Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin 1915-ci ildə nəşr etdiyi «Qardaş Köməyi» jurnalının toplusu təqdim olunub

Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin 1915-ci ildə nəşr etdiyi «Qardaş Köməyi» jurnalının toplusu təqdim olunub
# 07 noyabr 2012 08:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bu gün Azərbaycan Dillər Universitetində «Keçmişdən günümüzə Azərbaycan və Türkiyədə xeyriyyəçilik ənənəsi «Qardaş köməyi»» adlı beynəlxalq simpozium keçirilib.

APA-nın məlumatına görə, tədbirə Azərbaycan və Türkiyədən millət vəkilləri, diplomatlar, ictimai-siyasi təşkilatların nümayəndələri qatılıb.

Tədbirdə Türkiyə Böyük Millət Məclisinin deputatları Necdət Ünüvar, Haluk İpək və digər şəxslər də qatılıb. Tədbir çərçivəsində 1915-ci ildə Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti tərəfindən nəşr olunmuş «Qardaş Köməyi» jurnalının toplusu təqdim olunub.

Mili Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun həmsədri Nizami Cəfərov bildirib ki, ölkələrarası münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi hər bir sahədə müşahidə olunur: “Türkiyə və Azərbaycan hər bir sahədə bir-birini dəstəkləyir və dəstəkləməkdə davam edəcək. Bu da bölgədə daha güclü bir Türk birliyini formalaşdırır”.

Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, belə bir simpoziumun keçirilməsi gənc nəslə iki qardaş dövlət arasındakı qardaşlıq əlaqələrinin tarixi həqiqətlərini çatdırmaq, keçmişdən bu günə xeyriyyəçilik ənənələrinin mahiyyətinin izah edilməsində böyük önəm daşıyır: “Nə qədər ki Azərbaycan və Türkiyə bir yerdədir türk dünyası basılmayacaq”.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Necdət Ünüvar isə bildirib ki, ölkələr arasında əlaqələr qardaşlıq səviyyəsindədir: «Bu gün Azərbaycan regionda bir gücə çevrilib. Türkiyə və Azərbaycan iki güc olaraq bir-birinin əlindən tutur». N.Ünüvar həmçinin qeyd edib ki, ölkələr arasında dəyəri milyard dollar olan layihələr var: “Amma Türkiyə və Azərbaycan insanlarının könülləri arasındakı körpü bunun hamısından dəyərlidir. Bu gün TİKA 35 ölkədə müxtəlif layihələr həyata keçirir. Agentliyin ən çox önəm verdiyi ölkələrdən birincisi Azərbaycandır”.

Ədalət və İnkişaf Partiyasının baş katibi Haluk İpək isə çıxışında yenidən nəşr olunmuş «Qardaş köməyi» jurnalından danışaraq deyib ki, XIX və XX əsrin əvvəllərində Anadolu və Azərbaycan tarixi bir biri ilə çox bağlıdır.

Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun isə Azərbaycan və Türkiyə dövlətləri, xalqlar arasında tarixi bağlılığın olduğunu vurğulayıb, Türkiyənin hər zaman öz siyasətində Azərbaycana önəm verdiyini bildirib: «Ölkələr arasındakı bu xeyriyyəçilik bağını, qardaşlıq ənənələrini gələcək nəsillərə daşımağımız, bütün dünyaya göstərməyimiz lazımdır».

Simpozium davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR