Bakı – APA. Polşanın paytaxtı Varşavada yeni diaspor təşkilatı təsis edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Varşava Texniki Universitetinin konfrans zalında keçirilən tədbirdə Azərbaycanın Polşadakı səfirliyinin nümayəndələri və azərbaycanlı gənclər iştirak ediblər.
Yaradılması ideyası tədbir iştirakçıları tərəfindən irəli sürülən bu təşkilatın "Polşadakı Azərbaycanlı Gənclər Şurası" adı altında fəaliyyət göstərməsi qərara alınıb. Sonra Şuraya sədr seçmək üçün səsvermə keçirilib və nəticədə əvvəllər Polşada diaspor fəaliyyəti ilə məşğul olan gənc azərbaycanlı tələbə Nail Əhməd sədr seçilib. Yaradılmış Gənclər Şurasının strukturu müəyyənləşdirilib, Rəsul Məmmədov və Nəsib İbrahimov müavin seçilib.
Sonra tədbir iştirakçıları çıxış ediblər, fikir mübadiləsi aparıblar. Yeni yaranmış Gənclər Şurasının Diasporla İş Üzrə Dövlət Komitəsi ilə, eləcə də Azərbaycanın Polşadakı səfirliyi ilə sıx əməkdaşlıq edəcəyi vurğulanıb.