Fransanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “Fransada investisiya ayı” çərçivəsində ölkənin investisiya imkanlarının təqdimatı keçirilib.
APA-nın məlumatına görə, mətbuat konfransı Fransanın “Business France” Dövlət Agentliyi ilə birgə təşkil edilib.
Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez bildirib ki, Fransa xarici investisiyanın həcminə görə Avropada birincidir. O deyib ki, ölkəsində güclü kadrların və infrastrukturun olması investisiyaların inkişafına şərait yaradır: “Fransa iqtisadiyyatı inkişaf etmiş və etməkdə olan ölkələrin investisiyalarını ölkəyə cəlb edir. Azərbaycan da bu sıradadır. Fransa Azərbaycan investisiyasının da cəlb olunmasında maraqlıdır. Bunun üçün gözəl şərait var, həm şirkətlərarası, həm də hökumətlərarası münasibətlər yüksək səviyyədədir. Fransa və Azərbaycan prezidentləri müntəzəm olaraq görüşürlər. Nazirlər səviyyədə də qarşılıqlı səfərlər olur. 2016-cı ildə 35 Fransa şirkətini təmsil edən nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Bu mübadilə hər iki ölkə üçün faydalıdır. Azərbaycan iqtisadiyyatı bir çox təcrübələr əldə edə bilər. Azərbaycanın böyük şirkətləri var. Onlar Azərbaycan iqtisadiyyatının diversifikasiyasında yaxından iştirak edirlər. Artıq bir neçə Azərbaycan şirkəti Fransaya investisiya qoyub. Xarici investorların Fransaya investisiya qoyması bizim üçün sərfəlidir. Bu, tək kapital axını deyil, həm də təcrübə axınını təmin edir. Fransada investisiya layihələri həyata keçirən Azərbaycan şirkəti Avropa bazarından istifadə etmiş olur. Fransa böyük platformadır. Avropa da böyük bazardır, 500 milyon istehlakçısı var”.
Sonra “Business France” Dövlət Agentliyinin nümayəndəsi Fransada investisiya üçün yaradılmış şərait barədə təqdimat edib.