ADA Universitetində Dünya Ərəb Dili Günü qeyd olunub

ADA Universitetində Dünya Ərəb Dili Günü qeyd olunub
# 18 dekabr 2023 12:45 (UTC +04:00)

ADA Universitetində Dünya Ərəb Dili Günü qeyd olunub.

APA xəbər verir ki, Dünya Ərəb Dili Gününə həsr olunmuş tədbirdə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə çıxış edib.

O deyib ki, bu ildən etibarən ADA Universitetində ərəb dili dərsləri keçirilməyə başlanıb. Prorektor əlavə edib ki, dil dərsləri həm tələbələr, həm də diplomatlar üçün keçirilir.

"Bizim ərəbdilli ölkələrlə münasibətlərimiz genişlənir, ona görə də bu dili bilən kadrlara ehtiyacımız var", - o deyib.

Tədbirdə Səudiyyə Ərəbistanı və Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Fatma Yıldırım da çıxış edib. Ərəb ölkələri ilə Azərbaycanın münasibətlərinin dərinləşdiyini deyən millət vəkili bunu tarixi bağlılıq amili ilə əlaqələndirib: "Azərbaycan İslam dövlətləri ilə həm ikitərəfli qaydada, həm də beynəlxalq platformalarda əməkdaşlıq edir".

O, əlavə edib ki, Azərbaycan və ərəb ölkələrinin liderlərinin şəxsi dostluq münasibətləri də ölkələr arasında münasibətlərə töhfə verir. Azərbaycanlı millət vəkili ərəb ölkələrinin şirkətlərinin Azərbaycana investisiya qoyması barədə də danışıb: "Ərəb şirkətləri azad olunmuş ərazilərdə layihələrə maraq göstərir. 44 günlük müharibə dövründə də ərəb ölkələri Azərbaycanın haqq müharibəsinə dəstəklərini ifadə edib".

Azərbaycanlı deputat Ceyhun Məmmədov da tədbirdə çıxış edib. O deyib ki, Azərbaycan və ərəb ölkələri arasında münasibətlərin inkişafı, xüsusilə də Səudiyyə Ərəbistanı ilə əlaqələrin daha da dərinləşməsi üçün imkanlar var: "Bizim üzərimizə düşən də bu imkanlardan istifadə etməkdir".

Tədbirdə çıxış edən Səudiyyə Ərəbistanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ərəb dilinin əhəmiyyətindən danışıb. O deyib ki, bu dil İslamın dilidir, bu dil dünyada geniş yayılmış dildir və dünyada bir milyarda qədər insan bu dildə danışır.

Səfir deyib ki, ərəb dili BMT-nin beynəlxalq səviyyədə istifadə etdiyi altı dildən biridir. Diplomat əlavə edib ki, onun ölkəsi bu dilin qorunması, inkişafı, qlobal və regional səviyyədə istifadəsinin təşviqi istiqamətində işlər görüb.

Səfir keçmişdə azərbaycanlı tarixçilərin, şairlərin ərəb dilində əsərlər yazaraq bu dilin zənginləşməsinə öz töhfələrini verdiyini qeyd edib: "Dil mədəniyyətlər arasında körpüdür. Bizim ölkələrimiz arasında mədəniyyət sahəsində dərin bağlar var və bu bağların, əməkdaşlığımızın daha da güclənəcəyini gözləyirik".

Tədbirdə ADA, BDU, ADU, Azərbaycan İlahiyyat İnstitutu, Avrasiya Universitetinin tələbələri öz ərəb dili bacarıqlarını nümayiş etdiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR