İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru və İslam Dünyası Universitetləri Federasiyasının (FUIW) prezidenti Əbdüləziz bin Osman əl-Tüveycri Bakı Ali Neft Məktəbinin (BANM) yeni açılmış kampusunda olub.
BANM-dən APA-ya bildirilib ki, Ali Məktəbin şəhərciyi haqqında qonağa ətraflı məlumat verən rektor Elmar Qasımov şəhərciyin müasir və yüksək tələblərə cavab verdiyini deyib. O qeyd edib ki, bu il mayın 1-də prezident İlham Əliyevin iştirakı ilə Ali Məktəbin yeni tikilmiş kampusunun açılışı keçirilib.
Rektor vurğulayıb ki, BANM tədrisin keyfiyyətini yüksəltmək və mütəxəssis hazırlığı sahəsində beynəlxalq əlaqələrinin genişləndirilməsinə böyük önəm verir. Bu məqsədlə bir çox ölkənin müvafiq qurumları və iri şirkətlərlə əməkdaşlıq müqavilələri imzalanıb. Onların sırasında İslam Dünyası Universitetləri Federasiyasının adı da var. Ali Məktəbin rektoru ölkəmizdəki mövcud tolerant mühit barədə qonağa ətraflı məlumat verib. Bildirilib ki, bu gün Azərbaycanda dinlərarası münasibətlərdə tolerantlığın ən yüksək səviyyəsi mövcuddur.
Əbdüləziz bin Osman əl-Tüveycri də Azərbaycanda təhsilə dövlət qayğısından məmnunluğunu ifadə edib. O bildirib ki, ali təhsil müəssisəsi - təkcə müasir korpus və yeni avadanlıqlardan ibarət deyil, burada hər şeydən əvvəl pedaqoji və elmi mütəxəssisləri ilə fərqlənmək lazımdır. Bu baxımdan BANM Azərbaycanın ən yaxşı professor və alim heyətinə malik olduğuna görə fəxr edə bilər: “Biz İslam Dünyası Universitetləri Federasiyasının neft sektoruna həsr olunmuş növbəti beynəlxalq konfransını Ali Məktəbin yeni kampusunda keçirəcəyimizə dair rektor Elmar Qasımovla razılığa gəldik”.