Bakı. Könül Kamilqızı – APA. Bu gündən Təhsil Nazirliyi və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Məktəblinin dostu” seçilmiş gənclər üçün treninqlər başlayıb. APA-nın xəbərinə görə, 5 saylı peşə məktəbində təşkil olunmuş tədbirdə “Məktəblinin dostu” layihəsinin koordinatoru Rüstəm Ağayev bildirib ki, layihənin əsas vəzifələri müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılması olacaq. Onun sözlərinə görə, “Məktəblinin dostu” seçilən şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak etməlidirlər. Layihənin ilk mərhələdə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçiriləcəyini deyən R.Ağayev qeyd edib ki, gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur: “Məktəblinin dostu” olmaq üçün keçirilən müsabiqədə 21-30 yaş arasında olan 200 gənc uğur qazanıb. Bu gündən onlar üçün 1 aylıq treninqlə başlayır. Treninqlər Fövqəladə Hallar, Səhiyyə nazirlikləri, Asan Xidmət, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri tərəfindən keçiriləcək”.
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev vurğulayıb ki, treninqlərdə seçilmiş namizədlər iştirak edəcək və onlar “Məktəblinin dostu” olaraq təhsil müəssisələrində fəaliyyət göstərəcəklər: “Fövqəladə Hallar Nazirliyi insanların təhlükəsizliyinin təmin olunması ilə məşğuldur. Orta məktəblərdə də bu məsələ təbliğ edilməli və uşaqlara izah olunmaldıır. Təhlükəsizlik qaydalarına düzgün riayət edildikdə fəlakətlərin 80%-nin qarşısını almaq olar”.
Asan Xidmətin İnsan Resursları və Təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev bu layihənin Təhsil Nazirliyi ilə birgə keçirilən 3-cü layihə olduğunu deyib. Onun sözlərinə görə, layihənin fəaliyyətinin genişləndirilməsi və bu sahədə faydalı mexanizmin yaradılması üçün direktorlar da lazımi köməklik göstərməlidir.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimin müavini Murad Mirzəzadə vurğulayıb ki, bu layihə məktəblilər üçün önəmlidir. O bildirib ki, hər bir “Məktəblinin dostu” təcili yardım gələnə qədər lazımi ilkin tibbi yardım göstərməyi bacarmalıdır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva isə qeyd edib ki, hər bir məktəbin həmişə əlavə köməyə ehtiyacı var: “30 məktəbdə fəaliyyət göstərəcək məktəblinin dostlarına bütün lazımi köməkliklər göstəriləcək. Hər bir məktəb qanunvericilik və vahid nizamnamə əsasında fəaliyyət göstərir. İnanırıq ki, hər bir “Məktəblinin dostu” da bu sənədləri əsas götürərək öz işlərini icra edəcəklər”.