APA-nın xəbərinə görə, vida mərasimində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, mərhumun ailə üzvləri, həmkarları və digər şəxslər iştirak ediblər.
İ. Həbibəyli N. Seyidovun keçdiyi həyat yolu haqqında danışıb. O bildirib ki, N. Seyidov Azərbaycanda kimya elminin inkişafına böyük töhfə verib: “Nadir Seyidov həm ölkəmizdə, həm də beynəlxalq aləmdə Azərbaycan elmini şərəfli şəkildə təmsil edib. Nadir Seyidov bu gün həyatda olmasa da, onun ideyaları yaşayır”.
Bakı Dövlət Universitetinin rektoru A. Məhərrəmov isə Azərbaycan elminə ağır itki üz verdiyini bildirib: “Nadir Seyidov döyük alim, böyük insan idi. O, Bakı Dövlət Universitetində təhsil alıb, zəhməti ilə böyük zirvəyə qalxıb”.
N. Seyidovun həmkarları və oğlu Vüqar Seyidov da mərhum alimin elmi yaradıcılığı haqda danışıblar.
Mərhum II Fəxri xiyabanda dəfn olunub.
***
saat 13.53
Bakı. Fərid Mirzəyev - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əsas binasında AMEA-nın həqiqi üzvü Nadir Seyidovla vida mərasimi keçirilir.
APA-nın xəbərinə görə, vida mərasimində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, mərhumun ailə üzvləri, həmkarları və digər şəxslər iştirak edir.
Mərhum alim bu gün II Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, AMEA-nın həqiqi üzvü Nadir Seyidov dünən 84 yaşında vəfat edib.
Dünya şöhrətli Azərbaycan alimi, yüksək molekulyar birləşmələr və neft kimyası məktəbinin korifeylərindən hesab olunan N. Seyidov 1932-ci il aprelin 28-də Naxçıvanda anadan olub.
O, Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirəndən sonra namizədlik, daha sonra doktorluq dissertasiyası müdafiə edib, ölkədə ən gənc elmlər doktorlarından biri olub.
1989-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib.
N. Seyidov “Əməkdar Elm Xadimi” adına layiq görülüb, “Şərəf” və “Şöhrət” ordenləri ilə, həmçinin “Amerika Şərəf medalı” ilə təltif edilib.
Alimin elmə verdiyi böyük töhfələrinə görə ona Prezident təqaüdü təyin olunub.