Rio de Janeyroda Bakı-2017 İslam Həmrəylik Oyunlarının təqdimatı keçirilib

Rio de Janeyroda Bakı-2017 İslam Həmrəylik Oyunlarının  təqdimatı keçirilib
# 07 avqust 2016 18:13 (UTC +04:00)

Bakı - APA. Rio de Janeyroda 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi oyunlarının təqdimat mərasimi baş tutub.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, 60-dan artıq qonağın iştirak etdiyi mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov, Rio Olimpiya oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov, rəsmilər, eyni zamanda İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, polkovnik Hamad Kalkaba Malboum, Nigerin baş naziri Ada Salissau, Qvineya-Bisaunun baş naziri Bakiro Dja, Malayziya, İndoneziya, Qvineya-Bisau, ÇAD, Qambiya, Fələstin, Suriya və digər islam ölkələrinin Milli Olimpiya Komitələrinin prezidentləri, baş katibləri, idmana məsul nazirləri iştirak ediblər.

A. Rəhimov Azərbaycanın bir sıra mötəbər idman yarışına yüksək səviyyədə ev sahibliyi etdiyini bildirərək, I Avropa oyunlarını, Formula 1 Grand Prix turnirini və digər Avropa, dünya çempionatlarını misal gətirib: “Daim dünyaya tolerantlıq nümayiş etdirən Azərbaycanın IV İslam Həmrəyliyi oyunlarını keçirməkdə məqsədi İslam dininin gözəlliyini, insanlar arasında dostluq, mehribanlıq münasibətlərini yaratmağı nümayiş etdirməkdir. 12 yarış günü ərzində 5000-dən artıq idmançı 20 idman növündə mübarizə aparacaq”.

Daha sonra IV İslam Həmrəyliyi oyunları haqda hazırlanmış film nümayiş olunub. Filmdə IV İslam oyunlarına hazırlıq prosesi, idman obyektləri haqqında məlumat və digər məqamlar əksini tapıb.

Filmin nümayişindən sonra sual-cavab bölümü olub. IV İslam Həmrəyliyi oyunlarına hazırlıq prosesi, akkreditə, idmançıların qalacağı yerlər, yarışların keçiriləcəyi idman obyektləri və digər məsələlərlə bağlı suallar A. Rəhimov tərəfindən cavablandırılıb, fikir mübadiləsi aparılıb. Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri paylanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR