Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Silk Way West Airlines" şirkəti Bakı və ABŞ-ın ən böyük nəqliyyat qovşağı – Çikaqo şəhəri (İllinoys ştatı) arasında birbaşa yük hava əlaqəsi açıb.
Şirkətinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanından “O'Hare” Beynəlxalq Hava Limanına ilk reys sentyabrın 18-də yerinə yetirilib.
Cari ilin oktyabr ayından başlayaraq "Silk Way West Airlines" şirkətinin bu marşrut üzrə müntəzəm transatlantik uçuşları həftədə iki dəfə olmaqla ən müasir yük təyyarələrindən biri “Boeing 747-8F Freighter” təyyarəsi ilə yerinə yetiriləcək.
Beləliklə, aviaşirkət ABŞ yük daşımaları bazarında iştirakını daha da genişləndirəcək.
Qeyd edək ki, cari ilin 6 aprelində Azərbaycan və ABŞ hökumətləri iki ölkə arasında hava daşımaları bazarının liberallaşdırılmasına imkan verən "Open Skies" hava nəqliyyatı haqqında saziş imzalanıb.