Səfir Tahir Tağızadə etimadnaməsinin surətini Çexiya Xarici İşlər Nazirliyinin Diplomatik Protokolunun rəisinə təqdim edib

Səfir Tahir Tağızadə etimadnaməsinin surətini Çexiya Xarici İşlər Nazirliyinin Diplomatik Protokolunun rəisinə təqdim edib
# 16 iyul 2007 15:20 (UTC +04:00)
Azərbaycanın Çexiyada fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə Çexiya Xarici İşlər Nazirliyinin Diplomatik Protokolunun rəisi, səfir İrji Şitlerə etimadnamənin surətini təqdim edib. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, görüş zamanı səfir T. Tağızadə Çexiya və Azərbaycanın tarixi, siyasi və coğrafi cəhətdən bəzi oxşarlığından söhbət apararaq, Azərbaycanın Çexiya ilə əlaqələrinin sürətlə inkişaf etdirilməsinə hazır olduğunu vurğulayıb. Azərbaycanın Çexiyada yeni təsis olunan səfirliyinin bu istiqamətdə mühüm rol oynayacağından əmin olduğunu qeyd edən səfir, Çexiyanın Azərbaycanda yaxın gələcəkdə hər hansı formada diplomatik nümayəndəliyinin açılmasının mühümlüyünü bildirib. Öz tərəfindən səfir Şitler Azərbaycan və Çexiyanın həm siyasi, həm iqtisadi sahədə eyni istiqamətdə inkişaf etdiyini bildirərək, iki ölkə arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Səfir Şitlerin qeyd etdiyi kimi, ölkə prezidentinin xarici diplomatik nümayəndələri qəbul etdiyi ən yaxın vaxt cari ilin sentyabr ayının axırı olduğu üçün, Azərbaycan səfirinin etimadnaməni təqdim etmə mərasimi çox güman ki, 25 sentyabra təyin ediləcək. Etimadnamənin təqdim edilməsi zamanı səfir Tahir Tağızadənin prezident Vatslav Klaus ilə 20 dəqiqəlik təkbətək görüşü də planlaşdırılır. Çexiya protokolunun qaydalarına uyğun olaraq, xarici işlər naziri ilə görüş etimadnamənin ölkə prezidentinə təqdim edilməsindən bir neçə gün sonra keçirilir. Etimadnamənin sürətinin Çexiya Xarici İşlər Nazirliyinə təqdimatından sonra səfir artıq müvafiq dövlət idarələrinin başçıları istisna olmaqla, digər səviyyədə görüşlər keçirərək işgüzar münasibətlər qura bilər. Qeyd edək ki, Azərbaycan səfirliyi Praqada akkreditə olunmuş 83-cü ölkənin diplomatik missiyasıdır. Ermənistan isə bu ölkənin Vyanadakı səfirliyinə tabe olan nümayəndəsi ilə təmsil olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR