Bakı. Vüsal Nəbiyev – APA-Economics. Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Rusiya Federal Gömrük Xidmətinin “Domodedovo” Hava Limanı Gömrük İdarəsinin əməkdaşları ilə işçi görüşü keçirilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Dövlət Gömrük Komitəsi Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və aidiyyatı qurumların nümayəndələri, “Domodedovo” Hava Limanı Gömrük İdarəsinin rəis müavini Marat Murtuzəliyev, “Domodedovo” Hava Limanı Gömrük İdarəsinin yük şöbəsinin rəisi Sergey Aliferov və həmin şöbənin gömrük müayinəsi bölməsinin rəisi Dmitriy Lefter iştirak edib.
Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev Azərbaycan gömrüyündə həyata keçirilən islahatlar, tətbiq olunan innovasiya lahiyələri, VAİS sistemi və “bir pəncərə” prinsipi barədə qonaqları məlumatlandırıb.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev rəhbərlik etdiyi qurumun fəaliyyəti, ölkəmizdəki hava limanları barədə qonaqlara məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.
Görüşün 1-ci günündə sərnişinlər tərəfindən daşınan yüklərə gömrük nəzarətinin və gömrük əməliyyatlarının həyata keçirilməsi, gömrük nəzarəti zamanı ilkin məlumatların istifadəsi, sərnişinlər haqqında ilkin məlumatların dəyərləndirilməsi mövzusunda ətraflı fikir mübadiləsi aparılıb, qonaqlar Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sərnişin şöbəsinin fəaliyyəti ilə tanış olublar.
Sentyabrın 20-də isə “Domodedovo” Hava Limanı Gömrük İdarəsinin rəsmiləri ilə əvvəl hava nəqliyyatı ilə daşınan mallarla bağlı gömrük əməliyyatları və yoxlamalarının təşkili məsələləri müzakirə ediləcək, daha sonra isə nümayəndə heyəti Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin yük şöbəsinin fəaliyyəti ilə yaxından tanış olacaq.