Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin IV rübündə “Qafqaz İnkişaf Bankı”nın aktivlərinin həcmi 164,184 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 11,67% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 18,98% artaraq 162,040 mln. manat olub.
2015-ci ildə bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi 2014-cü ilin analoji dövrü ilə müqayisədə 3,36 dəfə artaraq 6,910 mln. manat olub.
2016-cı il yanvar ayının 1-nə bankın istehlak kreditlərinin həcmi 37,811 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin eyni dövründəki göstəriciyə nisbətən 89,63% çoxdur.
Hesabat dövründə bankın ipoteka kreditlərinin həcmi 2,831 mln. manat olub ki, bu da 57,79% artım deməkdir və kreditlərin hamısı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.
Bankın depozit portfeli hesabat dövrü ərzində 50,68% artaraq 12,287 mln. manat təşkil edib. Əhalinin əmanətlərinin həcmi isə 11,586 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 46,49% çoxdur.
Bir il ərzində bankın məcmu kapitalı 1,68% azalaraq 59,794 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 60 mln. manat təşkil edib.
Hesabat dövründə bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 14,04% artaraq 17,061 mln. manat, xərcləri isə 16,51% artaraq 17,135 mln. manata çatıb.
2015-ci ili bank 673 min 800 manat zərərlə başa vurub.
Hazırda bankın ölkə üzrə 2 filialı, 1 bankomatı, 4 POS-terminalı fəaliyyət göstərir.