Bakı – APA. Tarix elmləri doktoru Nəsiman Yaqublu bu günlərdə Almaniyada səfərdə olarkən azərbaycanlı legionerlərin məzarlarını ziyarət edib.
APA-nın xəbərinə görə, Münhen yaxınlığındakı Nyu-Ulm şəhərində yerləşən məzarlığı ziyarət edən N. Yaqublu məzarların fotolarını çəkib və onların yaxınlarına müraciət edib: “Bu qəbirlərə baxanda bəlkə kimsə öz yaxınını, qohumunu tapacaq. Adları təqdim edirəm:
1. Əli Yarıoğlu (15.05.1915 -17.06.1996);
2. Məhəmməd Sadıq (mayor, 15.01.1898 -20.02.1996);
3. Əşrəf Məhəmmədoğlu (Bakı, 1.01.1920 - 29.01.1962)”.
N. Yaqublu xatırladıb ki, sovet dövründə bu insanları vətən xaini kimi təqdim ediblər: “Lakin onların sovet rejimindən uzaqlaşma səbəbini açıqlamayıblar. Açıqlanmayıb ki, bu “satqın”ların sayı niyə 70 minə çatırdı? Bütövlükdə Sovet İttifaqında 1 milyondan çox insan bu addımı atmışdı. Deməli, səbəb başqa idi. Sovetlər Birliyini qəbul etməyən bu insanlar vətənlərini azad etmək və onu yenidən müstəqilliyə qovuşdurmaq üçün yollar arayır, müttəfiqlər axtarır və mücadilə edirdilər. Bu haqda 2002-ci ildə nəşr edilmiş “Azərbaycan legionerləri” kitabımda geniş yazmışam. Arzu edənlər kitabxanalardan və internetdən əldə edib faydalana bilərlər”.