Bakı. Fərid Mirzəyev - APA. Yanvarın 17-də Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 27 500-dən çox şagirdin iştirak etdiyi bu bilik yarışında məktəblilər 8 fənn üzrə öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə IX, X və XI sinif şagirdləri arasında keçirilib. Şagirdlərə təqdim olunan tapşırıqlar fənn kurikulumuna uyğun olaraq, qapalı test formatında hazırlanıb. 30-40 sualdan ibarət olan imtahanda şagirdlərə 3 saat vaxt verilib.
İnformatika fənni üzrə rayon (şəhər) mərhələsində iştirak etmək istəyən şagirdlər www.informatika.edu.azinternet səhifəsində qeydiyyatdan keçərək online müsabiqədə iştirak ediblər.
Rayon (şəhər) mərhələsinin nəticələri yanvarın 27-dək elan ediləcək.
Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, hər fənn və hər sinif üzrə ən azı 60 faiz nəticə göstərən ən yaxşı 3 şagird respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanacaq.