Bakı. Etibar Məmmədov - APA. "A.M.A.Y." ticarət mərkəzinin sahibi Abdulla Abdullayevin vəkili Osman Kazımov mətbuat konfransı keçirib.
APA-nın məlumatına görə, O. Kazımov hüquqlarını müdafiə etdiyi şəxsə 13 il azadlıqdan məhrumetmə cəzasının verilməsini "qanunsuz" adlandırıb.
"Dəymiş ziyan ödənilsə də, hakim hökmdə ziyanın ödənilməsinin Abdulla Abdullayevə tətbiq olunmamasını yazıb. Digər şəxslər tərəfindən ziyanın ödənilməsi nəzərə alınır, ancaq Abdulla Abdullayevdə bu, nəzərə alınmır. Cinayət işinin materiallarında göstərilir ki, "Texnikabank"dan götürülmüş kredit tamamilə ödənilib. Sahibkarlığa Kömək Milli Fondunun nümayəndəsi də məhkəmə prosesində götürülən kreditin bir qisminin nəğd ödənildiyini bildirib. Bütün bunlara baxmayaraq, "Texnikabank"a və fonda borcla bağlı Baş Prokurorluğa müraciət edilib", - deyə vəkil bildirib.
Vəkil əlində olan sübutların Apelyasiya Məhkəməsinə təqdim ediləcəyini vurğulayıb.
O. Kazımov onu da qeyd edib ki, şikayətlərinə ədalətli baxılmayacağı təqdirdə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklər.