Bakı-APA. Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Qara Dəniz Universitetləri Şəbəkəsinin Baş katibi professor Eden Mamutu qəbul edib.
BANM ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, rektor Elmar Qasımov BANM-in 2013-cü ildən Qara Dəniz Universitetləri Şəbəkəsinin (BSUN) üzvü olduğunu xatırladıb, Ali Məktəbdə qısa müddət ərzində görülən işlər və islahatlardan danışıb. O, BANM-də tədris prosesi, tələbələr üçün yaradılan şərait və beynəlxalq əlaqələrdən söz açıb. BANM-in dünyanın müxtəlif aparıcı ali təhsil ocaqları, həmçinin beynəlxalq şirkət və qurumları ilə əlaqələrinin yaradılması, inkişafı və genişlənməsi istiqamətində işlərin görüldüyün bildirib.
Təmsil etdiyi qurum haqqında danışan qonaq Şəbəkənin Qara Dəniz İqtisadı Əməkdaşlıq Təşkilatının üzvü olan 12 ölkənin (Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Türkiyə, Ukrayna və s.) 100-dən artıq universitetini birləşdirdiyini xatırladıb. Təşkilatın Qara Dəniz Regionunda universitetlər arasında elmi əməkdaşlıq çərçivəsində əlaqələrin qurulması məqsədilə yaradıldığını nəzərə çatdıran Eden Mamut BANM-lə əlaqələrin genişləndirilməsi və gələcək inkişaf perspektivləri barədə danışıb.
Görüşdən sonra qonaq BANM-in yeni kampusunu ziyarət edib.
Qeyd edək ki, 2013-cü ilin noyabr ayının 7-8-də Qara Dəniz Universitetləri Şəbəkəsinin (QDUŞ) İcraçı Şurasının iclasında Bakı Ali Neft Məktəbi QDUŞ-un Nizamnaməsinin tələblərinə cavab verdiyinə görə bu Təşkilata üzv qəbul edilib. Qara Dəniz Universitetləri Şəbəkəsi Qara Dəniz İqtisadı Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının tövsiyəsi əsasında Qara Dəniz Regionu rektorlarının 1998-ci ildə Konsanta (Rumıniya) şəhərində keçirilmiş 2-ci konfransında təsis olunub.