Fikrət Yusifov: “Qərb Rusiyanın tamamilə çökməsində maraqlı deyil”

Fikrət Yusifov: “Qərb Rusiyanın tamamilə çökməsində maraqlı deyil”
# 19 dekabr 2014 10:31 (UTC +04:00)

Bakı - APA-Economics. Rusiyada baş verənlər son günlər mətbuatda dramatikləşdirilərək ictimaiyyətə təqdim olunur. Düzdür, kimsə iddia edə bilməz ki, Rusiyadakı vəziyyət ürəkaçandır. Ancaq vəziyyəti “son hədd” səviyyəsində təqdim etməyə tələsmək lazım deyil”.

APA-Economics”in məlumatına görə, bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov Rusiyanın iqtisadi vəziyyətindən dolayı yaranmış situasiyanın vəd etdiyi perspektivləri şərh edərkən deyib.

F.Yusifov hesab edir ki, Rusiyadan həmyerlilərimizin kütləvi köç edəcəkləri ilə bağlı həyəcan təbili çalmağa ehtiyac yoxdur: “Bəzi müəlliflər daha da irəli gedərək yaxın zamanlar ərzində Rusiyada yaşayan həmyerlilərimizin 60-70%-nin geriyə qayıdacağını, onların sayının 1 milyonu ötəcəyini yazırlar. Bir başqaları isə bununla bağlı hökuməti təcili tədbirlər görməyə, həmin insanların iş qurmaları üçün hansısa fondlar yaratmağa səsləyirlər. Bu cür təşvişə heç bir əsas yoxdur. Ölkəmizdə hər bir insanın mövcud qanunlar çərçivəsində özəl fəaliyyətlə məşğul olması üçün hər bir şərait var. Eyni zamanda, ölkəmizdə sahibkarlığın inkişafına dövlət səviyyəsində hər cür dəstək verilir. Biz bir qədər öncə mətbuatda Rusiyada yaranmış böhranla bağlı fikirlərimizi açıqlamışdıq. Demişdik ki, Rusiyada yaranmış vəziyyətlə bağlı oranı ilk növbədə “mövsümi işlərə” gedənlər tərk edə bilər. Bu gün də inanmırıq ki, illərlə Rusiyada özünə iş qurub, yer eləmiş insanlar orada yaranmış müvəqqəti çətinliklərə dözməyib hər şeylərini atıb kütləvi şəkildə Azərbaycana üz tutacaqlar. Yeri gəlmişkən, uzun müddət Rusiyada yaşadığım üçün oradakı bir çox həmyerlilərimizlə əlaqələrim var. Onlar müxtəlif təbəqələrə aid olan insanlardır. Onlarla tez-tez əlaqə saxlayıb vəziyyətin necə olduğunu birbaşa öyrənə bilirəm. Əsl həqiqət budur ki, o insanlar yaranmış çətinliklərin katastrofik bir həddə olması fikrindən uzaqdırlar. Bəli, baş verən iqtisadi və maliyyə böhranı şəraitində bir çox problemlər mövcuddur, ancaq oradakı həmyerlilərimiz bunu müvəqqəti çətinliklər kimi dəyərləndirərək vəziyyəti bizim mətbuatda çıxış edən bəzi yazarların göstərdikləri kimi dramatikləşdirmirlər. Unutmayaq ki, son 15-20 il ərzində Rusiya eyni iqtisadi və maliyyə böhranını bir neçə dəfə yaşayıb və sonda onu arxada qoya bilib”.

Mətbuatda Qərbin Rusiyanı “acların inqilabına qədər sürükləyəcəyi” barədə fikirlərinə gəlincə BİAB sədri hesab edir ki, bu qənaətlərin əsası yoxdur: “Bu fikirdə olanlar bilməlidirlər ki, Qərb heç bir halda Rusiyanın tamam çökməsinin və orada vətəndaş qarşıdurması ilə müşayiət oluna biləcək xaosun yaranmasına getməyəcək. Bu, Qərbin Rusiyaya olan böyük sevgisindən irəli gəlmir. Həqiqət budur ki, bu, Qərbə əsla lazım deyil. Rusiyada 1998-ci ildə baş verən defolt onu demək olar ki, tamam çökdürmüşdü. O zaman ölkə əsil xaosun bircə addımlığına gəlib çatmışdı. Əgər həmən dövrdə ABŞ-ın və Avropanın ciddi təsir dairəsində olan beynəlxalq maliyyə institutları Rusiyaya maliyyə yardımları etmək qərarı verməsəydilər, bu ölkənin dövlətçiliyi böyük bir təhlükə altında qala bilərdi. İndi sual olunur, Rusiyanı heç zaman sevməyən Qərb həmin vaxt özü üçün yaranmış bu “tarixi şansdan” nə üçün istifadə edib onun axırına çıxmadı? Qərb nədən qorxdu onda? Cavab birdir. Qərb Yuqoslaviya variantının daha geniş və daha təhlükəli bir formada təkrarlanmasından çəkindi. Sivil Avropa təkcə Yuqoslaviyanın dağıdılmasından sonra aldığı acı dərsləri çətin ki, unutmuşdu. Yuqoslaviyanın süqutundan sonra oradan Avropanın “birinci sinif” ölkələrinə üz tutmuş qaçqınlar bu ölkələrdə mövcud olan “standart” ab-havanı bəs deyincə geriyə sürükləyə bilmişdilər. Əgər nəzərə alınsa ki, “sivil dünyanın tələblərı” baxımından Rusiya insanının psixoloji durumu Avropanın mərkəzinə daha yaxın olan keçmiş Yuqoslaviya ərazisində yaşayan insanların psixoloji durumundan qat-qat geridə qalır, onda Rusiyadan gələ biləcək və say etibarilə on milyonlarla ölçüləcək potensial qaçqın axınının sivil Avropanı necə öz ayaqları altına alacağı dəhşətli bir səhnə kimi göz önündə canlanır. Bax, budur Qərbi bu gün də narahat edən məsələ... ABŞ-a və Avropaya Rusiyanın qəfil çökməsi iki səbəbdən lazım deyil. Birinci məsələni yuxarıda yetərincə izah etdik. İkinci məsələ isə ondan ibarətdir ki, Rusiya bu gün dünyada atom silahı olan ikinci böyük dövlətdir və bu özü Qərb üçün ikinci böyük təhlükədir”.

F.Yusifovun fikrincə, Qərb Rusiyanı danışıqlar masasına çəkməyə çalışır və buna nail olana qədər təzyiqlərini davam etdirəcək: “Bu gün Qərb öz qarşısına Rusiyanı qısa vaxt ərzində çökdürüb orada xaos, vətəndaş qarşıdurması yaratmağı deyil, sadəcə sanksiyalar vasitəsilə onu danışıqlar masasına oturtmağı məqsəd qoyub. Bax, Qərb Rusiyanı sanksiyalarla və başqa təzyiq vasitələri bu istəyinə nail olana qədər “qovacaq”. Qərb əvvəldə dediyimiz iki səbəbdən bu çökmənin qəfil deyil, tədricən baş verməsini arzulayır. Bu isə o qədər də asan məsələ deyil. Bəzən rinqdə bir səhv üzündən noqdauna düşmüş bir döyüşçü vaxt keçdikcə özünə gəlib sonradan rəqibini nokaut da sala bilir...”

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR