Dnestryanı münaqişəsi: Sadə göründüyü qədər mürəkkəb problem - REPORTAJ

Dnestryanı münaqişəsi: Sadə göründüyü qədər mürəkkəb problem - <font color=red>REPORTAJ</font>
# 08 iyun 2010 10:35 (UTC +04:00)

Uzaq Dnestryanı bölgəsi, ümumiyyətlə, bu münaqişə ilə yaxından tanış olmaq fürsəti lap göydəndüşmə olmuşdu. Ancaq bizi oraya səfərin sonuna yaxın apardılar. Ona qədər isə artıq münaqişə haqqında müəyyən məlumatlar toplamış, problemin həlli prosesində iştirak edən beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşlərimiz olmuşdu. Yaxşısı budur, ardıcıllıqla başlayaq... Əvvəlcə münaqişə haqqında...

Dil haqqında qərardan doğan problem

Əslində, Dnestryanı probleminə münaqişə deməyə adamın dili də gəlmir. Bunu söyləməyə əsas verən bircə faktı göstərmək kifayətdir: 1992-ci ilin iyul ayında atəşkəs sazişinin imzalanmasından ötən 18 il ərzində hər iki tərəfdən nə mülki əhali, nə də hərbçilər arasında ölüm halı qeydə alınıb. Problem necə yaranıb? Yəqin ki, əksəriyyətin bundan xəbəri var. Ancaq yenə də ümumiləşmiş şəkildə buna toxunmasaq, olmaz. Hər şey Moldova parlamentinin 1989-cu ildə dillə bağlı qərar qəbul edərək, moldovan dilini dövlət dili elan etməsi və əlifbanı Kiril qrafikasından latın qrafikasına dəyişməsi ilə başlayıb. Dnestryanı əhalisi bu qərarı moldovan millətinin və dilinin hakim millət və dil elan olunması, ölkədə yaşayan digər millətlərin isə ikinci dərəcəli vəziyyətə salınması kimi qəbul edib. Qərarın yerlərdə tətbiqi isə emosiyaları daha da coşdurub. Onlar bunu diskriminasiya hesab edərək, müqavimət hərəkatına başlayıblar. Əvvəlcə bu müqavimət tətillər formasında olub. 1990-cı il sentyabrın 2-də isə bölgədə referendum keçirilərək, SSRİ-nin tərkibində Dnestryanı Moldova Muxtar Respublikası təsis edilib. Dnestryanı Moldova Respublikasının (PMR) təsis edildiyi tarix də məhz 2 sentyabr 1990-cı il hesab olunur. 1990-cı ilin dekabrında isə referendum keçirilərək, Dnesrtyanı Moldova Respublikası “müstəqil dövlət” elan olunub. Rəsmi nəticələrə görə, seçki hüququ olan əhalinin 97,7%-i “müstəqilliyin” lehinə səs verib.

Tərəflər arasında dərinləşən uçurum 1992-ci ildə silahlı münaqişə ilə nəticələnib. 1992-ci ilin yayında Bender və Dubossar şəhərləri ətrafında gedən döyüşlərdə hər iki tərəfdən 700-dək itki qeydə alınıb. Ölənlərin 300 nəfəri Moldovanın, 400 nəfəri isə Dnestryanının payına düşür. Bir həftə davam edən döyüşlər zamanı Bender və Dubossar əhalisinin bir hissəsi evlərini tərk edərək Ukraynaya qaçıb. O vaxt Dnestryanıda dislokasiya olunmuş Rusiyanın 14-cü ordusu həmin məşhur general Lebedin rəhbərliyi ilə separatçıların müdafiəsinə qalxıb, Moldova qüvvələrini geri sıxışdırıb. Bununla da, silahlı qarşıdurmaya son qoyulub. İyulun 22-də Rusiya və Moldova rəhbərləri Boris Yeltsin və Mirça Snequr arasında atəşkəs haqqında saziş imzalanıb. İmzalanma mərasimində Dnestryanı separatçılarının lideri İqor Smirnov da iştirak edib. Bunun ardınca Ukraynaya getmiş qaçqınlar öz evlərinə dönüblər. Döyüşlər zamanı daha çox Bender və Dubossar şəhərlərinə ziyan dəyib.

Atəşkəs sənədinə əsasən, təhlükəsizlik zonası yaradılıb. Sülhyaratma əməliyyatlarına birgə sülhyaratma qüvvələri cəlb olunub. Qüvvələr nisbəti isə belə müəyyənləşdirilib: Moldovadan 300, Dnestryanıdan 300, Rusiyadan isə 500 hərbçi... O vaxtdan problemin həlli istiqamətində danışıqlar başlayıb. Danışıqlar prosesi əvvəlcə tərəflərin öz arasında aparılsa da, sonradan format genişlənib və dəyişib.

Beynəlxalq təşkilatlar vahid Moldovanın tərəfdarıdır

Yaxşı olar ki, prosesin sonrakı inkişafını danışıqların birbaşa iştirakçısı olanlarından dinləyək.

ATƏT-in Moldova Ofisinin rəhbərinin müavini Klaus Neyrixin bildirdiyinə görə, onlar həm Moldova, həm də Dnestryanı ilə əməkdaşlıq edirlər. Hər iki tərəfin QHT-ləri arasında əməkdaşlıq var: “Onların arasında əlaqələrin daha da güclənməsinə çalışırıq. Vətəndaş cəmiyyətləri ilə əlaqələrimiz kifayət qədər sıxdır”.

Diplomat ATƏT-in münaqişənin həlli ilə bağlı 5+2 (ATƏT, Rusiya, Ukrayna, ABŞ, Avropa İttifaqı + Moldova, Dnestryanı) formatında danışıqlarda iştirak etdiyini deyir: “Bizim mövqeyimiz budur ki, tərəflər münaqişənin həlli yolunu tapmalıdır”. Moldovada baş verən Konstitusiya böhranının danışıqlar prosesinə o qədər də təsir göstərmədiyini qeyd edən K. Neyrix ekspertlər səviyyəsində yaradılmış işçi qrupun öz fəaliyyətini normal qaydada davam etdirdiyini söyləyir: “Tərəflər arasında qarşılıqlı etimadı gücləndirmək məqsədilə iqtisadi, ticarət, səhiyyə, təhsil və digər sahələr üzrə əməkdaşlığa dair ekspertlərdən ibarət işçi qrup yaradılıb. Bilirsiniz, münaqişə ilk növbədə, əhalinin maraqlarına uyğun həll olunmalıdır. Siyasi məsələlərdən əlavə, tərəflər arasında müxtəlif problemlər var. Məsələn, Dnestryanıdan Moldovanın digər ərazilərinə milli provayderlər vasitəsilə telefon zəngləri etmək olmur. Tərəflər arasında dəmiryolu əlaqəsi yoxdur, Tiraspoldakı onkoloji xəstəxanada onkoloji xəstələrin müalicəsi üçün lazım olan reaktivlər çatışmır və s. Bu cür problemlərin həlli hər iki tərəf üçün əlverişlidir. Qeyd edim ki, artıq tərəflər arasında qeyri-siyasi məsələlərlə bağlı anlaşma imzalanıb. Hansısa nəticələrin əldə olunacağına inanırıq. Düşünürük ki, Dnestryanı şirkətlərinin fəaliyyətinə nəzarətə və əhalinin rifahına yönəlmiş layihələrə daha çox diqqət yetirməliyik”.

ATƏT təmsilçisi deyir ki, Moldova parlamenti 2005-ci ildə qərar qəbul edərək, Dnestryanıya Qaqauz Muxtar Yerinə verilmiş status təklif edib. Dnestryanı isə Qaqauzdan da artıq status istəyir. ATƏT-in konfederasiya və Dnestryanıya müstəqillik verilməsinin tərəfdarı olmadığını söyləyən Klaus Neyrix Moldovanın da federasiya variantını rədd etdiyini diqqətə çatdırıb. Bununla belə o, tərəflərdən heç birinin hərbi əməliyyatlara başlamaq niyyətində olmadığını vurğulayır: “Əhali arasında nifrət yoxdur. Sadə insanların qarşılıqlı gediş-gəlişində də hər hansı problem olmur. Yalnız rəsmi şəxslərin səfərlərində problemlər var. Bu isə siyasi məsələlərlə bağlıdır. Münaqişəni sadə insanların dəstəyi olmadan həll etmək mümkün deyil”.

K. Neyrix tərəflər arasında danışıqların 2006-cı ildə dayandırıldığını, hazırda danışıqların “5+2” formatında aparıldığını söyləyir. O bu formatda bu ilin fevralında Vyanada keçirilmiş görüşünün nəticəsiz olduğunu, növbəti görüşün isə mayın 24-25-də Astanada keçirildiyini diqqətə çatdırır. Diplomatın sözlərinə görə, Moldova danışıqların heç bir ön şərt irəli sürülmədən davam etdirilməsini vacib sayır: “İndiki format qeyri-rəsmi olduğundan status məsələsi müzakirə olunmur”.

Rusiyanın öz hərbçilərini Dnestryanıdan çıxarmamasına gəlincə, ATƏT təmsilçisi 1999 və 2004-cü illərdə Rusiya qoşunlarının Moldova ərazisindən – Dnestryanıdan çıxarılması barədə sazişlər imzalandığını xatırladır: “Lakin Dnestryanı tərəfi bunun üçün lazımi şəraitin yetişmədiyini bildirir, Rusiya hərbçilərinin bölgədən çıxarılması ilə hələlik razılaşmır”.

Avropa İttifaqının (Aİ) Moldova nümayəndəliyinin təmsilçisi Lorenz Dirk isə Aİ-nin müxtəlif sahələrlə yanaşı, Dnestryanı probleminin həllinə də öz töhfəsini verməyə çalışdığını deyir. Onun sözlərinə görə, 2009-cu ildən etibarən Dnestryanı ilə Kişinyov arasında etimadın gücləndirilməsi məsələsinə diqqət ayrılıb. QHT-lər arasında əməkdaşlıq, donorların konfransı təşkil olunub: “Avropa İttifaqı tərəfləri kompromisə çağırır. 5+2 formatında iştirak edirik, danışıqlar aparırıq. Bunlar etimadın gücləndirilməsinə yönəlmiş görüşlərdir. Əsas odur ki, danışıqlar 5+2 formatında davam etsin. Dnestryanı ilə Moldova birlikdə olmalıdır. Avropa İttifaqı Dnestryanını müstəqil qurum kimi tanımır, vahid Moldova dövlətinin tərəfdarıdır”.

L. Dirkin sözlərinə görə, Aİ problemin həlli prosesində daha da aktiv ola bilər. Lakin bu, təkcə onlardan asılı deyil: “Biz birtərəfli qərar verə bilmərik, qəbul olunmuş formatda iştirak edirik”.

Qeyd edim ki, beynəlxalq təşkilatları narahat edən əsas məqam nəzarətsiz qalan Dnestryanıda silah-sursat istehsal olunmasıdır. Onların bildirdiyinə görə, bu bölgədə gizli silahqayırma müəssisələri fəaliyyət göstərir, burada müxtəlif adda silah-sursatlar istehsal olunur. Nəzarətdən kənarda qalan və qeydiyyata düşməyən bu silah-sursatlar isə bütövlükdə bölgə və Avropa üçün ciddi təhlükədir.

Separatçılar nə deyir?

Problemlə bağlı separatçı Dnestryanı Moldova Respublikası “rəsmilərinin” də mövqeyi maraqlıdır. Qondarma qurumun “xarici işlər nazirinin müavini” Aleksandr Molyarçuk problemin yaranmasında və hələ də həllini tapmamasında rəsmi Kişinyovu günahkar hesab edir: “ATƏT 1993-cü ildən vasitəçi kimi danışıqlar prosesinə qoşulub. Rusiya prosesə qarant kimi qatılıb. Danışıqlar əvvəlcə Dnestryanı ilə Moldova rəhbərləri arasında başlayıb. Ukrayna da 1997-ci ildən qarant kimi danışıqlara qoşulub. Nizamlanma prosesinin ən aktiv fazası 1997-1998-ci illər hesab olunur. 1998-ci ildə Odessada münasibətlərin normallaşdırılması və qarşılıqlı etimadın yaradılmasına dair sənəd imzalanıb. Həmin sənəd beynəlxalq statusa malikdir. 2001-ci ildə Moldovada kommunistlər hakimiyyətə gəldikdən sonra ilk vaxtlar münasibətlərdə yaxınlaşma baş verdi. Danışıqların nəticəsi olaraq tərəflər arasında təhsil, səhiyyə, mədəniyyət, elm, müdafiə, hüquq-mühafizə və s. sahələrə aid 25 sənəd imzalandı. 2001-ci ilin sonunda isə Kişinyovun mövqeyində dəyişiklik müşahidə olunmağa başladı. Moldova hakimiyyəti 1994-cü ildən 2001-ci ilədək tərəflər arasında imzalanmış 80-ə qədər sənədin reallaşmasından imtina etdi, bununla da, danışıqlar dayandırıldı. Bundan sonra yaranmış vəziyyətdən çıxış yollarının axtarılmasına başlandı. Danışıqların nəticəsi olaraq 2002-ci ildə Bratislavada məşvərətçi formatda sənəd imzalandı. 2005-ci ildə danışıqlara ABŞ və Avropa İttifaqı da qoşuldu. Bununla da, format 5+2 şəklini aldı. Lakin 2006-cı ilin fevralında Kişinyov danışıqlardan çıxdı”.

A. Molyarçuk 2006-cı il martın 3-də Moldova ilə Ukrayna arasında imzalanmış sazişə əsasən, Dnestryanının xarici ticarət aparmasına məhdudiyyətlərin tətbiq olunduğunu deyir: “Həmin vaxtdan bütün xarici ticarət yalnız Moldova üzərindən və Moldovanın razılığı ilə aparılır”.

Bender şəhərində üç tərəfin - Moldova, Rusiya, Dnestryanı təmsilçilərindən ibarət qərargahın yaradıldığını deyən A. Molyarçukin sözlərinə görə, qərargahda birləşmiş nəzarət komissiyası da fəaliyyət göstərir: “Komissiya hər həftə toplanır. Bir hadisə baş verdikdə isə dərhal bir araya gəlirlər. 18 ildir, davam edən sülhyaratma əməliyyatları müddətində hərbçilər və əhali arasında ölən olmayıb. Konfliktli vəziyyət yarandıqda dərhal aradan qaldırılır”.

A. Molyarçukun sözlərinə görə, bir dəfə münaqişənin həllinə çox yaxın olublar: “Lakin Moldovanın yekun sənədi son anda imzalamaqdan imtina etməsi səbəbindən bu mümkün olmadı. 2003-cü ildə “Kozak memorandumu” hazırlanmışdı. Bu layihədə münaqişənin federativ yolla həlli variantı təklif olunurdu. Sənəddə Qaqauziya ilə bağlı da bənd vardı. Memorandumun hər səhifəsi paraflanmışdı. Lakin imzalanmaya 1 gün qalmış rəsmi Kişinyov geri çəkildi”.

A. Molyarçuk da sadə əhali arasında heç bir problem olmadığını deyir: “400-500 min əhalisi olan Dnestryanının əhalisinin 1/3-ni moldovanlar, 1/3-ni ruslar, 1/3-ni isə ukraynalılar təşkil edir. Dnestryanıda rus, Ukrayna və moldovan dili dövlət dilidir. Məsələn, mən milliyyətcə ukraynalıyam. Moldova əhalisi ilə bizim vətəndaşların gediş-gəlişində, əlaqələrində heç bir problem yoxdur. Dnsertyanı da Moldova ilə səhiyyə, sosial müdafiə, cinayətkarlıqla mübarizə, nəqliyyat və digər sahələrdə əməkdaşlıq edir. Sadəcə, Moldovanın Rumıniyaya meyllənməsi Dnestryanı əhalisi tərəfindən mənfi qarşılanır”.

Rusiya ilə münasibətlərə gəlincə, Dnestryanı “rəsmisi” 2006-cı ilin sentyabrında keçirilmiş referendumda əhalinin 96%-nin Rusiya ilə birliyə səs verdiyini deyir. Rusiyanın Dnestryanıda silah-sursat istehsal etməsi ilə bağlı ittihamlara münasibət bildirən A. Molyarçuk bu fikirləri əsassız sayır: “Dnestryanıdakı Rusiya əsgərləri hələ SSRİ vaxtından qalmış silah anbarlarını, özlərinə məxsus silah-sursatlarını qoruyurlar. Burada heç bir silah istehsalı yoxdur”.

A. Molyarçuk bir vacib məqamı da açıqlayıb. Onun dediklərindən belə aydın olur ki, Rusiya Dnestryanıya qazı pulsuz verir: “Artıq 20 ilə yaxındır ki, biz Rusiyadan qazı pulsuz alırıq. Həmin qazın pulunun ödənməsi haqqında isə heç kim söhbət açmır. Çünki yığılmış borc o qədər fantastik rəqəmlə ölçülür ki, bunun ödənməsinin qeyri-mümkün olduğunu hər kəs bilir”. Lakin bir qədər irəli gedərək qeyd etməliyəm ki, Moldova baş nazirinin reinteqrasiya məsələləri üzrə müavini, münaqişənin həlli üzrə danışıqlarda rəsmi Kişinyovu təmsil edən Viktor Osipov bir gün sonra jurnalistlərlə görüşündə bildirəcək ki, Rusiyanın “Qazprom” şirkəti Dnestryanıya verilmiş qaza görə yığılmış borcun ödənməsi üçün 2 ay əvvəl “Moldpovaqaz”ı beynəlxalq məhkəməyə verib. O, Rusiyanın bu addımını Moldovanı təzyiq altında saxlamaq cəhdi kimi qiymətləndirir.

Yerli politoloq vəziyyətdən çıxış yolu görmür

Tiraspolda yerli politoloq, “Novaya qazeta”nın baş redaktoru, prezidentliyə keçmiş namizəd Andrey Safonovla da görüşdük. Safonov nitqinə tarixə ekskursla başladı, Tiraspol şəhərinin əsasının Rusiya sərkərdəsi Suvorov tərəfindən qoyulduğunu deyib: “Odur ki, Tiraspolla Benderin birləşdirilərək, Suvorovqrad adlandırılması təklifi vardı. Lakin hələlik bu, elə təklif olaraq qalır”.

Münaqişənin həllinə toxunan politoloqun sözlərinə görə, nizamlanma ilə bağlı vəziyyət 1 il əvvəlkindən daha pisdir: “Düzdür, tərəflərin mövqeyində yaxınlaşma var, danışıqları 5+2 formatında davam etdirmək lazımdır. Lakin Moldovada prezidenti parlamentin seçməsi problem yaradır. Bu variantdan imtina etmək lazımdır. Əhalinin əksəriyyəti də bunun əleyhinədir. Mən yaranmış vəziyyəti perspektivlərin vakuumu adlandırardım. Belə ki, Moldovanın Avropa İttifaqına üzvlüyü, Dnestryanının isə tanınması məsələlərində vakuum müşahidə olunur. Avropa İttifaqı və Rusiya Moldovaya nəzarəti əldən vermək istəmədiyindən problemin həlli mümkün olmur. Dnestryanı artıq Rusiyadan asılı vəziyyətdədir. Müəssisələrin əksəriyyəti Rusiya tərəfindən alınıb. Moldovanın Avropa İttifaqına qəbulu, Dnestryanının isə Rusiyanın tərkibinə daxil olması real deyil”.

Dnestryanıdakı siyasi vəziyyətə toxunan politoloq qarşıdan “prezident seçkiləri”nin gəldiyini, mübarizənin, əsasən Sosial-Patriot Bloku adından bölgənin hazırkı lideri İqor Smirnov, müxalifətdə olan Yeniləşmə Partiyasının hələlik müəyyənləşməmiş namizədi və keçmiş “spiker” Yevgeni Şevçuk arasında gedəcəyini deyir. Onun sözlərinə görə, “prezident”in neçə müddətə seçilməsi ilə bağlı qanunvericilikdə heç bir məhdudiyyət yoxdur və İ. Smirnov artıq 20 ildir ki, bu “postu” tutur.

“Bala SSRİ”

Rəsmi Kişinyovun mövqeyinə keçməzdən əvvəl Tiraspoldakı müşahidələr haqqında. Dnestryanını, Tiraspolu gəzdikdə ağla gələn ilk fikir bu olur ki, bura SSRİ-nin kiçildilmiş modelidir. Əslində, elə həm Moldova, həm də Avropada Dnestryanını “kiçik SSRİ” adlandırırlar. A. Molyarçuk Dnsetryanıda dövlət dilinin rus, Ukrayna və moldovan dilləri olduğunu söyləsə də, küçələrdə bütün yazılar rus dilindədir, Ukrayna və moldovan dilində bir yazıya belə rast gəlmək mümkün deyil. Bunun səbəbini isə Molyarçuk izah edə bilmək üçün söz tapmadı. Şüarlar da “sovetvaridir”. Məsələn, “Nasha sila v yedinstve s Rossiyey” kimi... Əslində, bu şüar qondarma qurumun mahiyyətinin göstəricisi, Rusiyaya münasibətin təzahürüdür. Tiraspolun “dövlət və hökumət” binalarının qarşısını, eləcə də şəhərin digər yerlərini proletariatın dahi rəhbəri Leninin heykəlləri bəzəyir. Bu heykəllər həm də möhtəşəmliyi ilə diqqəti çəkir: qırmızı qranitdən, hündür... Şəhərdə digər məşhur rusların da heykəlləri var. Məsələn, Kutuzovun... Yaşayış və inzibati binalar da SSRİ yadigarıdır. Bununla belə, ara-sıra yeni, müasir tikililərə də rast gəlinir. Tiraspolun mərkəzi parkı isə ötən əsin 70-ci illərini xatırladan bir nostaljidir... İnsanların geyimi, görünüşü də elə o illər Rusiyasının rayon mərkəzlərini xatırladır. Küçələrdən birində qoyulmuş lövhədə keçmiş SSRİ məkanının separatçı rejimlərinin liderləri – İqor Smirnov, Sergey Baqapş və Eduard Kokoytenin əl-ələ tutmuş portreti əks olunub. Dnestryanı, Abxaziya və Cənubi Osetiya liderləri həmin portretdə çox xoşbəxt görünürlər. Ancaq Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan onların yanında yer almayıb. Portreti gürcü jurnalistlərə göstərib, “Sizinkilər də buradadırlar ki...” deyəndə, onlar da mənə “amma sizinki yoxdur” dedilər. Əvəzində “bizimkilərin” göndərdiyi hədiyyəni - üzərində Dağlıq Qarabağın simvolu olan kişi və qadın heykəlləri əks olunmuş kiçik xalçanı “Xarici İşlər Nazirliyi”nin pilləkəninin divarında asılmış gördük. Bununla belə, A. Molyarçukun sözlərindən belə anlaşıldı ki, Dnestryanının Abxaziya və Cənubi Osetiyadan fərqli olaraq, Dağlıq Qarabağla elə də sıx əlaqələri yoxdur. Onun erməni jurnalistin “dövlətlər” arasında münasibətlərin səviyyəsi ilə bağlı sualına cavabından belə məlum oldu ki, Dnestryanı daha çox Gürcüstan ərazisindəki separatçı qurumlarla dost və qardaşlıq münasibətindədir, Dağlıq Qarabağla isə elə-belə. Başqa sözlə desək, erməni jurnalist Dnestryanının “xarici işlər nazirinin müavini”ndən istədiyi cavabı ala bilmədi.
A. Molyarçuk bizə Dnestryanıdakı demokratiyadan hər nə qədər dərs keçməyə çalışsa da, az sonra məlum oldu ki, onun danışdıqları elə təmsil etdiyi qondarma qurum kimi boş şeymiş. Səfər proqramında küçələrdə sadə insanlarla müsahibələr nəzərdə tutulsa da, akkreditasiya üçün müraciətə müsbət cavab verilmədi. ATƏT-in Tiraspoldakı ofisində isə bizə bildirdilər ki, icazəsi olmayan əcnəbi jurnalistlərin küçələrdə müsahibələr etməsi, hətta fotoşəkil çəkməsi ən azı onların həbsi ilə nəticələnə bilər. Eynən keçmiş SSRİ-də olduğu kimi...

Rəsmi Kişinyov: Rusiyadan tələb edirik

Nəhayət, rəsmi Kişinyovun mövqeyi... Moldova baş nazirinin reinteqrasiya məsələləri üzrə müavini, münaqişənin həlli üzrə danışıqlarda rəsmi Kişinyovu təmsil edən Viktor Osipov deyir ki, Dnestryanıda hakimiyyətin “de-fakto” qeyri-konstitusion rejimin əlində olması Moldova üçün böyük problemdir. Münaqişə vəziyyəti ölkəyə ciddi təhlükə yaradır, siyasi həyatına təsir edir. Dnestryanı administrasiyasının silahlandığını, silahlanmanı və güc strukturlarını gücləndirməkdə davam etdirdiyini bildirən V. Osipov separatçı rejimin Kişinyova qarşı kəskin mövqedə dayandığı vurğulayır. Ölkənin Avropa İttifaqı ilə birbaşa qonşu olduğunu diqqətə çatdıran baş nazirin müavini Dnestryanı təhlükəsinin təkcə Moldovanı deyil, bütövlükdə Avropanı təhdid etdiyini söyləyir: “Ona görə də bu məsələ ümumi Avropanın təhlükəsizliyi baxımından həllini tapmalıdır”.

Dnestryanı problemi ilə bağlı rəsmi danışıqların 2006-cı ilin martında dayandırıldığını qeyd edən baş nazirin müavini hazırda danışıqların qeyri-formal 5+2 formatında davam etdirildiyini deyir: “Yeni qüvvələr hakimiyyətə gələndə bildirirdilər ki, biz Avropa meylli, milli hökumət olduğumuza görə danışıqları davam etdirməkdə problem olacaq. Lakin bir faktı deyim ki, ötən ilin noyabrından indiyədək bu formatda artıq 4-5 görüş keçirilib. Sonuncu belə görüş Astanada olub. Moldovanı həmin formatda keçirilən danışıqlarda təmsil edən şəxs kimi deyə bilərəm ki, bizim məqsədimiz bu prosesi qeyri-formal formatdan rəsmi formata keçirmək, danışıqların rəsmi səviyyədə aparılmasını təmin etməkdir. Bundan başqa, mən Dnestryanı rejiminin siyasi fiqurları ilə də danışıqlar aparıram. Demək olar ki, bizim hər ay görüşlərimiz olur. Biz 5+2 formatına daxil olan tərəflərlə də ikitərəfli danışıqlar aparırıq. Məsləhətləşmələr ona gətirib ki, tərəflərin mövqeyində aydınlaşma və yaxınlaşma var. Bir məsələni xüsusi vurğulamaq istəyirəm ki, danışıqların rəsmi səviyyədə davam etdirilməsini istəməyən yeganə tərəf Dnestryanı rejimidir. 5+2 formatına daxil olan digər tərəflər – Moldova, Rusiya, Ukrayna, ABŞ, ATƏT və Avropa İttifaqı danışıqların rəsmi formatda davam etdirilməsinin tərəfdarıdır. Digər vacib məqam odur ki, bu formata daxil olan tərəflərin hamısı problemin Moldovanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır”.

Rusiya qoşunlarının Dnestryanı ərazisində hələ də qalmasına gəlincə, V. Osipov rəsmi Kişinyovun Rusiya qoşunlarının Moldova ərazisindən çıxarılmasını tələb etdiyini deyir: “Moldova dövləti hesab edir ki, Rusiya sülhməramlıları ATƏT-in egidası altında beynəlxalq mülki sülhməramlılarla əvəz olunmalıdır. Biz Rusiyanın silah-sursatını və canlı qüvvəsini Dnestryanıdan çıxarılmasını tələb edirik. İmzalanmış razılaşmalara əsasən, silah-sursatın və şəxsi heyətin xeyli hissəsi çıxarılıb. Lakin biz öhdəliyin tam yerinə yetirilməsini istəyirik. Moldova ərazisində xarici qüvvələrin qalmasını istəmir”.

Münaqişənin xarakterinə toxunan V. Osipov Dnestryanı probleminin digər münaqişələrdən fərqləndiyini diqqətə çatdırıb: “Bizim aramızda fundamental fikir ayrılığı yoxdur. Bu münaqişədə dini, milli, etnik çalarların olmaması bizim işimizi asanlaşdırır. Bu münaqişə yeni müstəqil dövlətləri öz təsirində saxlamaq üçün qaldırılmış məsələdir. Dnestryanı Avropanın cənub-şərqindəki sovet dövlətidir”.

Münaqişənin həlli ilə bağlı separatçı Dnestryanı rejiminin federasiya təklifini dəyərləndirən V. Osipovun sözlərinə görə, rəsmi Kişinyov bu variantı istisna edir: “Bu onların arzusu ola bilər. Heç kim onlara federasiya təklif etmir, bunu onlar öz xəyallarının məhsulu kimi səsləndirirlər. Münaqişə Moldovanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində, Dnestryanıya xüsusi geniş müxtariyyat verilməklə həll oluna bilər. Prosesdə iştirak edən bütün tərəflər məhz bu həll yolunu dəstəkləyir. Federasiya, yaxud konfederasiyadan söhbət getmir”.

ABŞ-ın Raket Əleyhinə Müdafiə sisteminin Rumıniya ərazisində yerləşdiriləcəyi təqdirdə Dnestryanı rejiminin Rusiya Raket Əleyhinə Müdafiə sistemini öz ərazisində yerləşdirməyə hazır olduğunu bəyan etməsinə V. Osipovun münasibəti belədir: “Bu məsələ ilə bağlı biz Rumıniya ilə danışıqlar aparmışıq. Rəsmi Buxarestin mövqeyi bundan ibarətdir ki, ABŞ-ın Raket Əleyhinə Müdafiə sisteminin Rumıniya ərazisində yerləşdirilməsi heç bir ölkəyə qarşı yönəlməyib. Bu, Rumıniyanın təhlükəsizliyinə qarantiya ola bilər. O ki qaldı Dnestryanının bəyanatına, Rusiya artıq bu məsələyə münasibət bildirib ki, onlar belə bir təkliflə müraciət etməyiblər. Separatçı rejim bunu yenə də öz adından bəyan edib. Lakin bu, nə qədər onların xoşuna gəlməsə də, deməliyəm ki, rəsmi Kişinyovun razılığı olmadan heç bir xarici dövlətin hərbi qüvvələri Moldova ərazisində yerləşdirilə bilməz. Dnestryanı Moldova ərazisi olduğu üçün bu şərt onlara da aiddir”. V. Osipov Moldovanın Rumıniya ilə birləşmək siyasəti yürütməsi barədə iddiaların da əsassız olduğunu deyir.

Problemin kökündə nə dayanır?

Moldovaya, Destryanıya səfər, orada keçirdiyimiz görüşlər, apardığımız müşahidələr təsəvvürümü dəyişdi. Əslində, bu problem ilk baxışdan Dağlıq Qarabağ və Cənubi Qafqazdakı digər münaqişələr qədər mürəkkəb görünmür. Məsələn, tərəflər arasında normal münasibətlər, gediş-gəliş mövcuddur, insanlar bir-birinə nifrət eləmirlər, 18 ilə yaxındır, təmas xəttində heç bir tərəfdən itki olmayıb, hətta nə səngər, nə də silahlı əsgər var. Bu münaqişədə din, millət, etnik mənsubiyyət, ərazi iddiası faktoru heç bir rol oynamır. Demək olar ki, həm Moldova, həm də Dnestryanının əhali kontingenti də eynidir. Bütün bunlara görə, problem çox sadə görünür. Amma məsələ həll olunmur və yaxın vaxtlarda həll olunacağı də gözlənilmir. Bəs onda bu problemin kökündə nə dayanır? V. Osipov jurnalistlərlə söhbətində maraqlı bir məqam açıqlamışdı. Onun sözlərinə görə, ötən əsrin 80-ci illərinin sonlarında Moldova rəhbəri Mirça Snequr Moskvaya səfəri zamanı müstəqilliklərini elan etmək istədiklərini bildirəndə, belə bir ultimativ cavab alıb: “Moldova müstəqilliyini elan edə bilər. Amma tək yox, Moldova ərazisində üç müstəqil dövlət olacaq”. Doğrudan da, az sonra Moldova ilə yanaşı, bu ərazidə yerləşən daha iki subyekt müstəqilliyini elan etdi. Bunlar Qaqauz Yeri və Dnestryanı idi. Qaqauz Yeri ilə bağlı problem çətinliklə də olsa, qismən həll edildi, Dnsetryanı ilə bağlı məsələ isə hələ də Şərqi Avropada qara ləkə kimi mövcudluğunu saxlayır. Sadəcə, bu fakt Dnesrtaynı probleminin kökündə nəyin dayandığını və niyə həllini tapmadığını göstərir. Nəticə odur ki, bu problem Moldovanı öz təsiri altında saxlamaq, Rumıniya və ümumilikdə Avropa ilə yaxınlaşmasına imkan verməmək üçün Rusiyanın əlində bir vasitədir. Yaranmış vəziyyət Dnestryanı əhalisi arasında da çaşqınlıq yaradıb. Adamda belə təsəvvür yaranır ki, adında Moldova sözünün hələ də saxlandığı və bunun niyə belə olduğunu separatçı rejimin “rəsmilərinin” də doğru-düzgün izah edə bilmədiyi bu bölgənin sakinləri əslində nə istədiklərini heç özləri də bilmirlər. Yenidən Moldovanın hakimiyyəti altına qayıtmaqmı, müstəqil olmaqmı, Rusiyaya, yaxud Ukraynaya birləşməkmi?..

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR