi məqsədlərinə görə hər vəchlə bizi təcrid etmək və pis görünməyimizi istəyən nüfuzlu insanlar qrupu vardır..

- Bəs növbəti addım nə olacaq?

- Bu, uzun mübarizədir və mübarizəni davam etdirəcəyik. Mart ayında uduzduq, may ayında qalib gəldik, yenidən iyun ayında məğlub olduq və indi bir daha oktyabr ayında yekun səsvermədə qalib gəlmək üçün bütün səylərimizi birləşdirməliyik. AŞPA-nın növbəti sessiyasında bunu düzəldə biləcəyimizə inanıram. Bu, bizə bu təkliflərin arxasındakı pis niyyətləri ifşa etməyə və bu məruzələrin bütün üzv dövlətlər üçün pis nəticələnəcəyini göstərmək üçün 2-3 ay vaxt verir. İnanırıq ki, getdikcə daha çox adam Komitənin qərarının Avropa Şurasında son illərdə verilmiş ən pis qərarlardan biri olduğunu anlayacaq. Hesab edirik ki, sağlam düşüncə və tarazlaşdırılmış mövqelərə çağıran düzəlişlərin hamısı növbəti sessiyada qəbul edilmək üçün real imkana malikdir. Eyni standartlar Qərbi Avropanın qədim demokratiyalarına da tətbiq edilsə, orada həbs edilmiş onlarla insan bu gün dərhal azad edilməli olacaqlar. İndi masada olanı düzəltmək üçün bütün deputatları sağlam düşüncə nümayiş etdirməyə çağıracaq və mətnlər dəyişidirilməzsə, öz ölkələrində üzləşəcəkləri həqiqi risklər barədə xəbərdarlıq edəcəyik. Beləliklə, biz öz haqlı mübarizəmizi davam etdirəcəyik və inanırıq ki, oktyabr ayında keçiriləcək yekun səsvermədə Avropalı həmkarlarımız Avropa dəyərlərinə və hüququn aliliyinə hörmət edərək ikili standartlara və Azərbaycana qarşı ayrıseçkiliyə son qoyulmasına səs verəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR