Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu son günlər cəbhə xəttində atəşkəsin pozulması faktları ilə bağlı bəyanatla çıxış edib

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu son günlər cəbhə xəttində atəşkəsin pozulması faktları ilə bağlı bəyanatla çıxış edib
# 06 mart 2008 09:23 (UTC +04:00)
Los-Anceles. Hüsniyyə Həsənova-APA. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu son günlər cəbhə xəttində atəşkəsin pozulması faktları ilə bağlı bəyanatla çıxış edib. Konsulluqdan APA-nın ABŞ bürosuna verilən məlumata görə, bəyanatda bildirilir ki, Ermənistan rəhbərliyi cəbhə xəttində atəşkəsi pozmaqla ölkədaxili böhrana hərbi və regional təhlükələr də əlavə ediblər: “Ermənistan hərbiçiləri beynəlxalq ictimaiyyətin Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığı Tərtər rayonu istiqamətində atəşkəsi pozublar. Nəticədə Azərbaycan tərəfi 3 əsgərini itirib, Ermənistan isə hücumu həyata keçirən tərəf kimi daha çox itkilər verib. Azərbaycanın rəsmi şəxsləri Ermənistan hakimiyyətinin silahlı qarşıdurmaya əl atmasını prezident seçkilərdən sonra yaranan ölkədaxili böhrandan diqqəti yayındırmaq məqsədi daşıdığını bəyan ediblər. Xatırladırıq ki, Ermənistanda son prezident seçkiləri dinc yürüşlərdə iştirak edən vətəndaşlarla hüquq-mühafizə orqanları arasında toqquşma ilə yadda qalıb. Nəticədə Ermənistanın paytaxtı İrəvan şəhərində 10-a yaxın dinc sakin qətlə yetirilib”. Bəyanatda qeyd olunur ki, rəsmi Bakı qonşu dövlətin daxili işlərinə qarışmamaq siyasəti yürütsə də, Ermənistan rəhbərliyi Azərbaycanla hərbi qarşıdurma yaradaraq bundan daxili məqsədlər üçün alət kimi istifadə etmək qərarı verib: “Ermənistan rəhbərliyinin dar siyasi məqsədlər üçün hərbi qarşıdurmadan istifadə etməsi həm insan itkiləri, həm də regional təhlükəsizlik baxımından çox böyük təhlükələr yaradıb. Eyni zamanda son hadisələr Ermənistanın siyasi sisteminin sürətli hərbiləşməsini göstərir. Buna görə də Azərbaycan tərəfi daim aqressiv separatizm və etnik hərbiləşməni bütün Cənubi Qafqaz regionun sülh və təhlükəsizliyinə xələl gətirdiyini bəyan edirdi. Azərbaycan ordusu hər bir təxribatın qarşısını almağa qadir olduğu halda rəsmi Bakı Ermənistan-Azərbaycan münaqişəsində uzunmüddətli sülhün əldə olunması istiqamətində fəaliyyətini davam etdirmək niyyətindədir. Eyni zamanda ümid edirik ki, Ermənistan rəhbərliyi daxili gərginliyi aradan qaldırmağa qonşu dövlətlərlə süni qarşıdurma yaratmaq hesabına nail olmayacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR