Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Rafael Hüseynov Kristof Ştrasserin təqdim etdiyi məruzələrlə bağlı xüsusi sənəd hazırlayıb

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Rafael Hüseynov Kristof Ştrasserin təqdim etdiyi məruzələrlə bağlı xüsusi sənəd hazırlayıb
# 29 iyun 2012 12:16 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli-APA. AŞPA-nın yay sessiyasında almaniyalı deputat Kristof Ştrasserin İnsan hüquqları və Hüquqi məsələlər Komitəsində təqdim etdiyi iki məruzə ən çox mübahisə doğuran və müzakirələrə səbəb olan məsələlərdən biri olub. APA-nın Avropa bürosunun məlumatına görə, bu məsələ ilə əlaqədar Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov xüsusi sənəd hazırlayıb. “Məruzələrin hazırlanması, müzakirəsi və təsdiqində prosedurlara riayətin və məsuliyyətin artırılması zərurəti” adlanan sənəd yazılı bəyannamə şəklində hazırlanıb.
Sənəddə bildirilir ki, fəaliyyətlərində qanunun aliliyini, demokratik dəyərlərə və insan hüquqlarına hörməti əsas götürən AŞPA-nın hüquqi işlər və insan hüquqları komitəsində 26 uyun 2012-ci ildə baş vermiş insident yaratdığı arzuolunmaz presedent kimi ciddi narahatlıq doğurur : « Avropa Şurası tarixində heç vaxt eyni bir şəxsin müəllifi olduğu iki məruzənin mətnlətri komitə üzvlərinə əvvəldən təqdim olunmadan, bir neçə dəfə ciddi müzakirəsi keçirilmədən, məruzələrin hazırlanması üçün Assambleya tərəfindən müəyyən edilmiş axırıncı müddət başa çatan son anda ortaya çıxarılaraq pressinq altında belə tələsik və qondarma şəkildə təsdiq edilməyib. Hüquq elmi və praktikasında indiyədək dəqiq parametrləri müəyyənləşdirilməmiş bir problemə ilk dəfə elmi şəkildə əsaslandırılmış cavab verməli olan, “siyasi məhbus” anlayışının meyarlarını müəyyənləşdirmək vəzifəsi daşıyan məruzə faktiki olaraq heç bir ekspertizadan keçmədən müzakirəyə çıxarılıb. Bəsit şəkildə hazırlanmış, həll etməli olduğu vəzifəni yerinə yetirməmiş, qoyulan problemin mahiyyətini açmağa qadir olmayan, “siyasi məhbus” anlayışı ilə əlaqədar hamının qəbul edə biləcəyi meyarları əks etdirməyən mətn təqdim edilib ».
Sənəddə digər qanun pozuntusu kimi Assambleya tərəfindən müzakirə və qəbul edilməmiş məruzənin irəli sürdüyü “siyasi məhbus” anlayışı meyarlarının əvvəlcədən konkret ölkəyə tətbiq edilməsi və paralel olaraq digər müstəqil məruzənin hazırlanması göstərilib : « Birincisi, həmin meyarlar Assambleya tərəfindən təsdiq edilmədən hüquqi gücə malik deyildir və tətbiq edilə bilməz, ikincisi universal meyarlar olarsa, onlar hədəf seçilmiş konkret ölkəyə deyil, problemin mövcudluğu ehtimal edilən bütün ölkələrə şamil edilməlidir. Ona görə də Hüquqi işlər və insan haqları komitəsində müzakirəyə çıxarılmış “Siyasi məhbus anlayışının meyarları” adlı məruzənin təxirə salmadan müxtəlif aidi beynəlxalq təşkilat və qurumlara ekspertizaya göndərilməsini, müvafiq rəylər alındıqdan sonra onun təkrarən komitədə Avropa Şurası praktikasına uyğun olaraq ekspertlərin iştirakı ilə əsaslı şəklidə müzakirə olunmasını təkid edirik. Yalnız bu zəruri mərhələləri keçdikdən sonra məruzə Assambleyada qəbul edilə bilər və təsdiqlənərək hüquqi çəki əldə etmiş meyarlar əsasında konkret ölkələr üzrə araşdırmalar aparılması mümkünləşər. Təqdim edilmiş məruzəni natamam, qarşıya qoyulmuş vəzifəni yerinə yetirməmiş olduğu üçün qəbuledilməz sayır, oradakı yayğın prinsiplərin konkret ölkəyə, indiki halda Azərbaycana tətbiqini ikili standartlarla ədalətsiz və qeyri-obyektiv yanaşmanın nəticəsi hesab edirik. Yanlış və təhrif edilmiş faktlarla dolu, bir çox məqamlarında qərəzli xarakter daşıyan, Assambleya tərəfindən təsdiq edilməmiş meyarlara əsaslnan “Azərbaycanda siyasi məhbus məsələsinin izlənilməsi” adlı məruzənin də qəbuledilməz olduğunu bəyan edirik. Avropa Şurasının nüfuzuna zərbə olan belə halların gələcəkdə təkrarlanmaması və komitə katibliklərinin öz işlərinə daha məsuliyyətlə yanaşmaları üçün Assambleyanı qəti və ciddi tədbirlərin görülməsinə çağırırıq”.
Sənədə bir sıra ölkələrin deputatları imza atsa da, bəyannamə yeni imzalar üçün açıqdır və həmfikirlərin dairəsini bir qədər də genişləndirmək üçün iş aparılmaqdadır. Qeyd edək ki, ümumiyyətlə yazılı bəyannamələr Avropa Şurasında qəbul edilmiş qaydalara görə hər dəfə nəşr ediləndən sonra uzun müddət yenə imzalar üçün açıq qalır. Sənəddə qaldırılan məsələyə həmfikir çıxaraq yeni imza atanlar əlavə edildikcə hər sessiyada bəyannamə ingilis və fransız dillərində təkrarən nəşr edilir və plenar iclasda rəyasət heyəti tərəfindən təzədən onun haqqında məlumat verilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR